Günahsız müqəssirlər

 

Ötən əsrin əvvəllərində və sovet hakimiyyətinin ilk illərində yaşamış, həyatını xalqının milli azadlığı uğrunda mübarizəyə qurban vermiş vətənpərvər şair, publisist, ədəbiyyatşünas Əlabbas Müznibin anadan olmasının 130 illiyi tamam olur. Onun həyat yolu Azərbaycan xalqının taleyini əks etdirən ibrətamiz hadisələrlə zəngindir. 85 il əvvəl yazdığı bir şeiri bu gün də öz aktullığı ilə diqqət çəkir.

 

Cahanda hər kəsin rəhnümasıdır tarix,

Əsiri-zülməti-qəhrin ziyasıdır tarix,

Hüquqi səlb olunan millətin bu gün məncə,

Hünərli, qüvvətli tək bir xüdasıdır tarix.

 

Əlabbas Mütalib oğlu Əhmədov (bəzi mənbələrdə Mütəllibzadə) 1882-ci ildə Bakıda anadan olub. Öz ata babasının şəcərəsi haqqında şəxsi anketində belə yazıb: "Atam Mütəllib, babam Əhməd Ələsgər oğlu, Ələsgər Yusif oğlu, Yusif Novruzəli oğludur".

Atası Mütəllib kişi daşyonan olub. Bu səbəbdən də Əlabbas uşaqlıqda heç bir xüsusi təhsil görməmişdir. Özü də mollaxanada oxumuşdur. Burada da sonadək davam gətirə bilməmişdir. On yaşında olarkən Bakıda tüğyan edən vəba xəstəliyi onları məcbur edib ki, Abşeron bağlarına köçsünlər. Bu səbəbdən də təhsili yarımçıq qalıb. Çox erkən həyatın ağırlıqlarını çiyninə götürüb. Əvvəl baqqal dükanında, sonralar xarrat, araba düzəldən və dəmirçi yanında şagird işləyib. Fitri istedadı sayəsində yazı işlərinə meyil göstərib. O vaxt İçərişəhərdə "Məcmüəüş-şüəra" adlı şeir məclisi fəaliyyət göstərirdi. Bakılı şairlər bir araya gələrək şeirlərini oxuyur və müzakirə edərdilər. Əlabbas da vaxt tapan kimi bu məclislərə gələrdi. Elə ilk klassik poeziya nümunələrini də o vaxtdan yazmağa başladı. Özünə "Müznib" təxəllüsünü seçmişdi. Ərəb sözü olub "günahkar, müqəssir" mənasındadır. Qəribə də olsa, bu imza ilə Əlabbasın şəxsi həyatı arasında çox sıx bir bağlılıq vardı. Əlabbas Müznib haqqında araşdırma aparan ədəbiyyatşünas alim İslam Ağayev yazırdı: "Elə bil ki, hələ yaradıcılığının ilk çağlarında taleyin onun adına yazmış olduğu cəza hökmünü Əlabbas qabaqcadan bilirmiş. Buna görə də özünə belə bir əbədi təxəllüs seçmişdir".

Onun ilk yazıları "Şərqi-Rus" qəzetində çap edilirdi. 1903-1905-ci illərdə Tiflisdə çıxan "Şərqi-Rus"un böyük maarifçilik ideyalarının təsiri altında formalaşan Əlabbas Müznib sonralar Azərbaycan milli azadlıq hərəkatının banilərindən olan Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun nəşr etdirdikləri "Həyat" qəzeti ilə əməkdaşlıq edirdi. Eləcə də 1906-cı ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı da Əlabbas Müznibin həyatında əsl məktəb rolunu oynadı. Bununla bərabər, bu irfan sahibi dövrünün tanınmış ziyalıları və maarifçiləri ilə dostluq etməyi çox sevirdi. Seyid Hüseyn, Abbasqulu Kazımzadə, Məmməd Əmin Rəsulzadə, Məmmədəli Rəsulzadə, Kərbəlayi Vəli Mikayılov kimi milli düşüncəli insanlarla oturub-durardı. 1910-cu ildə Əlabbas Müznibin "Şeyx Bəhlul" adlı kitabı çapdan çıxdı. Hüseyn Sadiqin (Seyid Hüseyn) naşirliyi ilə çap edilən "Şihabi-saqib" jurnalının əsas müəlliflərindən biri də məhz Əlabbas Müznib idi.

Əlabbas Müznib həyatı boyu öz ictimai ideyalarına görə üç dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olunmuşdur. Birinci dəfə 1912-ci ildə çar hökuməti onu xalqı milli azadlıq qiyamına çağıranlar sırasında Sibirə ömürlük sürgün etmişdir. O, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə əfv qərarına düşdü. Sürgündən qayıtdıqdan sonra yenə də Hüseyn Sadiqin redaktor olduğu "İqbal" qəzetinin müəlliflərindən birinə çevrildi. Ə.Müznib ikinci dəfə dini fanatizmi tənqid etməsi üstündə Bakı ruhanilərindən Şeyx Qəninin ölüm fitvasına məruz qalmışdı. Doğrudur, bu fitva o zaman baş tutmadı. Əlabbas Müznib üçüncü dəfə daha ağır cəza hökmünə -repressiyaların caynağına ilişdi və o, taleyini bu haqsızlıqdan qurtara bilmədi. "Burjua millətçisi", "pantürkist" və "panislamist" təbliğatçısı kimi damğalanaraq Sibirə göndərildi. 1938-ci ildə elə sürgündə də dünyasını dəyişdi. Ədəbi ictimaiyyətə "Müqəssir" imzası ilə atılan Əlabbas Müznib ömrünü müqəssir kimi də başa vurdu. Təbii ki, repressiyaların zülmünə tuş gələnlərin hamısı günahsız müqəssirlər idi. Bu yerdə bir məsələni də xatırladaq ki, Əlabbasın kiçik qardaşı Əmin Abid də Müznibin naşiri və redaktoru olduğu "Dirilik", "Babayi-Əmir" jurnallarında çalışıb. "Gültəkin" təxəllüsü ilə qəzetlərdə, jurnallarda şeirləri dərc edilirdi.

 

 Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

 

misraları ilə başlanan məşhur şeirin müəllifi olan Əmin Abid gənclik illərində heca vəznində şeirlər yazardı. Onun bədii yazıları "Yeni Qafqaz", "Azəri türk", "Odlu yurd" jurnallarında dərc edilirdi. Əmin Abid Bakı Dövlət Universitetində də dərs deyib. O, "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayati-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi" kimi onlarca elmi əsərin, monoqrafiyanın müəllifi idi. Əmin Abid də qardaşı kimi 1937-ci il repressiyasının qurbanı oldu.

Əlabbas Müznib bütün yaradıcılığını həmişə bir məqsədə - vətənin və millətin azadlığı mübarizəsinə həsr edib. Tədqiqatçılar yazıblar ki, Əlabbas Müznibin "Molla Nəsrəddin" jurnalına bağlılığı böyük satira ustası Mirzə Ələkbər Sabirlə şəxsi tanışlığı ilə əlaqədardır. O, Ələkbəri çox sevirdi, onun satiralarını oxuyub təsirlənirdi, özü də Sabir ruhunda şeirlər yazırdı. Onların arasındakı yaradıcılıq əlaqələri tezliklə əqidə dostluğuna çevrildi. Hətta Əlabbas Müznibin Sabirə həsr etdiyi bir neçə şeiri də olub. Müznib Sabiri "cahanə-şərəfəfza" kimi qiymətləndirirdi. Onun uğurlu satiraları əsasən 1909-1910-cu illərdə "Zənbur" jurnalında çıxıb. O, bu jurnallarda gizli imzalarla çap olunurdu. İslam Ağayevin fikrincə, Azərbaycan mətbuatında ən çox gizli imzalı müəlliflərdən biri məhz Əlabbas Müznib olub. Tədqiqatçı Qulam Məmmədli də Müznibin müxtəlif mətbuat orqanlarında gizli imzalarla dərc edildiyi haqqında məlumat verib. Əlabbas Müznibin əsas gizli imzaları onun redaktoru olduğu "Zənbur" (1908-1910) və "Babayi-Əmir" (1914-1916) jurnallarıdır. "Zənbur"da əsas imzaları "Vaq-vaq cinani", "Lagər", "Azər", "Arıq", "Babayi-Əmir"də isə "Babayi-Əmir", "Qəsim" və "Nəsim" olub. Bununla bərabər, dövri mətbuatda "Bərq" və "Bəriqə" imzaları ilə satiraları çap edilib.

Sabirə böyük hörməti və məhəbbəti olan Əlabbas Müznib onun təsiri ilə yazıb yaradırdı. Bununla bahəm, qələmindən elə şeirlər çıxırdı ki, Sabirin özü də Əlabbas Müznibin təsirinə düşürdü. İlk dəfə "Zənbur"da Əlabbas Müznibin "Dilənçi" şeiri çap edildi. Bu satira gənc şairin o dövrdə ilk bədii tapıntısı idi. İctimaiyyət arasında böyük uğur qazandı. Əlabbas Müznib yazırdı:

 

Etsən nə qədər naləvü-əfqan, a dilənçi,

Bir zərrə verilməz sənə ehsan, a dilənçi.

Ar eylə! Utan! Bari bir, ey mülhədi-kafir!

Xəsmin ola ol xaliqi-sübhan, a dilənçi!

Kəssin səni həm həzrəti-sübhan, a dilənçi!

 

Maraqlıdır ki, çox az sonra böyük satira ustası Mirzə Ələkbər Sabir də Müznibin bu şeirinə özünün eyniadlı bənzətməsini qələmə aldı. O, bu satiranı daha ritmik şəkildə kəskinləşdirdi:

 

 Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Vaqqıldama bayquş kimi, idbar dilənçi!

 

Əlabbas Müznib tərcümə ilə də məşğul olurdu. Onun birinci dəfə sürgünə göndərilənə kimi bir neçə tərcümə kitabı çapdan çıxmışdı. Əsasən farscadan dilimizə tərcümələr edirdi. Bunların içərisində "Molla Nəsrəddin məzhəkəsi", "Əlif Leyla", "Şeyx Bəhlul", "Muxtarnamə" və başqa kitablar ondan yadigardır.

1910-cu ildə Əlabbas Müznibin redaktorluğu ilə "Hilal" adlı qəzet çap edilib. Üzərində türkçülük və islamçılıq rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın 18-də işıq üzü görüb. Təəssüf ki, həftədə bir dəfə nəşr olunan bu qəzet özünün kəskin siyasi mövqeyinə görə çar senzurası tərəfindən bağlanılıb. Bununla razılaşmayan Əlabbas Müznib icazəsiz olaraq dekabrın 25-də qəzetin ikinci nömrəsini çap etdirib. Kəskin çıxışına görə qəzetin bütün nömrələri polis tərəfindən müsadirə olunub. Redaktoru haqqında isə cinayət işi açılıb. Əqidəsindən və mübarizəsindən dönməyən Əlabbas Müznib 1911-ci ilin yanvarında yenidən "Hilal" qəzetini çıxarmağa nail olub. Həmin qəzetdə "Binəva islam" adlı məqaləsində xalqının ağır vəziyyətini qələmə alaraq oxucusuna bir sıra həqiqətləri deməyə çalışıb. Bu qəzetin də cəmi üç nömrəsi çıxıb. Yenidən polisin müdaxiləsi nəticəsində qəzetin nəşri dayandırılıb. İnadından dönməyən Əlabbas Müznib "Hilal"ın ideya xəttini eynən davam etdirən "Şihabi-saqib" adlı bir jurnal çıxarmağa başlayıb. Qəzetdə olduğu kimi, burada da çar zülmünə qarşı etirazlar öz əksini tapırdı. O, bu jurnalın səhifələrində vətənin və millətin ağır vəziyyəti ilə əlaqədar yazılar dərc etdirirdi. Az keçmir ki, mart ayında jandarmalar Əlabbas Müznibin evinə basqın edərək axtarışlar aparır, jurnalın nəşrini dayandırır, özünü də həbs edirlər. Məhkəmə ona 15 gün həbs, 25 manat cərimə elan etsə də, Əlabbas Müznib Bayıl həbsxanasında 25 gün qalır. Heç bir təzyiq və təqib onu milli maarifçilik ideyalarından döndərə bilmir.

1914-cü ildə Əlabbas Müznib "Dirilik" jurnalının nəşrinə nail oldu. Bu mətbu orqanı yaratmaqda məqsəd Azərbaycan türk millətinin siyasi şüurunu formalaşdırmaq, onda milli müstəqillik inamını yaratmaq idi. Elə bu ideyaya görə də o, nəşr etdiyi jurnala "Dirilik" adı verib. İslam Ağayev yazırdı: "Jurnalın əsas müəllifi Ə.Müznib özü idi. O, bu jurnalda poetik əsərlərlə yanaşı, tarixə, ədəbiyyatşünaslığa, siyasətə, fəlsəfəyə və s.-ə aid yazılar çap edir. Jurnalda onlarca imzasız yazıların da onun qələminə məxsus olduğunu hələ ilk müşahidədən görmək olar". Beləliklə də, "Dirilik"in nəşri Azərbaycanın ictimai-siyasi həyatında bir oyanış yaratdı. Ondan bəhrələnən həmkarları "Açıq söz" qəzetini nəşr etdirdilər. "Dirilik" jurnalı 1916-cı ilin sentyabrında nəşrini dayandırsa da, Əlabbas Müznib fəaliyyətini həmişəki qaydada davam etdirdi. O, bu dəfə bir qədər tədbirli tərpənmişdi. 1915-ci ilin aprelində "Babayi-Əmir" adlı bir satira jurnalı çıxarmağa başlamışdı. Xalqımızın ağır sosial həyat tərzini bu jurnalın səhifələrində satiraları ilə təsvir edirdi. O, ictimai bəlalara qarşı qətiyyətlə mübarizə aparırdı. 1915-ci ildə erməni-daşnak qırğınları nəticəsində Türkiyənin Qars vilayətində baş verən talanlar səbəbindən qaçqın düşmüş insanlara əl uzadanlar içərisində Əlabbas Müznibin də adı var idi. O, redaktoru olduğu "Babayi-Əmir" jurnalında "Qardaş köməyi" adlı bir yazı çap etdirdi. "Dirilik"dən bir ay sonra "Babayi-Əmir"in də nəşri dayandırıldı.

1918-ci ildə Bakıda ermənilərin törətdiyi qırğınlarla bağlı Əlabbas Müznib "Mart hadisələri" adlı bir kitabça da çap etdirib. Türkiyədən Bakıya erməni-bolşevik qırğınlarının qarşısını almaq üçün gəlmiş hərbi dəstələrin komandanlığı idarəsində katib işləyən Əlabbas Müznib "Ənvər Paşa" adlı kitabçasında  Azərbaycanda əmin-amanlıq bərpa etmiş türk generalının şücaətini qələmə alıb. O dövrdə Əlabbas Müznib artıq Azərbaycan Demokratik Respublikasının ideyalarının böyük təbliğatçılarından sayılırdı. Dövrünün fikir və əqidə xadimləri kimi tanınırdı. 1919-cu il mayın 28-də Azərbaycan Milli Hökumətinin birillik yubileyi günlərində "Azərbaycan" qəzetində onun "Azərbaycan istiqlalı" adlı məqaləsi çap olunur. O illərdə Əlabbas Müznibin "Azərbaycan" qəzetində bir neçə şeiri və publisistik məqaləsi də çap olunub. Xalq Cümhuriyyətinin möhkəmlənməsi uğrunda sidq ürəklə çalışan Əlabbas Müznib o dövrdə yazdığı şeirlərin birində deyirdi:

 

Gəl ey bülbül, bahar gəldi,

Nə ağlarsan, nə sızlarsan.

Mövsümi-laləzar gəldi,

Nə ağlarsan, nə sızlarsan.

 

Təəssüf ki, cümhuriyyətin süqutu onun bu ovqatına da ağır durumlar gətirdi. 1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi. O dövrdə Azərbaycan bolşevik hökumətinə Nəriman Nərimanovun rəhbərlik etməsi yazıçı və şairlərdə bir inam hissi oyatdı. Çünki bütün həyatını xalqının maariflənməsinə həsr edən insana inanmamaq qeyri-mümkün idi. Bu səbəbdən Seyid Hüseyn, Cəfər Cabbarlı, Əbülrrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Əli Razi Şamçızadə kimi sənətkarlarla yanaşı, Əlabbas Müznib də kommunistlərlə çiyin-çiyinə işləməyə başladılar. Hətta arada o, Qarabağ üzrə fövqəladə komissar təyin edilmiş Dadaş Bünyadzadə ilə birlikdə Şuşaya gedir. O, burada bir mətbəə də təşkil edib. Qarabağın bu füsunkar şəhəri Əlabbas Müznibi valeh edir. O, Şuşada qalmaq istəsə də, tezliklə onu Bakıya çağırırlar. "Azərbaycan füqərası" və "Azərbaycan... refkomunun xəbərləri" adlı qəzetlərə redaktor təyin olunur. 1921-1922-ci illərdə Əlabbas Müznib "Kommunist" qəzetində də publisist kimi çıxış edir. Məqalələrlə yanaşı, şeirlər çap etdirən Əlabbas Müznib Qubada mətbuat işləri üzrə müdir də işləyir. O, burada iki ilə yaxın yaşayaraq "Azərbaycan füqərası" qəzetinə rəhbərlik edir. Sonralar mətbəədə baş verən qəza nəticəsində bir gözündən zədə alan Ə.Müznib müalicə məqsədilə Bakıya qayıdır. 1924-1926-cı illərdə onun bir sıra qəzetlərdə felyetonları nəşr edilir. Qəflətən - 44 yaşında ikən onu təqaüdə göndərirlər. Yaradıcılığının qaynar çağında ona belə bir münasibətin bəslənilməsi təsadüfi deyildi. İslam Ağayevin araşdırmasına görə bu, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın Rusiya şovinistlərində doğurduğu vahimə ilə bağlıdır. Sovetlər İttifaqının türkoloji ziyalılarının həm də düşüncələrini öyrənmək məqsədilə çağırılmış bu qurultayda Əlabbas Müznib də iştirak edirdi. Onun alimlərlə söhbət etməsi, türksoylu alimlərə diqqət göstərməsi nəzərdən qaçmırdı. Bir sözlə, Əlabbas Müznib ciddi nəzarət altında idi. Hətta onun adını "Vahid türk dövləti" yaratmaq arzusunda olanların qara siyahısına salmışdılar. O, "təqaüdə çıxarılsa" da, ədəbiyyatşünas kimi fəaliyyətini davam etdirirdi. 1936-cı ildə həbs edilənə kimi, yəni, on il ərzində zəngin bir elmi irs yaratdı. Onun bu qeyri-adi fəaliyyətini Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindəki 387 adda olan sənədlərdən açıq görmək olar. Bəzilərinin adlarını yazmaq kifayətdir ki, bu çoxcəhətli yaradıcılığa malik olan ədəbiyyatşünasın, publisistin, şairin, tərcüməçinin, ictimai xadimin yaradıcılığından dolğun məlumat əldə edilsin: Azərbaycan ədəbiyyatı klassiklərindən Vaqif, Vidadi, Nəbati, Vazeh, Zakir, Nitqi, N.Şirvani, S.Ə.Şirvani, Şuxi, Natəvan, Nadim, Nəvvab və onlarca başqa şairlər haqqında elmi axtarışlar aparıb. Təkcə Azərbaycan ədəbi irsinin deyil, İran-tacik ədəbiyyatı klassiklərinin də həyat və yaradıcılıqlarını tədqiq edib, Şərq tarixi ilə maraqlanıb, fironlar və Misir ehramları barədə qədim mənbələri öyrənib. Bununla yanaşı, öz müasirləri Səməd Mənsur, Fərhad Ağazadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir və onlarca başqaları haqqında məlumatlar toplayıb.

1936-cı ilin dekabrında - müdhiş bir gecədə şairin evində axtarış aparıldı və həbs edildi. İstintaq 1937-ci ilin iyununda başa çatdı. Müznib burjua millətçi qəzet və jurnallarda panislamist ideyalar təbliğ etməsinə, sovet hökumətinin əleyhinə iş aparmasına, Şaumyana böhtan atmasına, türk Osmanlı qoşunlarının Bakıya gəlməsini alqışladığına görə ittiham olunaraq Sibirə sürgün edildi. Ürəyi şər və böhtanlara dözməyərək 1938-ci ildə dayandı. Bəraəti isə 1955-ci ildə aldı.

İstər Əlabbas Müznibin, istərsə də qardaşı Əmin Abidin Azərbaycan mətbuatında, ədəbiyyatında böyük xidmətləri var. Yaradıcılıqlarının ən qaynar çağlarında repressiya caynaqlarına ilişən bu qardaşlar dövrün günahsız müqəssirləri idilər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 7.