Astanada keçirilən beynəlxalq forumda mədəniyyətlər arasında dialoqun və tolerantlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

 Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi və MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (HƏDF) təşəbbüsü ilə Astanada "Yeni dünyada Avrasiya mədəniyyəti" mövzusunda beynəlxalq forum keçirilmişdir.

Forumda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin mədəniyyət nazirləri, birliyin üzvü olan ölkələrin elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, HƏDF rəhbərləri, Qazaxıstan hökuməti və parlamentinin üzvləri, Astanadakı diplomatik missiyaların rəhbərləri, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Rusiyadakı səfiri, HƏDF İdarə Heyətinin sədri Polad Bülbüloğlu, ölkəmizin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, həmçinin Rusiyanın xalq artisti Sergey Solovyov, Özbəkistanın xalq artisti Fərrux Zakirov, rejissor Canik Fayziyev və digər tanınmış şəxslər forumun iştirakçıları arasında  olmuşlar.

Tədbirin əvvəlində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin forum iştirakçılarına təbriki oxunmuşdur.

HƏDF İdarə Heyətinin sədri kimi Polad Bülbüloğlu MDB-nin "Mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar sertifikatı Qazaxıstanın mədəniyyət və informasiya naziri Darxan Mınbaya təqdim etmişdir.

Polad Bülbüloğlu forumdakı çıxışında demişdir ki, Avrasiya xəritəsini göz önündə canlandırsaq, qitənin sərhədlərindən bərabər uzaqlıqda olan Astananın mühüm geosiyasi və mədəni proseslərin mərkəzinə çevrildiyini görərik. Kiçik əyalət şəhəri olan Astananın böyüyüb paytaxta və ən nəhayət, Avrasiyanın iqtisadi və mədəni mərkəzinə çevrilməsini yalnız alqışlamaq olar.

Forumda MDB-nin mədəni, humanitar, yaradıcı nümayəndələri və ictimaiyyətin mənəvi cəhətdən yaxınlaşması, Avrasiya birliyinin inkişafına təkan verilməsi, Avrasiya məkanında mədəni sahədə əməkdaşlığın, mədəniyyətlər arasında dialoqun və tolerantlığın möhkəmləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 17 iyun.- S. 7.