Azərbaycan Prezidenti İlham Əliyev
Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş
və yeni regional
direktorlarını qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamı və bu vəzifəyə yeni təyin olunmuş Henri Keralini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alama təşəkkürünü bildirdi. Müstəqilliyimizin ilk illərində Dünya Bankının dəstəyi ilə mühüm işlərin həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı yaxşı perspektivlərin və çoxlu planların olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, səhiyyə, bərpa olunan enerji sahələrində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.
Əsəd Alam Azərbaycanda fəaliyyət göstərməsindən qürur hissi keçirdiyini vurğuladı. O, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tövsiyələrin önəmini qeyd etdi.
Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Henri Kerali təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyun.- S. 1.