Şəxsiyyətin qüdrəti kitabı ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin öyrənilməsi, araşdırılması baxımından qiymətli mənbədir

 

Dahi dövlət xadimi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 89-cu ildönümünə ithaf edilmiş "Şəxsiyyətin qüdrəti" kitabı "Yazıçı" nəşriyyatı tərəfindən yenicə çap edilmişdir. AzərTAc xəbər verir ki, vaxtilə ümummilli lider Heydər Əliyevlə ünsiyyətdə olmuş ictimai-siyasi xadimlərin, alimlərin, deputatların müxtəlif KİV-lərdə çap olunmuş məqalələrinin toplandığı kitabın tərtibçisi və "Ön söz"ün  müəllifi Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlıdır. Onun kitabda toplanmış məqalələrin mahiyyətini iki kəlmə ilə ifadə edərək "Ürək sözləri" adlandırması tam qanunauyğundur.

Bütövlükdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini iki dövrə - sovet dönəminə və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərə bölən A.Naxçıvanlı "Ön söz"ün imkanlarına uyğun olaraq, ulu öndərin sovet dövründə fəaliyyətindən qısa şəkildə söhbət açmışdır. Bildirmişdir ki, XX əsrin 60-cı illərində  - Azərbaycanda sənaye və kənd təsərrüfatının sürətlə gerilədiyi, bütün səviyyələrdə nizam-intizamın pozulduğu bir vaxtda SSRİ rəhbərliyi respublikanı bu ağır vəziyyətdən çıxarmaq üçün yeni düşüncəli, yeni tipli  rəhbərin - məhz Heydər Əliyevin namizədliyi üzərində dayanmışdı. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən bir neçə ay sonra bütün SSRİ-nin diqqəti Azərbaycana, burada görülən genişmiqyaslı  işlərə və xalqın yeni siyasi liderinin fəaliyyətinə yönəlmişdi.

"Ön söz"də ulu öndər Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr dirçəliş və inkişaf, eyni zamanda, müasirlik və tərəqqi istiqamətində atılan uğurlu addımlar kimi dəyərləndirilmişdir.

Həmçinin müasir cəmiyyətimizdə formalaşmış "Heydər Əliyev ikinci dəfə Azərbaycana xilaskar kimi qayıtmışdır" fikrinə istinad edən A.Naxçıvanlı ölkəni parçalanmaqdan xilas etməyi, dövlətçiliyimizin, müstəqilliyimizin  itirilməsinin qarşısını almağı ümummilli lider Heydər Əliyevin fəaliyyətində ən vacib və məsuliyyətli vəzifə kimi diqqətə çatdırmışdır. Müəllif ulu öndərin Azərbaycan Respublikasının məqsədyönlü, hərtərəfli düşünülmüş xarici siyasətinin təməl daşını qoyduğunu da vurğulamışdır.

"Ön söz"də ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, onun intellektual potensialı və müdrikliyi sayəsində ölkə həyatının bütün istiqamətlərində görülən böyük işlər, eyni zamanda, ulu öndərin dünya azərbaycanlılarının müdrik lideri kimi fəaliyyəti məsələləri də əhatə olunmuşdur. Kitabda professor A.Naxçıvanlının həmçinin "Şəxsiyyətin qüdrəti" məqaləsi də yer almışdır.

"Şəxsiyyətin qüdrəti" kitabı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin "Heydər Əliyevin siyasi portretinin cizgiləri" məqaləsi ilə başlanır. Məqalədə Heydər Əliyevin siyasi və mənəvi irsində öz əksini tapmış problemlərdən biri - Azərbaycan dili ilə bağlı problemin üzərində dayanılmışdır. Akademik R.Mehdiyev yazır: "Hamıya məlumdur ki, xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev tərəfindən yaradılmış konsepsiyasında Azərbaycan dili çox mühüm yer tutur. Heydər Əliyev özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, müsahibələri  yeni siyasi üslubu formalaşdırmış və Azərbaycan dilini o qədər əhəmiyyətli dərəcədə zənginləşdirmişdir ki, tədqiqatçıların hələ neçə-neçə nəsli natiqlik sənətinin bu nümunələrinə müraciət edəcəkdir".

Məqalədə vurğulanır ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Azərbaycan dilindən dövlət əhəmiyyətli tədbirlərdə istifadə edilməyə başlanmışdır. O, genişmiqyaslı tədbirlərdə Azərbaycan dilində səlis və gözəl danışmaqla ziyalıların diqqətini ana dilinin inkişafına yönəltmişdir. Ulu öndər Heydər Əliyevin yaxından iştirakı və dəstəyi sayəsində Azərbaycan dilçilərinin bir sıra əsərləri, o cümlədən dördcildlik "Müasir Azərbaycan dili" kitabı respublika Dövlət mükafatına layiq görülmüşdür.

Akademik Ramiz Mehdiyevin məqaləsində ulu öndər Heydər Əliyevin fəal dəstəyi ilə "Sovetskaya tyurkologiya" ümumittifaq jurnalının nəşri, Elmlər Akademiyasında müvafiq şöbənin açılması da nəzərə çatdırılmışdır. Məhz ümummilli lider Heydər Əliyevin tutduğu prinsipial, qətiyyətli mövqe nəticəsində respublikanın 1977-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu barədə məşhur 73-cü maddəsi daxil edilmişdir. Həmin dövrdə Azərbaycan milli dilə Konstitusiya qanunu səviyyəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikalarından biri və yeganə türk-müsəlman respublikası olmuşdur.

Azərbaycançılıq ideologiyasının ilhamçısı və yaradıcısının ulu öndər Heydər Əliyev olduğunu qeyd edən Prezident Administrasiyasının rəhbəri məhz ulu öndərin müdrik siyasəti nəticəsində bu gün Azərbaycan dilinin dünyanın siyasi xəritəsində öz layiqli yerini tutan dövlətimizin rəsmi dili olmasını, ölkəmizin müstəqilliyinin dönməz xarakter aldığını, xalqımızın isə mənəvi irsini göz bəbəyi kimi qorumasını və inkişaf etdirməsini vurğulamışdır.

Milli Məclisin Sədri Oqtay Əsədovun kitabda dərc olunmuş "Heydər Əliyev parlamentarizm ənənələri" məqaləsində ulu öndərin Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, müasir Azərbaycan parlamentinin banisi kimi fəaliyyətindən geniş bəhs olunmuşdur. Məqalədə qeyd edilir ki, müstəqillik illərində cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışmış ulu öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişmiş, Milli Məclisə siyasi mədəniyyət gətirmişdir. Onun iclas aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi olmuşdur.

Kitabda yer almış məqalələrdə ümummilli lider Heydər Əliyevin fəaliyyəti müxtəlif istiqamətlərdən işıqlandırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov ulu öndərin milli iqtisadi inkişaf strategiyasının banisi kimi misilsiz xidmətlərindən bəhs etmişdir.

Baş nazirin birinci müavini Yaqub Eyyubovun kitabda verilmiş "Heydər Əliyev iqtisadi modeli müasir tərəqqinin əsasıdır" başlıqlı məqaləsində ulu öndərin  iqtisadi modelinin mahiyyətindən geniş söhbət açmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun kitabda yer alan "Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri" məqaləsində isə  bildirilir ki, 1993-1996-cı illərdə respublikada milli-vətəndaş qarşıdurmasının dayandırılması, ictimai-siyasi sabitliyin bərpa edilməsi, həyata keçirilən ardıcıl daxili, xarici, milli dövlət quruculuğusosial-iqtisadi siyasət, 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması və s. proseslər ulu öndər Heydər Əliyevə öz xalqının gələcəyi ilə bağlı mühüm strateji layihələri həyata keçirməyə imkan yaratmışdır.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun kitabda yer almış "Azərbaycan-2020: müasirləşmə onilliyi" yazısında qeyd olunur ki, Azərbaycanın siyasi sistemi XX əsrin son onilliyində həyata keçirilən islahatların meydana gətirdiyi yeni iqtisadi mexanizmlərin tam gücü ilə işləməsinə və nəticə etibarilə əldə olunan uğurlara etibarlı təminat yaratmışdır. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyinin nəticəsi olan yeni neft strategiyası, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması şahidi olduğumuz iqtisadi yüksəlişin təmin edilməsinə müstəsna töhfələr vermişdir.

Milli Məclis Sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərovun, Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradovanın məqalələrində ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyası və Azərbaycanın milli təhlükəsizliyi, müasir Azərbaycanın ümummilli liderin ideyaları ilə uğurlu inkişaf yolunda olması kimi müxtəlif məsələlər əhatə olunmuşdur.

Prezident Administrasiyasının şöbə müdirləri Fuad Ələsgərovun, Novruz Məmmədovun, Süleyman İsmayılovun kitabda verilmiş məqalələri ümummilli lider Heydər Əliyevin uğurlu hüquqi islahatlarından, onun xarici siyasət konsepsiyasının bəhrələrindən, ulu öndərin həyat amalı kimi yeniləşən Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışılmışdır.

Milli Məclisin deputatları Fəttah Heydərovun, Siyavuş Novruzovun, Əli Hüseynlinin, Hadi Rəcəblinin, Mübariz Qurbanlının, akademiklər Abel Məhərrəmovun, İsa Həbibbəylinin kitabda yer almış məqalələrində Azərbaycanı müasirliyə aparan ümummilli lider Heydər Əliyev ideyalarından, onun hüquqi dövlətin banisi kimi fəaliyyətindən, sosial rifah istiqamətində həyata keçirdiyi islahatlardans. söhbət açılır.

Azərbaycanın müasirləşməsində, dövlət müstəqilliyinin bünövrəsinin qoyulmasında, ölkənin beynəlxalq hüququn müstəqil subyektinə çevrilməsində, əhalinin sosial müdafiəsi modelinin yaradılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri ictimai xadim Murtuz Ələsgərovun, AzərTAc-ın baş direktoru Aslan Aslanovun, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və digərlərinin məqalələrində geniş əks olunmuşdur.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, kitab ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin, zəngin ictimaisiyasi irsinin araşdırılması baxımından qiymətli mənbə olmaqla yanaşı, həm də səmimi hisslərin tərənnümüdür.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 2.