Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantlarının 12-ci buraxılış mərasimi keçirilmişdir

 

Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantlarının 12-ci  buraxılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi liseyin rəisi, general-mayor Rasim Əliyevin mərasimə hazırlıq barədə raportunu qəbul etdikdən sonra kursantları salamlamışdır.

Şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himnini ifa etmişdir.

Hərbi liseyin rəisi general-mayor Rasim Əliyev muxtar respublikada belə bir hərbi təhsil müəssisəsinin yaradılmasını ulu öndərin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının daha bir ifadəsi kimi dəyərləndirərək demişdir ki, hərbi lisey göstərilən dövlət qayğısı sayəsində qısa zaman kəsiyində böyük inkişaf yolu keçmişdir. Bu gün liseydə tədrisin səviyyəsini yüksəltmək, kursantların fiziki, mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişmələri məqsədi ilə müəllim və zabit heyəti tərəfindən yeni metodlar tətbiq edilir, muxtar respublikada keçirilən fənn olimpiadalarında, idman yarışlarında uğurlu nəticələr qazanılır. Hər il liseyin məzunu olan yüzlərlə kursant ölkəmizdə və xaricdə ali hərbi təhsillərini davam etdirir, peşəkar zabit kimi yetişir, Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə xidmət edirlər.

Hərbi liseyin bundan sonra da yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi işinə layiqli töhfə verəcəyini qeyd edən Rasim Əliyev göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlığını bildirmişdir.

Kursantlar adından çıxış edən Mehdi Qəhrəmanov Heydər Əliyev adına Hərbi Liseyin adını daim uca tutacaqlarına, qarşıdakı ali hərbi təhsil illərində də nizam-intizamları, yüksək bilikləri ilə seçiləcəklərinə, peşəkar zabit olacaqlarına söz vermiş, torpaqlarımızın müdafiəsində bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişdir.

Valideyn Aynur Fərəcova demişdir ki, hərbi liseydə kursantların sağlam ruhda böyümələri, hərtərəfli biliklərə yiyələnmələri üçün yaradılan yüksək şərait kursant valideynlərini də sevindirir. Hər bir valideyn çalışır ki, dövlətin yüksək qayğısının müqabilində Vətənə layiqli övladlar yetişdirsin.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  hər il Heydər Əliyev adına Hərbi Liseyin buraxılış tədbirlərinin əlamətdar dövrdə - xalqımızın Milli Qurtuluş günlərində keçirildiyini bildirərək demişdir: "Azərbaycan əldə etdiyi bütün nailiyyətlərə, o cümlədən milli ordu quruculuğuna görə ulu öndərimizin siyasi hakimiyyətə ikinci qayıdış günü olan Milli Qurtuluş Gününə borcludur. Milli Qurtuluş müstəqil ölkəmizin, milli dövlətçiliyimizin özünəqayıdış günü, xalqımızın ən böyük bayramıdır. Şübhəsiz ki, belə bir gündə hərbi liseyin məzunu olmaq böyük şərəf və ikiqat məsuliyyət deməkdir. Bu şərəfi doğruldacağınıza, bu məsuliyyəti daim öz üzərinizdə hiss edəcəyinizə inanır, sizi, təlim-tərbiyənizlə məşğul olan müəllim və zabitləri, eləcə də valideynlərinizi Qurtuluş bayramı və hərbi liseydə təhsilinizi başa vurmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı və uğurlu xidmət arzulayıram".

Ali Məclisin Sədri kursantlara müraciət edərək demişdir ki, siz bu gün hərbi təhsilin birinci pilləsini başa vurursunuz. Bundan sonra müxtəlif ali hərbi məktəblərdə təhsil alacaq, Silahlı Qüvvələrimizdə xidmətdə olacaqsınız. Bu yol asan deyil. Bu yolu o adamlar, o gənclər seçirlər  ki, onlarda yüksək iradə, böyük əzmkarlıq və dönməzlik kimi mənəvi keyfiyyətlər olsun. Bütün bunlar sizdə vardır. Siz bu yolu seçməklə Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bir daha nümayiş etdirirsiniz. Biz belə gəncliklə həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Xalqımızın böyük oğlu Heydər Əliyev 1999-cu il oktyabrın 13-də Naxçıvanda ilk hərbi məktəbin fəaliyyətə başlaması münasibətilə keçirilən mərasimdə müəllim və kursantlar qarşısında çıxış edərək deyirdi: "Burada təhsilə başlayan gənclərimizə, bütün Azərbaycan gənclərinə üzümü tutaraq deyirəm ki, cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir".

Biz bu gün siz gənclərə, Heydər Əliyev adına hərbi liseyin kursantlarına baxarkən istər-istəməz Azərbaycanın gələcəyini düşünür, iftixar hissi keçirirsevinirik ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında vətənpərvər gənclər vardır, gənclərimiz arasında Vətən sevgisi, hərbi təhsilə meyil ildən-ilə artır deyən Ali Məclisin Sədri bildirmişdir ki, filial kimi 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 675 kursant təhsil alır. Ümumilikdə fəaliyyət göstərdiyi müddət ərzində hərbi liseyi bitirən kursantlardan 1684-ü ali hərbi məktəblərə qəbul olunmuşdur. 800-dən çox məzunumuz Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirirlər.

Ali Məclisin Sədri demişdir: Hər bir müstəqil dövlətin öz dövlətçiliyini davam etdirməsi, ərazi bütövlüyünü qoruyub saxlaması üçün güclüdöyüş qabiliyyətli ordusu olmalıdır. Belə ordu isə öz-özünə yaranmır. Bunun üçün çox böyük iqtisadi potensial və peşəkar zabit korpusu yaradılmalıdır. Azərbaycan iqtisadiyyatının hazırkı səviyyəsi regionda güclü ordu yaradılmasına imkan vermişdir. Azərbaycan ordusu müasir texnika və avadanlıqla təchiz olunmuşdur. Hərb sənətini mükəmməl mənimsəmədən, elmi biliklərə yiyələnmədən bu texnikanı idarə etmək çətindir. Ona görə də biliklərə dərindən və hərtərəfli yiyələnmək, peşəkarlığı artırmaq qarşıdakı dövrdə sizin əsas vəzifələrinizdən biri olacaqdır. Bir çoxunuz gələcəkdə hərbi hissələrin komandiri olacaq, hərbi təlimlərə başçılıq edəcək, sizə həvalə edilmiş şəxsi heyətin vətənpərvərlik tərbiyəsi ilə məşğul olacaqsınız. Bu işə indidən hazır olun, çox mütaliə edin, müasir silahları, hərbi texnikanı yaxşı öyrənin, onları bacarıqla idarə etmək vərdişlərinə yiyələnin. Ali hərbi təhsil alacağınız dövrdə özünüzü ciddi intizama, zabitlik məsuliyyətinə alışdırın. Yadda saxlayın ki, zabiti, komandan heyəti peşəkar, savadlı və fiziki cəhətdən möhkəm olmayan ordu güclü ola bilməz. Sizinbizim - hər birimizin vəzifəsi Azərbaycan ordusunu daha da güclü etməkdir. Güclü ordu güclü, müstəqil dövlətçilik deməkdir. O dövlət güclüdür ki, onun gəncliyi dövlətə, mənsub olduğu xalqa sədaqətlidir.

Ali Məclisin Sədri kursantların Vətənimizə, ulu öndərimizə, Ali Baş Komandanımıza daim sədaqətli olacaqlarına, hərbi təhsildə və xidmətdə yüksək bilik və peşəkarlıq nümayiş etdirəcəklərinə və həmişə Heydər Əliyev adına Hərbi Liseyin məzunu olmaları ilə fəxr edəcəklərinə əminliyini bildirmişdir.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, onları və hərbi liseyin bir sıra zabit və müəllimlərini qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Kursant Arif Abbaslı təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurmuş, orkestrin müşayiəti ilə "Hərbi lisey marşı" ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.

Ali Məclisin Sədri kursantlarla xatirə şəkli çəkdirmiş, valideynlərlə görüşmüş, hərbi liseydə tədrisin keyfiyyəti və xidmətin təşkili ilə maraqlanmışdır.

 

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 3.