Heydər
Əliyev Fondu Pakistanın Həmzə
Xeyriyyə Fonduna təcili tibbi
yardım avtomobili və iki
min qanköçürmə paketi hədiyyə etmişdir
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində və şəhərlərində həyata keçirilən silsilə humanitar tədbirlərin davamı olaraq səfir Daşqın Şikarov Heybər Paxtunxva əyalətinə səfər etmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu səfər çərçivəsində talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş "Suzuki" markalı təcili tibbi yardım avtomobili və iki min qanköçürmə paketi təqdim olunmuşdur.
Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan təcili tibbi yardım avtomobili vasitəsilə əyalətin müxtəlif şəhərlərində, xüsusilə, Pakistanın Əfqanıstan ilə sərhəddə yerləşən ucqar məntəqələrində qan xəstəliklərindən əziyyət çəkən xəstələrə təhlükəsiz qan köçürülmə xidmətləri göstəriləcək, həmçinin, Hepatit C və B, HİV/AİDS viruslarının müəyyənləşdirilməsi üçün yerli əhali arasında pulsuz testlər təşkil olunacaqdır.
Təqdimetmə mərasimində çıxış edən Pakistan Senatının komitə sədri, senator Hacı Qulam Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunan təcili tibbi yardım avtomobilinin və iki min qanköçürmə paketinin on minlərlə insanın müalicəsinə töhfə verəcəyini və bu hadisənin məhz 14 iyun - Beynəlxalq Donorlar Gününə təsadüf etməsini, həmçinin bu münasibətlə Azərbaycan səfirinin şəxsən qan verməsini yüksək qiymətləndirmişdir. Birinci xanım Mehriban Əliyevaya, Azərbaycan xalqına və dövlətinə təşəkkürünü bildirən senator ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə heç zaman barışmayacaqlarını, müharibə başlayacağı təqdirdə özü başda olmaqla, bütün pakistanlıların azərbaycanlı qardaşları ilə bərabər çiyin-çiyinə vuruşmağa hazır olduqlarını vurğulamışdır.
Daha sonra səfir Paxtunxva Göz xəstəxanasında olmuşdur. Diplomat xəstəxananın yeni korpusunun tikintisi və göz xəstəliklərindən əziyyət çəkən imkansız xəstələrin əməliyyat olunması üçün Heydər Əliyev Fondu adından səhiyyə ocağına maliyyə yardımı təqdim etmişdir.
Xəstəxananın baş həkimi Xalid Sultan Xavca səhiyyə ocağının yeni korpusunun tikintisi və yüzlərlə imkansız xəstələrin pulsuz əməliyyat olunması üçün maliyyə yardımına görə birinci xanım Mehriban Əliyevaya, Azərbaycan xalqına və dövlətinə təşəkkürünü bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 19 iyun.- S. 3.