Parisdə Azərbaycanın
və Ermənistanın xarici işlər nazirləri
arasında görüş keçirilmişdir
İyunun 18-də Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak etmişlər.
Həmsədrlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etmişlər. Bəyanatda deyilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, humanitar əlaqələrin inkişafı, atəşkəs rejimi pozuntularının araşdırılması üçün mexanizmin yaradılması, tarixi-mədəni abidələrin qorunması kimi məsələlər üzrə görüləcək işlər müzakirə olunmuşdur.
ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulamışlar.
Bəyanatda qeyd edilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərlə birgə işi davam etdirməkdə qərarlı olduqlarını, eləcə də danışıqlar prosesinə müsbət təsir göstərəcək etimadartırıcı tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildirmişlər.
"Görüş müsbət və
konstruktiv şəkildə keçmişdir. Növbəti
addım kimi həmsədrlər yaxın həftələrdə
bölgəyə səfər edəcəklər" - deyə
bəyanatda vurğulanır.
Azərbaycan.- 2012.- 19 iyun.- S. 3.