Keçmiş Prezidentlər haqqında qanunun qəbulu hüquqi
alicənablıqdır
Tarixən hər bir ölkənin dünya siyasi səhnəsində özünə layiqli yer tutması, inkişafa nail olması və taleyi ilə bağlı qətiyyətli qərarlar vermək əzmi lider amili ilə şərtlənmişdir. Müxtəlif dövlətlərdə yaşamış bu cür xarizmatik liderlər xalqlarının müstəqil dövlətçilik ideallarının reallığa çevrilməsi və gələcək inkişaf yolunu düzgün müəyyənləşdirməsi naminə lazımi əzmkarlıq, iradə nümayiş etdirmişlər. Müasir dövrdə də hər bir ölkənin taleyində lider amilinin müstəsna rolu qabarıq duyulur: yüksək idarəçilik səriştəsinə malik dövlət başçıları - prezidentlər çoxluğun etimadı əsasında dövlətə rəhbərlik missiyasını həyata keçirir, xalqlarının rifahı və təhlükəsizliyi naminə əllərindən gələni əsirgəmirlər.
Məhz bu səbəbdən də prezidentlik institutu hər bir demokratik dövlətin siyasi sistemində müstəsna yer tutur. Hər bir ölkənin prezidenti - Konstitusiya və digər qanunlarla ona verilmiş səlahiyyətlər çərçivəsində ali dövlət idarəçiliyini həyata keçirir, xalqının, dövlətinin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi, rifahı üçün mənəvi və siyasi-hüquqi məsuliyyət daşıyır. Eyni zamanda, hər bir xalq taleyini güvəndiyi prezidentə etibar edir, onu toxunulmazlıq və qürur rəmzi kimi qəbul edir.
Azərbaycan Respublikasında da ölkə prezidentinin statusu Konstitusiya əsasında müəyyənləşdirilmişdir. Əsas Qanunun 99-cu maddəsinə əsasən, "Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur". 106-cı maddəyə görə, "Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur". 109-cu maddə isə ölkə başçısının səlahiyyətinə aid məsələləri müəyyən edir.
Müasir dövrdə bütün demokratik ölkələrdə eks-prezidentlərin statusu konstitusiya və qanunlarla müəyyən olunur. Dövlət başçısı olmuş şəxsin hüquqları xüsusi qanunla qorunur, təhlükəsizliyinə, yaşayışına təminat verilir. Prezidentlik statusu bütün ölkələrdə əlahiddə səciyyə daşıyır. Məhz buna görə də vaxtı ilə prezident olmuş şəxslərin sonrakı statusu qanunla müəyyənləşir, onlar üçün xüsusi imtiyazlar, güzəştlər tətbiq olunur. Hazırda əksər Avropa, eləcə də MDB dövlətlərində eks-prezidentlərin statusunun müəyyənləşdirildiyini nəzərə alsaq, Azərbaycanda da belə bir qanunun qəbulu demokratik proseslərin dərinləşdirilməsi, siyasi münasibətlər sisteminin möhkəmləndirilməsi baxımından tamamilə təbii və məntiqə uyğundur.
Bu baxımdan Azərbaycanda da belə bir qanunun qəbulu ölkədə siyasi münasibətlər sisteminin möhkəmləndirilməsi baxımından zəruridir. Milli Məclis 2011-ci ilin noyabrında "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul etmişdir. Konstitusiya Qanunu olduğu üçün bu qanun 6 aydan sonra, yəni 2012-ci il iyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasında ikinci səsverməyə çıxarılarq qəbul edilmişdir.
Azərbaycan Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq, əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin ("keçmiş Prezidentin") və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edən Konstitusiya Qanunu ölkədə əks qütblü siyasi qüvvələr arasında barışıq və həmrəylik atmosferinin möhkəmləndirilməsinə xidmət edən daha bir mühüm addımdır.
"Mənim üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir" - deyən dövlət başçısı ölkənin milli sərvətinə çevrilmiş ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, bədnam düşmənə qarşı mübarizənin səmərəli təşkili baxımından ölkədə gərginlik və qarşıdurma ovqatını tamamilə yolverilməz sayır.
2009-cu ilin 18 mart referendumunda Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə (Azərbaycan Respublikası Prezidentinin təminatı) əlavə edilən II hissə ilə ölkə qanunvericiliyinə keçmiş Prezident institututu gətirildi və Azərbaycan Respublikası Milli Məclisinin üzərinə Azərbaycan Respublikasının keçmiş Prezidentləri və onların ailə üzvlərinin təminatına dair Konstitusiya qanunu qəbul etməklə bağlı hüquqi öhdəlik qoyuldu. Bu qanun layihəsi hazırlanarkən dünya təcrübəsi diqqətlə öyrənilmiş, qanun yaradıcılığı texnikasının müasir üsullarından istifadə edilməklə milli həmrəylik vacib faktor kimi önə çəkilmişdir. Həmin əlavəyə görə, "Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir". Bu əlavə ilə ölkədə eks-prezidentlərin statusunun müəyyənləşdirilməsi istiqamətində son dərəcə mühüm addım atılmış oldu.
Son illər ölkədə siyasi şüurun yetkinləşməsi və dözümlülüyün güclənməsi, sivil siyasi münasibətlər sisteminin, siyasi mədəniyyətin formalaşması prosesi özünü daha qabarıq büruzə verir. Yaranmış vəziyyətin reallıqları nəzərə alınmaqla, Konstitusiyanın 108-ci maddəsinə ümumxalq referendumu əsasında edilmiş əlavə son dərəcə təqdirəlayiqdir. Bu əlavə faktiki olaraq ölkədə milli birlik və həmrəyliyin, siyasi barışın möhkəmləndirilməsinə xidmət etmişdir.
"Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir. Konstitusiya qanununun 1-ci maddəsinə əsasən, "keçmiş Prezident" dedikdə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs; Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs; Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs nəzərdə tutulur.
Bu qanuna əsasən yalnız Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidenti vəzifəsindən kənarlaşdırılmış (impiçment) şəxslər "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununun subyekti hesab edilmirlər. Amma Azərbaycan Respublikasının indiyədək bu qaydada vəzifədən kənarlaşdırılmış Prezidenti olmadığından bu qanun Azərbaycan Respublikasının bütün keçmiş Prezidentlərinə şamil olunacaqdır.
Konstitusiya Qanununda "keçmiş Prezidentin arvadı (əri)" dedikdə, keçmiş Prezidentin vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan arvadı (əri) nəzərdə tutulur. Bu sənədə əsasən keçmiş Prezidentin öhdəsində olan uşaqlar da qanunla müəyyən edilmiş imtiyazlardan istifadə edirlər. Belə ki, Konstitusiya Qanununda "öhdədə olan uşaq"" dedikdə vəfat etmiş keçmiş Prezidentin 18 yaşına çatmamış və öhdəsində olan uşağı, o cümlədən övladlığa götürülmüş uşağı və ya ögey uşağı nəzərdə tutulur.
Konstitusiya Qanununun 2-ci maddəsinə əsasən, keçmiş Prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs bu Konstitusiya Qanununun 2.1-ci maddəsində nəzərdə tutulmuş aylıq pensiyanı almaq hüququna malik deyildir. Eyni zamanda, 3-cü maddəyə görə, keçmiş Prezidentin vəfatından sonra onun arvadına (ərinə), arvadı (əri) olmadıqda isə, öhdəsində olan uşağına keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilir.
Keçmiş Prezident səlahiyyət müddətində vəfat etdikdə arvadına (ərinə), arvadı (əri) olmadıqda, öhdəsində olan uşağına keçmiş Prezidentə ödənilməli olan pensiya məbləğində aylıq müavinət ödənilir. Konstitusiya Qanununun 3.6. maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış və vəfat etmiş şəxsin arvadı (əri) və (və ya) öhdəsində olan uşağı bu Konstitusiya Qanununun 3.1-ci maddəsində nəzərdə tutulmuş müavinəti almaq hüququna malik deyildir. Konstitusiya Qanununa görə, keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilir. Eyni zamanda, qanunun 5-ci maddəsinə əsasən, pensiya və müavinətlərin ödənilməsi və digər təminatların verilməsi ilə bağlı xərclərin məbləği dövlət büdcəsində ayrıca sətirlə göstərilir.
6-cı maddədə qeyd olunur ki, Konstitusiya Qanununa uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödənişlər məcburi olaraq digər şəxsə verilə və ya ötürülə, yaxud məhkəmənin qərarı ilə tutula və ya girov qoyula bilməz. Lakin iki hal istisna təşkil edir: Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borcun ödənilməsi; pensiyanın təyin edildiyi keçmiş Prezidentin keçmiş arvadının (ərinin) və ya azyaşlı uşağının saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması.
7-ci maddəyə əsasən (Müflisləşmə halında tələbin pensiya, müavinət və digər ödənişlərə yönəldilməsinə yol verilməməsi), "Bu Konstitusiya Qanununa uyğun olaraq pensiya, müavinət və digər ödənişlər almaq hüququna malik olan şəxsin əmlakı müsadirə edildikdə və ya digər üsullarla məcburi olaraq mülkiyyətindən çıxarıldıqda pensiya, müavinət və ya digər ödənişlərin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir".
8-ci maddəyə əsasən, Konstitusiya Qanununa uyğun olaraq ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği gəlir vergisindən azad edilir. Qanunun 9-cu maddəsində göstərilir ki, dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminatlara dair bütün qanun və qaydaların müddəaları keçmiş Prezidentə və onun ailə üzvlərinə şamil olunur.
Konstitusiya Qanununun 10-cu maddəsi isə keçmiş Prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti; bir sürücü; bir nəqliyyat vasitəsi; habelə təmsilçilik xərcləri verilir. Keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir. Təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat hər il dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
Azərbaycan parlamentinin qəbul etdiyi bu qanun dünya təcrübəsində mövcud olan analoji qanunlarla müqaiysədə daha çox humanist tutuma malik olan qanundur. Belə ki, bu baxımdan Konstitusiya Qanununun 11-ci maddəsi (Keçmiş Prezidentin və onun arvadının (ərinin) toxunulmazlığı) xüsusilə mühüm əhəmiyyətə malikdir. Həmin maddənin 1-ci bəndinə görə, keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. 2-ci bəndə görə, keçmiş Prezidentin arvadı (əri) keçmiş Prezidentin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. 11-ci maddənin 3-cü bəndinə əsasən, keçmiş Prezident və onun arvadı (əri) Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. 4-cü bəndə əsasən, keçmiş Prezident və onun arvadı (əri) cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda keçmiş Prezidenti və ya onun arvadını (ərini) tutan orqan (vəzifəli şəxs) bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
Ümumilikdə, belə bir Konstitusiya Qanununun qəbulu ölkədə siyasi barış və etimad mühitinin formalaşdırılması, eks-prezidentlərə cəmiyyətdə ictimai münasibətin dəyişməsi baxımından son dərəcə vacib əhəmiyyətə malikdir. Bununla belə, kifayət qədər ciddi əsası olmadan sözügedən qanunun əleyhinə fikir söyləyənlərə də rast gəlinir. Bəziləri iddia edirlər ki, üzərində cinayət məsuliyyəti olan bir şəxsin bu qanundan yararlanması hüquqi nihilizm yaradar. Xüsusən də qanunun eks-prezident A.Mütəllibova şamil olunmasının əleyhinə çıxanlar onun sovet dövrünün qanunları ilə prezident seçildiyini iddia edirlər. Eyni zamanda, A.Mütəllibovun guya bu qanundan istifadə edərək beynəlxalq səviyyədə iddia qaldıracağını və Azərbaycandan təzminat tələb edəcəyi kimi absurd fikirlərə də rast gəlinir. Halbuki, həm A.Mütəllibov, həm də mərhum eks-prezident Ə.Elçibəyin ailə üzvləri belə bir qanunun qəbuluna görə məmnun olmaya bilməzlər. Konstitusiya Qanunu onların hər hansı başqa iddia ilə çıxış etmələrinə hüquqi əsaslar vermir. Digər tərəfdən, unutmaq lazım deyil ki, qanun qüvvəyə mindikdən sonra A.Mütəllibov barəsində olan cinayət işinə xitam veriləcəyi hüquqi zərurətdir. Bu şərh etdiyimiz Konstitusiya Qanununun tələbidir.
Konstitusiya Qanununun eks-prezidentlərin hamısına şamil edilməsi hüquq bərabərliyi və ədalət baxımından son dərəcə təqdirəlayiqdir. Bu, həm də Azərbaycan siyasətinə sivil meyarların, etik-mənəvi prinsiplərin getdikcə daha möhkəm əsaslarla nüfuz edəcəyini göstərir.
Bu qanun Azərbaycan Respublikasının hüquq siyasətində mühüm bir pozitiv addım olmaqla yanaşı ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna əhəmiyyətli bir töhfədir. Dövlətə rəhbərlik etmiş şəxsə, onun təmsil etdiyi siyasi qüvvəyə münasibətdə siyasi mədəniyyətin nümayişi bu qanunun fəlsəfi əsasını təşkil edir. Dövlət idarəçiliyinin tarixi keçmişinə hörmət, keçmiş səhvlərin bağışlanması, cəmiyyətin siyasi palitrasında antoqonist münasibətlərə yer verilməməsi, sağlam siyasi əqidənin formalaşdırılmasına cəhd, bütün siyasi qüvvələrin Azərbaycanın inkişafı üçün səfərbər edilməsi, siyasi barışın təmin edilməsi kimi yüksək mənəvi-siyasi dəyərlərə xidmət edən bu qanun bütövlükdə respublikamızın hüquq sistemini zinətləndirən hüquqi keyfiyyətə malikdir. Bağışlamaq bacarığı kimi yüksək əxlaqi-mənəvi keyfiyyətə malik Azərbaycan xalqının mandatı əsasında fəaliyyət göstərən Milli Məclis "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul etməklə hüquqi alicənablıq nümayiş etdirmiş oldu.
Rafael CƏBRAYILOV
Azərbaycan.- 2012.- 19 iyun.- S. 4.