Ümumvətəndaş pasportlarının verilməsi qaydalarına dəyişiklik ediləcək

 

  İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İqtisadi siyasət komitəsinin birgə iclası keçirilib. İclasda Tikinti və Şəhərsalma Məcəlləsinin layihəsinin ikinci oxunuşda müzakirəsi aparılıb və bəzi qanunlara  bir Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı məsələlərə baxılıb.

İlk sənədin müzakirəsı zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu Məcəllənin birinci oxunuşundan sonra geniş ictimai müzakirələr keçirilib. Bu müzakirələrdə biznes elitasının nümayəndələri yaxından iştirak edib və təkliflərini səsləndiriblər: "Bundan sonra işçi qrupu Məcəllə ilə bağlı  işlərini davam etdirib, ictimai müzakirələrdə biznes elitasının, QHT-lərin,  deputatların səsləndirdikləri təkliflər yenidən diqqətlə nəzərdən keçirilibonlardan məqsədəuyğun olanları Məcəllənin ikinci oxunuşuna daxil edilib. Yəni, demək olar ki, Məcəllə ilə bağlı qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb".

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov isə deyib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin layihəsinin istər birgə komitələrin, istərsə də parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qanunsuz tikintilərin sənədləşdirilməsi məsələsi daha çox müzakirə obyekti olub: "Ancaq biz hesab edirik ki, qanunsuz tikintilərin sənədləşdirilməsi ilə bağlı məsələ Tikinti və Şəhərsalma Məcəlləsinin predmeti deyil. Bildiyiniz kimi, bu məsələ ilə bağlı dövlət başçısının da tapşırığı varo, hökumətin  nəzarətindədir. Bu baxımdan, Tikinti və Şəhərsalma Məcəlləsinin hazırlanması ilə məşğul olan işçi qrupu belə bir qərara gəlib ki, bu yöndə ayrıca bir qanun layihəsi hazırlansın. Hələlik bununla bağlı müəyyən müzakirələr getdiyi üçün onu gündəliyə təqdim edə bilmirik. Müzakirələr başa çatdıqdan sonra həmin qanun layihəsini lazım gələrsə, daha geniş müzakirələrə təqdim edə bilərik".

Müzakirələr zamanı parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, deputatlardan Cavid Qurbanov, Rafael Cəbrayılov, Xanhüseyn Kazımlı çıxış edərək öz təkliflərini irəli sürüblər. İşçi Qrupuna tapşırılıb ki, səslənən təkliflər nəzərdən keçirilsin və bəziləri Məcəlləyə əlavə edilsin.

İclasın sonunda sənəd üçüncü oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsi gündəlikdə olan digər məsələləri müzakirəyə çıxarıb. İclasda "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", İnzibati Xətalar Məcəlləsı və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə baxılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, yolun hərəkət hissəsini, dəmiryol keçidini müəyyən olunmayan yerdən keçən piyadalar 20 manat məbləğində cərimələnəcəklər. Hazırkı qanunvericiliyə əsasən, bu inzibati pozuntuya görə cərimə 10 manat məbləğindədir.

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna edilən dəyişikliyə görə isə Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək. Layihəyə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 günü müddətində verilməlidir. Qeyd edək ki, hazırda qüvvədə olan qanunda bu müddət bir ay nəzərdə tutulub. Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılmasının və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəanın da qanundan çıxarılması nəzərdə tutulub.

Layihədə göstərilir ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq. Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsidoğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur. Qanun layihəsi qəbul olunarsa, 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Digər qanun layihələrinə redaktə xarakterli dəyişiklikdən sonra sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 2.