Tarixdə izi qalanlar

 

Tarixin səhifələri qatı açılmamış kitab kimidir, onu vərəqləmədən, nə bir fikir söyləyə bilər, nə də dediklərinə kimləri isə inandıra bilərsən. Əslində, kimin kim olduğu da elə bu zaman, tarixin səhifələri vərəqlənərkən üzə çıxır, çünki ən kəsərli silahdan da güclü olan həqiqətlər çox vaxt məhz tarixin səhifələri arasında bərqərar olur.

Bəşəriyyətin faşizm zülmündən xilas olmasından 70 ilə yaxın bir vaxt ötür. Dünyanın faşizm taunundan qurtuluşu böyük tarixi qələbə idi və həmin missiyanı yerinə yetirmək sovetlər ölkəsinin payına düşmüşdü. Ancaq bu missiyanın yerinə yetirilməsində digər amilləri də unutmaq olmaz. Dünyaya ağalıq etmək iddiasında olan Hitlerin bu arzusunun gözündə qalmasında  neft amilinin, xüsusən də Bakı neftinin rolu, təəssüf ki, çoxlarının qəbul etmədiyi həmin tarixi həqiqətlərdən biridir. Hitler Almaniyasının ildırımsürətli hərbi əməliyyat - Barbarossa planının əsasında, əlbəttə, ilk növbədə, Bakını döyüşsüz, bomba və mərmi yağışı yağdırılmadan ələ kecirmək dayanırdı. Çünki Hitler Bakı neft mədənlərinin partladılmasını istəmirdi, onlara sağ-salim sahiblənmək niyyətində idi...

Bəli, elə günü bu güninkişaf etmiş dövlətləri əməkdaşlığa cəlb edən Bakı neftinin, fədakar neftçilərimizin Böyük Vətən müharibəsinin qələbə ilə başa çatmasında əhəmiyyətli rolu, müstəsna xidmətləri danılmaz həqiqətdir. Azərbaycan neft sənayesi tarixinə öz adını qızıl hərflərlə yazmış fədakar soydaşlarımızdan, qəhrəman Bakı neftçilərindən biri də Bəndalı Mehdiyev idi.

Haqqında ilk dəfə söhbət açdığımız bu mətin insanın şərəfli ömür yolunun ayrı-ayrı məqamlarına işıq salmaqla onu bugünkü və gələcək nəsillərə tanıtmaq istəyirik.

O, 1899-cu il mayın 22-də Bakının Keşlə qəsəbəsində, fəhlə ailəsində dünyaya gəlib. Atası Əbdülhüseyn kişi sadə adamı olub, daşyonan işləyib və ailəsini  halallıqla qazandığı cüzi vəsaitlə dolandırıb. Anası isə heç yerdə işləməyib, halal ocağının, evinin xanımı, ərinin sevimli qadını olub. Gəlirinin az olmasına baxmayaraq,  Əbdülhüseyn kişi hər qazancından bir az da olsa uşaq evinə köçürər, onların keyfiyyətli qidalanması ilə maraqlanardı. Belə bir mənəvi mühitdə böyüyən Bəndalı Mehdiyev ömrünün sonunadək təvazökar, dürüst və məsuliyyətli olub.

O, ilk əmək fəaliyyətinə 1917-ci ildə başlayıb, yəni, Qaraşəhərdə yerləşən Bakı Nobel qardaşlarının kerosin emalı zavodunda fəhlə kimi işə düzələn gündən... Sonradan bu müəssisə Andreyev adına zavod kimi tanınırdı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra, 1920-1922-ci illərdə İnqilab Komitəsində milis işçisi kimi çalışıb. 1923-1930-cu illərdə  neftayırma zavodlarında fəhlə, emal üzrə mütəxəssis, növbətçi mühəndis vəzifələrində çalışıb. Az müddətdə neft emalı prosesinin incəliklərini mənimsəyərək işinin ustasına çevrilən Bəndalı Mehdiyev 1930-cu ildə ixtisasını təkmilləşdirmək, "krekinq" texnologiyasını mənimsəmək üçün bir qrup mütəxəssislə birlikdə xüsusi tapşırıqla Amerika Birləşmiş Ştatlarına göndərilib. Onun şəxsi arxivində ABŞ-da olduğu zaman aldığı kitablar, Amerikanın 1930-cu ildə dərc olunan xəritələri, Avropa ilə Amerika qitələri arasında işləyən Amerikanın əfsanəvi "Olimpic" və "Majestic" gəmiləri haqqında kitabçalar, marşrut xəritələri, fotoşəkillər bu gün də saxlanılır.

Onun Amerika xatirələri olduqca maraqlı, rəngarəng idi. İncəsənətə hədsiz marağı olan 30 yaşlı gəncin ən böyük arzusu xarici kino korifeyləri Çarli ÇaplinMeri Pikfordla görüşüb tanış olmaq idi. Çox maraqlıdır ki, onun bu arzusu Amerikada səfərdə olarkən həyata keçdi. Bəndalı Mehdiyev dünya şöhrətli Çarli Çaplinlə görüşüb tanış olur. Öz növbəsində, Çarli Çaplin onu Meri Pikfordla görüşdürür.

Lakin o, Amerikada özünün gördüyü işlərdən heç vaxt bəhs etməz, heç bir şey danışmazdı... 

...Evindəki fotoalbomunda ABŞ-a ezam olunan mütəxəssislərlə çəkdirdiyi şəkillərdə bir neçə adamın üzününüçün mürəkkəblə boyandığını soruşanda: - Bunlar Amerikadan qayıdandan sonra "xalq düşmənləri" elan edilənlərdir, - deyərdi. Bir əhvalatla bağlı söylədikləri də indiyədək yaxınları tərəfindən böyük maraqla xatırlanır. Belə ki, səfərin ikinci günü "Ford" şirkətinin səlahiyyətli nümayəndəsi Bəndalı Mehdiyevin qaldığı otelə gələrək ona "Ford" markalı avtomobil almağı təklif edir. Qonağın maddi imkanının buna yetmədiyini bildikdə, şirkət nümayəndəsi belə bir şərt irəli sürür: - "Siz Amerikada səfərdə olduğunuz müddətdə yalnız "Ford" şirkətinə məxsus yanacaqdoldurmatexniki xidmət məntəqələrindən istifadə edəcəyinizi təsdiqləyən rəsmi müqaviləni imzalayarsınızsa, şirkət sizə avtomobili hədiyyə edəcəkdir".  Təklif onda təəccüb hissi doğursa da, bu şərti qəbul etdikdən dərhal sonra şirkət nümayəndəsi açarları təqdim edir, avtomobilin otelin həyətində olduğunu bildirir. Səfərdə olduğu müddətdə o bu avtomobildən istifadə etmiş, lakin Vətənə qayıdarkən avtomobil sovet dövləti tərəfindən təhvil alınmış və Kremlə göndərilmişdir.

Bir ilə yaxın ABŞ-da təcrübə keçərək Vətənə qayıdan və doğma kollektivdə işini davam etdirən B.Mehdiyev Azərbaycan Neft Sənayesi Akademiyasının neft texnologiyası fakültəsinə qəbul olunur və 1937-ci ildə əla qiymətlə diplom müdafiə edərək təşkilatçı-mühəndis ixtisasını qazanır. Qazandığı zəngin təcrübəni nəzəri biliklərlə əlaqələndirməyi bacaran, öz ixtisasını dərindən öyrənən B.Mehdiyevin Azərbaycan Neft Sənayesi Akademiyasını bitirərkən yazdığı diplom işinin müəllimləri tərəfindən yüksək qiymətləndirilməsi təsadüfi deyildi. Elmi məsləhətçisi Alekseyev onun diplom işinə verdiyi rəydə yazırdı: "Böyük enerji və səylə çalışaraq bilərəkdən öz tapşırığını daha da mürəkkəbləşdirmişdir ki, Alkorna sobalarının istifadəsilə bağlı layihə son texniki tələblərə cavab versin. İş, şübhəsiz, yüksək qiymətə layiqdir. Layihəni yüksək - 5 balla (əla) qiymətləndirirəm".

Daim axtarışda olan B.Mehdiyevin nəzəri bilikləri ilə istehsalat təcrübəsinin sıx əlaqəsindən yaranan bir çox səmərələşdirici təklifləri bu günöz əhəmiyyətini itirməyib.

1931-1940-cı illərdə "Azneftzavodlar" birliyinə daxil olan neft zavodlarında sex rəisinin müavini, zavod direktorunun müavini, direktoru vəzifəsində çalışan Bəndalı Mehdiyev çox çətin və mürəkkəb istehsalat vəzifələrinin öhdəsindən bacarıqla gəlmiş, eyni zamanda, işlədiyi kollektivin, əhatəsində olduğu insanların böyük hörmətini qazana bilmişdir.

O,  ailədə, qohumlar arasında da böyük nüfuz, hər kəsin dərin hörmət və ehtiramını qazanıb. Qızı Minayə xanım deyir: "Atam haqqında xatirələrim ömrümün cəmi 19 ilinə sığır. Bu qısa müddətdə atamla keçirdiyim günlər, aylar, illər, onun müdrik nəsihətləri, söylədiyi əhvalatlar, həyatında baş verən bir sıra maraqlı hadisələr, dünyagörüşü və etikalı davranışı, eyni zamanda, ağır təbiəti və hansı sahədə olursa-olsun, heç vaxt yüksək məsuliyyət hissini itirməməsi ömrümün sonunadək qəlbimdə qalacaq, mənimlə birlikdə yaşayacaqdır. Təqaüddə olduğu dönəmdə onun keçmiş işçisinin söylədikləri heç yadımdan çıxmır. İsti yaz günlərindən birində təsadüf nəticəsində bizə gələn və yenidən keçmiş direktorunu görən fəhlə daşan rezervuarın neftini öz pencəyi ilə necə silməsindən, bu fədakarlığı görən direktorun onu bağışlamasından elə hörmət və məhəbbətlə danışırdı ki, bu səmimiyyətə heyran qalırdın. Onun söylədikləri atamın bir direktor kimi nə qədər ciddi və tələbkar olduğunu, hər damla neftin belə qədrini bildiyini, eyni zamanda, nəcib və xeyirxah insan olduğunu bir daha təsdiqləyirdi".

İkinci Dünya müharibəsi ərəfəsində Bəndalı Mehdiyev partiya işinə cəlb olunur. 1940-cı ildə rayon partiya komitəsinin (indiki Xətai rayonu) qərarı ilə bir müddət rayon partiya komitəsində ikinci katib işləyir və həlledici səslə Azərbaycan K(b)P XV qurultayına nümayəndə seçilir.

Müharibənin ən şiddətli dövründə - 1941-ci ildə Azərbaycan K(b)P Bakı şəhər Partiya Komitəsinin neft emalı üzrə katibi seçilir, bu vəzifədə 1944-cü ilədək çalışır, eyni zamanda, neft emalı şöbəsinə rəhbərlik edir. O vaxtlar cəbhəyə göndərilən neft məhsullarının 85 faizini Azərbaycan istehsal edirdi. B.Mehdiyev məhz həmin dövrdə neft sənayesində nümunəvi işinə görə dövlət mükafatına layiq görülüb. Bundan əlavə, 1945-ci ildə "1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı rəşadətli əməyə görə", "Qafqazın müdafiəsinə görə" medalları, 1946-cı ildə "Qırmızı Əmək Bayrağı" və "Şərəf  nişanı" ordenləri ilə təltif edilib.

Təsadüfi deyil ki, o illərdə hətta Mərkəzi Komitənin birinci katibi səviyyəsində verilən təqdimatlarda Bəndalı Mehdiyevin insani keyfiyyətləri çox yüksək qiymətləndirilir və ən yaxşı istehsalat rəhbərlərindən biri kimi təqdim olunurdu.

1944-1946-cı illərdə Bəndalı Mehdiyev başqa bir sahədə sınağa çəkilib: SSRİ Xarici İşlər Nazirliyi tərəfindən o, Sovet İttifaqının İranın Ərdəbil şəhərində yerləşən vitse-konsulluğunun katibi vəzifəsində işləməyə göndərilib. Həmin illər bütün dünya faşizmlə ölüm-dirim savaşında ikən, elə Hitlerin "himayədarlığından" kifayət qədər əziyyət çəkən İranı başqa bir inqilab dalğası da bürümüşdü: milli azadlıq hərəkatı. Təbii ki, indiyədək istehsalat sahəsində çalışan, partiya işində sınanan, Azərbaycan, rusingilis dillərini mükəmməl bilən Bəndalı Mehdiyev bu vəzifəyə təyin olunarkən onun digər keyfiyyətləri ilə yanaşı, siyasi cəhətdən yetkinliyi, həmçinin Amerikada qazandığı bilik və təcrübəsi də nəzərə alınmışdı.

Bəndalı Mehdiyev siyasi iradəsini, əqidə bütövlüyünü ömrünün sonunadək qoruyub saxlaya bilmişdi. Maraqlıdır ki, yaxınları onun üçillik diplomatik fəaliyyətindən, demək olar ki, tam xəbərsiz qaldılar. İranda cərəyan edən hadisələrdən kifayət qədər bilikli olduğu, çox məlumatların isə əlindən gəlib keçdiyi halda, bu barədə susar, dinib-danışmazdı. Bunun başqa səbəbi də ola bilərdi. Sovet quruluşuna bütün qəlbi ilə inanan, onu istəyən və dəstəkləyən, müdafiəsinə qoşulan insanlar, S.C.Pişəvərinin özüdaxil olmaqla, hamısı çaş-baş salınmış insanlar idilər. Bəlkə də elə buna görə o, yaşanmışları yaddaşının bir küncündə saxlayıb özü ilə birlikdə əbədiyyətə apardı?!.

Hər bir halda o, böyük bir imperiyanın - SSRİ-nin tərkibində olan Azərbaycanın nümayəndəsi kimi, ittifaqın ona həvalə etdiyi vəzifəni uğurla icra etdi, boynuna qoyulmuş diplomatik missiyanı axıradək yerinə yetirdi. Lakin bu müddətdə həm də Güney Azərbaycan xalqına, soydaşlarına faydalı olmağa çalışdı...

Pişəvəri hərəkatının fədailərindən biri olmuş, Azərbaycan oxucusunun daha çox "azadlıq carçısı, inqilab şairi" kimi tanıdığı xalq şairi Balaş Azəroğlu 2010-cu ildə verdiyi müsahibədə barəsində böyük hörmət və sayğı ilə söz açdığı Bəndalı Mehdiyevi məhz elə bu vaxtlar konsulluğun əməkdaşı kimi tanıdığını bildirmiş, həmin illəri xatırlayaraq kövrəlmiş, etiraf etmişdi ki, Bəndalı və onun yoldaşları hərəkatda iştirak etmirdilər. Ancaq keçirilən mitinqləri, aparılan söhbətləri, baş verənləri kənardan diqqətlə müşahidə edirdilər.

İranda milli hökumət devriləndən sonra hakimiyyətə gələn Rza şah Pəhləvi rejiminin təqiblərinə tuş gəlmiş mücahidlərin Arazın bu tayına sağ-salamat adlamasına yardımçı olan Bəndalı Mehdiyev 1946-cı ilin soyuq qışında saatlarla sərhəddə sərt hava şəraitində işlədiyindən ağır xəstələnir. Vətənə qayıtdıqdan sonra o, uzun müddət xəstə yatır və bu, onun sağlamlığına çox ciddi zərbə vurur.

Bəndalı Mehdiyev 1947-ci ilin aprelindən əmək fəaliyyətini davam etdirib, 1947-1949-cu illərdə Bakının Əzizbəyov (indiki Xəzər) rayonundakı "Azneftzavodlar" birliyinin 3 saylı neft emalı zavodunun direktoru işləyib.

İşinin kamil bilicisi kimi tanınan Bəndalı Mehdiyevin özəlliyi diqqətdən qaçmır, rəhbərlik tərəfindən geridə qalan müəssisə və zavodların işinin yaxşılaşdırılması məqsədilə bir-birinin ardınca təyinatlar alır. O, işinin əsl ustası kimi göndərildiyi zavodlarda var gücü, bütün qüvvəsi ilə çalışır və geridə qalan müəssisələri qabaqcıllar cərgəsinə çıxarmağa nail olurdu.

Azərbaycanda neft sənayesinin sürətlə inkişaf etməyə başladığı həmin dövrdə Bəndalı Mehdiyev kimi yüksək intellektli təşkilatçılara, neftçi-mütəxəssislərə böyük ehtiyac duyulurdu. İşində son dərəcə ciddiliyi, məsuliyyətliliyi və tələbkarlığı hər yerdə ona uğur qazandırırdı. Verilən tapşırıqları yerinə yetirmək üçün hər cür fədakarlığa hazır idi.

Məhz bu məziyyətlərinə görə o, 1949-cu ildə dövlət tərəfindən Moskvaya ixtisasartırma kursuna göndərilir. Neft Sənayesi üzrə Ali Mühəndislik Kurslarını bitirdikdən sonra SSRİ Kimya Nazirliyinin sərəncamına göndərilir və  ümumittifaq əhəmiyyətli neft kimya müəssisələrinə təşkilatı işlərə cəlb olunub.

1950-ci ildən etibarən peşəkar neftçi-mühəndis, kamil təşkilatçı kimi Sumqayıtdakı qapalı "Ozero" zavoduna direktor təyin edilən Bəndalı Mehdiyev təqaüdə çıxanadək bu yüksək vəzifəni vicdanla yerinə yetirib, kollektivin sevimlisinə çevrilib. Həmin vaxtlar çox kiçik olan qızı Minayə xanım da anasının sözlərini xatırlayır: "Onun işi ağır idi. Kimya zavodlarında hazırlanan məhsullar strateji əhəmiyyətli olmaqla yanaşı, insan sağlamlığı üçün çox təhlükəli və ziyanlı idi. Atam hər gün səhər saat 5.30-da evdən çıxıb işə gedər, gecə saatlarında qayıdardı. İşi onun həyatının, ömrünün mənası idi".

İşləməyə sonsuz həvəsinin olmasına baxmayaraq, doqquz il əvvəl keçirdiyi ağır xəstəliyin fəsadları buna imkan verməyib. Uzun illər ərzində Bəndalı Mehdiyevin  qazandığı böyük təcrübənin gənc nəsillərə çatdırılmasına, yeni kadrlar hazırlanmasına ehtiyac vardı.  Lakin o, 1956-cı ildə  səhhətinə görə təqaüdə çıxmalı olub.

Həddindən artıq təvazökar və mənəviyyatlı insan olan Bəndalı Mehdiyev təqaüdə çıxması ilə əlaqədar təklif olunan avtomobildən və fərdi təqaüddən belə imtina edib, lakin zavod rəhbərliyi və keçmiş yoldaşlarının təkidli israrından sonra fərdi təqaüdün ayrılmasına razılıq verib. Nə qədər inandırıcı olmasa da, bu, bir faktdır.

Həyatı boyu şərəflə çalışan, işlədiyi illərdə respublika rəhbərliyində təmsil olunmuş bir çox insanlarla sıx ünsiyyət saxlayan və onların hörmətini qazanan Bəndalı Mehdiyev ağır, lakin bugünkü gəncliyə örnək olası şərəfli bir həyat yolu keçib.

Vəfatından 43 il ötməsinə baxmayaraq, hətta onu qiyabi tanıyanlar belə, haqqında hörmətlə danışırlar. Bu hörməti ona uzaqgörənliyi, ağır təbiəti, hər hərəkətinin, sözünün-söhbətinin yerini bilməsi, müdrikliyi qazandırıb. Təqaüddə olanda da keçmiş işçiləri və zavod rəhbərliyi onun yanına məsləhətə gələrdilər. Onun məsləhətinə qulaq asanlar isə heç vaxt peşiman olmurdular...

Onu ətrafındakılar belə tanıyıb, sevibyaddaşlara belə köçürüblər.

Hər insanın ömrü bir ailənin, bir nəslin, bir dövlətin tarixi, bütövlükdə bir ölkənin, bir xalqın salnaməsidir. Bəndalı Mehdiyev kimi ziyalının ömür kitabını vərəqlədikcə gözümüzün önündə Azərbaycan tarixinin bəzi məqamları, xüsusilə neftayırma sənayesində əldə olunmuş uğurların tarixçəsi canlandı. Lakin bu nəcib insanın keçdiyi mənalı və keşməkeşli həyat yolunu daha dərindən öyrənsək, hələ tam açılmayan məqamları da açıqlasaq, olduqca maraqlı bir kitab alınardı. Yəqin nə vaxtsa bunu da görərik.

Dünyayaüçün gəldiyini və nə üçün, nəyin naminə yaşadığını bilən, Vətəninə sədaqətlə xidmət edən Bəndalı Mehdiyev kimi insanların tariximizin səhifələrində iz qoymaq xoşbəxtliyi hər kəsə nəsib olmur...

 

 

Esmira FUAD,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 6.