Polad Bülbüloğlu yenidən MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri seçilmişdir

 

 Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu növbəti iki il müddətinə yenidən MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri seçilmişdir.

DHƏF-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə Astanada MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin iclası olmuşdur. DHƏF İdarə Heyətinin üzvləri 2012-ci ilin birinci yarısında fondun layihə fəaliyyətinin nəticələrini, "Birliyin mədəni paytaxtları" adlı dövlətlərarası proqramın pilot mərhələsinin həyata keçirilməsi gedişini, "Astana Birliyin mədəni paytaxtıdır" proqramının açılışı çərçivəsində "Yeni dünyada Avrasiya mədəniyyəti" beynəlxalq forumunun keçirilməsini, habelə Birlik ölkələrinin humanitar əməkdaşlığının inkişaf strategiyasına və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına dair fondun hazırladığı Konsepsiyanı nəzərə almaqla onun vəzifələrini müzakirə etmişlər.

Sonra DHƏF İdarə Heyətinin sədri seçilmişdir. Səs çoxluğu ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu qarşıdakı iki il müddətinə yenidən fondun İdarə Heyətinin sədri seçilmişdir.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 7.