Türkiyədə
Azərbaycan Mədəniyyəti Günləri
İyunun 17-də Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başlamışdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyunun 21-dək davam edəcək tədbir iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən gerçəkləşdirilir. Ankara və İzmir şəhərlərində keçiriləcək mədəniyyət günləri çərçivəsində iki dost, qardaş ölkə arasındakı mədəni əlaqələrin daha da inkişafına xidmət edən konsert proqramları, sərgi və konfransların təşkili də nəzərdə tutulur.
Türkiyədə ilk dəfə keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyəti iştirak edir.
İyunun 18-də Ankara şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə incəsənət ustalarımız geniş konsert proqramı təqdim etmişdir.
Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər, xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, həmçinin əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı, əməkdar artist Şirzad Fətəliyevin çıxışları olub.
Mədəniyyət günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans keçiriləcəkdir. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə böyük Azərbaycan şairinin yaradıcılığı, dünya poeziyasındakı yeri, Nizami və Azərbaycan musiqisi mövzusunda çıxış edəcəklər.
Mədəniyyət günləri çərçivəsində Ankarada rəsm, xalça, milli geyim və xalq tətbiqi sənəti nümunələrimizdən ibarət sərgi də təşkil olunacaqdır. Sərgidə nümayiş olunacaq əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondlarından seçilmişdir.
Sərgidə boyakarlıq, heykəltəraşlıq, misgərlik, xalçaçılıq nümunələri, qədim musiqi alətləri ilə yanaşı, "Bakı" Milli Geyim Evinin kişi və qadın geyimləri də nümayiş olunacaqdır. Təqdim olunacaq boyakarlıq nümunələri arasında Elbəy Rzaquliyev, Kamal Əhməd, Oqtay Şıxəliyev, Qafar Seyfullayev, Davud Kazımov, Əyyub Hüseynov, Hüseyn Haqverdiyev və digər tanınmış rəssamlarla yanaşı, Emin Əsgərov, Anar Hüseynzadə, Adil Yusifov kimi gənc rəssamların əsərləri də yer alacaqdır.
Mədəniyyət günləri İzmir şəhərində davam edəcəkdir. Burada
incəsənət ustalarımızın iştirakı ilə
geniş konsert
proqramı təqdim olunacaqdır. Azərbaycanın xalq tətbiqi sənəti inciləri, milli geyim, xalça
və rəngkarlıq nümunələrindən ibarət sərgi
İzmirdə də nümayiş etdiriləcəkdir.
Azərbaycan.- 2012.- 19 iyun.- S. 7.