Bakıda Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılmasına dair Xəzəryanı dövlətlər üçün regional tədbir mövzusunda konfrans keçirilir

 

 İyunun 18-də "Avropa" hotelində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) və Beynəlxalq Dəniz Təşkilatının (BDT) təşkilatçılığı ilə "Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılmasına dair Xəzəryanı dövlətlər üçün regional tədbir" mövzusunda konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov təmsil etdiyi təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verərək demişdir ki, Xəzər neftlə zəngin olan bir dənizdir və bu dəniz vasitəsi ilə neft məhsullarının daşınması geniş vüsət almışdır. Daşınmaların həyata keçirilməsi zamanı isə beynəlxalq səviyyədə müəyyən olunmuş standartların yerinə yetirilməməsi Xəzər dənizinin ekoloji cəhətdən çirkləndirilməsinə gətirib çıxara bilər ki, bu da hər bir Xəzəryanı dövlət üçün arzuolunmaz haldır.

Bu tədbirin keçirilməsinin əsas məqsədi Xəzər dənizinin ekoloji  mühitinin mühafizəsinin təmin edilməsi üçün BDT tərəfindən müəyyən edilmiş standartlarla bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırmaqdan ibarətdir.

Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yeri olan dəniz nəqliyyatı hazırda qarşıda duran mühüm vəzifələri layiqincə yerinə yetirir. Azərbaycanın dəniz donanmasının tərkibində yük-sərnişin bərələri, quru yük, qəza-xilasetmə, yedək, dalğıc, torpaqqazan, həmçinin iritonnajlı kran gəmiləri vardır. Azərbaycan 1995-ci ildən BDT üzvüdür.

Sonra tədbirdə BDT-nin əməkdaşı xanım Patrisiya Çarlebois və Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə ekoloji proqramının regional rəhbəri Mahir Əliyev çıxışlarında bildirmişlər ki, tədbirdə gəmidən neft axınına səbəb olmuş, ya da səbəb ola biləcək hər hansı bir hadisə haqqında təxirə salınmadan məlumat vermə, çirkləndirmə xəbərdarlığından sonrakı işlər, çirkləndirmə hadisələri ilə təcili və səmərəli mübarizənin milli sisteminin təşkil edilməsi, çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə təcrübə mübadiləsi aparılacaqdır.

Tədbirdə BDT-nin ekspertləri ilə yanaşı, Xəzəryanı ölkələrin - Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın nümayəndələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Milli Məclisinin, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Neft Şirkətinin, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Xəzər Dəniz Neft Donanmasının və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri iştirak edirlər.

Konfrans iyunın 20-də öz işini yekunlaşdıracaqdır.

 

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 7.