Beynəlxalq konfransda Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı ümdə məsələlər müzakirə olunmuşdur

 

İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda  "Azərbaycan 2020: gələcəyə baxış ictimai-humanitar elmlərin inkişafı kontekstində (yaxın gələcəyin proqnozlaşdırılması problemləri)" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

İnstitutun direktoru, professor İlham Məmmədzadə bildirmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli sərəncamı ilə müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması tapşırılmışdır. Bugünkü tədbir də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası kontekstində keçirilir.

İnstitutun direktoru Prezident İlham Əliyevin ölkənin yaxın gələcəyinin proqnozlaşdırılması üzrə təşəbbüsünün əhəmiyyətini, ictimai-humanitar elmlərin inkişafına müsbət təsirini vurğulamışdır. Qeyd edilmişdir ki, proqnozlaşdırmanın nəzəriyyə və təcrübəsi  elmlərarası müzakirələri tələb edir. Eyni zamanda, proqnozlaşdırmada fəlsəfənin rolu müəyyənləşir, o, elmlərarası və proqnostik tədqiqatların, hər bir konkret elmdə istifadə edilən məfhumların məzmunlarının konkretləşdirilməsi dili kimi çıxış edir.

AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev  vurğulamışdır ki, Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar çox əhəmiyyətli sərəncam imzalamışdır. Sərəncamda inkişafımızın növbəti illərdə əsas istiqamətləri və bu inkişaf nəticəsində qarşıya qoyulan hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

V.Fərzəliyev qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin "İctimaihumanitar elmlər: zaman kontekstində baxış" məqaləsində humanitar sahədə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. AMEA-nın müvafiq institut və təşkilatları həmin  vəzifələri yerinə yetirməyə çalışırlar.

Konfransda filosofların, politoloqların, sosioloqların, iqtisadçıların və hüquqşünasların yaxın gələcəyin proqnozlaşdırılması üçün metodologiyanın və metodiki vasitələrin  işlənilməsi məqsədi ilə müştərək fəaliyyətlərinin tənzimlənməsi və digər məsələlər müzakirə olunmuşdur.

Moskva Sosial-Psixologiya Universitetinin professoru Viktor QriqoryevMoskva Humanitar Universitetinin professoru Nikolay Şuruxnov mövzuya dair məruzələrlə çıxış etmişlər.

Tədbirdə "Gələcək Azərbaycanın təşəkkülündə modernləşmə xətti və onun vəzifələri", "Azərbaycanın inkişaf konsepsiyası və hüquq elminin əsas vəzifələri", "Azərbaycanda elmi monitorinqin perspektivləri"  və digər mövzularda məruzələr dinlənilmişdir.

Konfransda alimlərimizin  proqnozlaşdırma üzrə beynəlxalq işçi qruplarının, klub və kooperasiyaların işinə cəlb edilməsinə ciddi ehtiyac yarandığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın dinamik inkişafı ölkə alimlərinin bu sahədə fəallığını nəzərdə tutur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 7.