“İnformasiya
əldə etmək haqqında” qanun
təkmilləşdirilir
İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçirildi. İclasda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olundu.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan Konstitusiyasından irəli gələn məsələlərin qanunvericilik aktlarında öz əksini tapması daim diqqət mərkəzindədir. "İnformasiya əldə etmək haqqında" qanuna nəzərdə tutulan dəyişikliklər də məhz bundan irəli gəlir.
Daha sonra dəyişikliklər barədə ətraflı məlumat verildi. Bildirildi ki, layihəyə əsasən qanuna aşağıdakı məzmunda 2.4-1-ci maddənin əlavə edilməsi təklif olunur. "İnformasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın".
Digər dəyişikliyə əsasən, isə bu qanunun 6.1.6-cı maddəsinin yeni redaksiyada verilməsi təklif olunur.
Müzakirələr zamanı deputatlar qanuna nəzərdə tutulan dəyişikliklərin mütərəqqi olduğunu qeyd etdilər və eyni zamanda təklifərini səsləndirdilər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, təklif olunan dəyişikliklər kifayət qədər vacib və aktualdır. Bu dəyişiklikləri yeni dövrün çağırışlarına cavab kimi dəyərləndirən Rəbiyyət Aslanova gələcəkdə də sözügedən qanuna dəyişikliklərin edilməsinin vacibliyini diqqətə çatdırdı.
Yekunda qanun
layihəsi Milli Məclisin plenar
iclasının müzakirəsinə tövsiyə olundu.
Azərbaycan.- 2012.- 2 iyun.- S. 2.