Azərbaycan demokratik dövlət quruculuğu,
insan hüquq və
azadlıqlarının etibarlı təminatı sahəsində
nümunəvi təcrübəyə malikdir
Ombudsmanların "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusunda X Bakı Beynəlxalq konfransının bir qrup iştirakçısı iyunun 19-da Milli Məclisdə olmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycan parlamentinin inzibati binası ilə tanışlıqdan sonra qonaqlar Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşmüşlər.
Ziyafət Əsgərov qeyd etdi ki, ombudsmanların X Bakı Beynəlxalq konfransı çox vacib məsələni müzakirəyə çıxarmaqla əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlərdən, qəbul olunmuş qanunlardan söz açan Z.Əsgərov bildirmişdir ki, 1995-ci ildə milli Konstitusiya qüvvəyə mindikdən sonra bir neçə Konstitusiya qanunu, yüzlərlə hüquqi sənəd, insan hüquq və azadlıqlarının təminatına dair dövlət proqramları qəbul olunmuşdur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə mövcud beynəlxalq konvensiyalara da qoşulmuşdur. İndi ölkə vətəndaşlarının hüquqları mövcud qanunvericilik əsasında yüksək səviyyədə qorunur.
Ziyafət Əsgərov müstəqillik dövrünün təsisatlarından olan ombudsman institutunun insan hüquqlarının keşiyində dayandığını önə çəkərək bildirmişdir ki, yarandığı 10 il ərzində bu qurum ölkənin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq əlaqələri yaratmış və işinin öhdəsindən layiqincə gəlir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirmişdir ki, Milli Məclis ilə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədədir. Onlar insan hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyət göstərirlər.
Görüşdə iştirak edən Türkiyə, Pakistan, Rusiya, Niderland, Yaponiya, Çin, Koreya, Kanada, Tailand, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrin ombudsmanları, həmçinin hüquqşünas alimlər çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, Bakıda müşahidə etdikləri inkişafdan, paytaxtın gözəlliyindən danışmış, Ombudsmanların X Bakı Beynəlxalq konfransının yüksək səviyyədə təşkil olunduğuna görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər. Qonaqlar belə tədbirlərin ombudsmanlar arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətini xüsusi qeyd etmişlər.
Çıxış edən müxtəlif ölkələrin ombudsmanları Azərbaycanı ötən müddətdə müxtəlif sahələrdə qazanılan uğurlara görə də təbrik etmiş, dövlətimizin regiondakı nüfuzunu və rolunu xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının etibarlı təminatı sahəsində nümunəvi təcrübəyə malikdir.
Qonaqlar Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xarici ölkələrdən fiziki qüsurlu, imkansız uşaqların Bakıya gətirilməsini Azərbaycanın insan hüquq və azadlıqlarına verdiyi ən yüksək qiymətin təzahürü kimi qiymətləndirmişlər. Azərbaycanın bu addımının digər ölkələr üçün nümunə olduğunu bildirmişlər.
Sonra görüşdə qonaqların ölkəmizin
Konstitusiyasının əsas müddəaları, Milli Məclisdə təmsil olunun
siyasi partiyalar, seçki sistemi barədə
sualları cavablandırılmış,
qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.