Əli
HƏSƏNOV: “Bizim
güzəştə getmək niyyətimız yoxdur”
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməsini və bununla bağlı ayrıca bəyanatla çıxış etməsini dəyərləndirib. Əli Həsənov "Media forum" saytına verdiyi açıqlamasında deyib ki, həmsədr ölkələrin rəhbərləri ötən il də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər: "Üç prezidentin ötən il verdikləri bəyanatda qeyd olunmuşdu ki, status-kvonun saxlanması yolverilməzdir və münaqişənin həllində irəliləyişə nail olunması zəruridir.
Hesab edirik ki, 18 iyun bəyanatı həmsədr ölkələrin iradəsinin davamıdır. Dağlıq Qarabağ probleminin dünyanın həllini gözləyən əsas məsələlərindən biri kimi dəyərləndirilməsi, tərəflərin kompromis addımlara çağırılması müsbət haldır. Lakin onu da deməyi borc bilirik ki, Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe ortaya qoyub.
Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik göstərən, problemin aradan qaldırılmasına ciddi yanaşmayan Ermənistandır. Ona görə də münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır, bu ölkə Azərbaycanın konstruktiv mövqeyinə cavab verməlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, prezidentlərin birgə bəyanatında istinad olunan Helsinki Yekun Aktının imkan verdiyi maksimum güzəştləri ortaya qoyub. Bizim bundan artıq güzəştə getmək imkanımız və niyyətimiz yoxdur".
Həmsədr ölkələrin
Azərbaycan və Ermənistanı güc
tətbiqindən çəkinməyə
çağırmasına gəlincə, şöbə müdiri bildirib ki, güc tətbiqindən
çəkinmək BMT-nin dövlətlərarası
münasibətlərdə mübahisəli məsələlərin
həlli üçün müəyyənləşdirdiyi
təməl prinsiplərdəndir: "Bu
prinsip mübahisəli məsələlərin,
münaqişələrin dinc yolla həllini, müharibəyə yol verməməyi nəzərdə tutur. Ona görə də
üç prezidentin
birgə bəyanatında bu məsələyə
toxunulmasını həmin prinsipə istinad
olunması kimi dəyərləndiririk. Amma bu o
demək deyil ki, ərazi
işğalı faktı uzun müddət
davam edəcək, Azərbaycan öz torpaqlarını işğaldan
azad etmək hüququndan
məhrum olacaq. Azərbaycan bu hüququ özündə
saxlayır. Lakin biz də bu
məsələnin sülh yolu, danışıqlarla həll olunmasına
tərəfdarıq. Üç həmsədr
ölkənin çağırışını da onların münaqişənin sülh yolu ilə həllinə
üstünlük vermələri kimi dəyərləndiririk".
Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.