Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında yeni layihələr və perspektivlər ətrafında fikir mübadiləsi aparılmışdır

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 19-da Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alambu vəzifəyə yeni təyin olunmuş Henri Kerali ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı 20 illik əməkdaşlığa nəzər yetirilmiş, yeni layihələr və perspektivlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Baş nazirin müavini Əli Həsənov Azərbaycanın Dünya Bankı ilə 1992-ci ildən bəri əməkdaşlıq etməsini yüksək qiymətləndirmiş, ötən dövrdə kifayət qədər yaxşı təcrübələrin toplandığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün ilə Dünya Bankıyla 125 milyon dollar dəyərində 4 layihə imzalanmışdır.

Dünya Bankının fəaliyyətinin şəffaflığını vurğulayan Əli Həsənov qeyd etmişdir ki, elə bu göstərici əməkdaşlığımızın uzunömürlü olmasına rəvac vermişdir.

Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım Layihəsi"nin ilk tranşının 10 milyon dollar olduğunu, icra müddətinin isə 5 il çəkdiyini deyən Baş nazirin müavini, sonrakı illərdə məbləğin artdığını, icra müddətinin isə azaldığını qeyd etmiş, bunu zənginləşən təcrübə ilə əlaqələndirmişdir. "Hər yeni sazişlə tərəflər bir-birini daha yaxşı tanıdı. Baxmayaraq ki, dövlətimizin maliyyə imkanları artmaqdadır, lakin etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığımız davam edir. Bu, həm yaranmış əməkdaşlığın möhkəmlənməsinin, həm də tərəflərin bir-birinə yüksək etimadının göstəricisidir", - deyən Əli Həsənov ölkəmizin inkişafı ilə bağlı yaxşı perspektivlərin və çoxlu planların olduğunu diqqətə çatdırmışdır. O demişdir ki, işğal altındakı ərazilərimiz azad ediləndən sonra genişmiqyaslı bərpa işləri tələb olunacaqdır. Elə buna görə də təcrübəli beynəlxalq qurumların köməyinə ehtiyac yaranacaqdır.

Əli Həsənov digər sevindirici halın isə beynəlxalq qurumların Azərbaycan üzrə nümayəndəlikərində indi çalışan işçilərin əksəriyyətinin yerli kadrlardan ibarət olduğunu demişdir.

Baş nazirin müavini Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə qurumun Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alama təşəkkürünü bildirmişdir.

Əsəd Alam Azərbaycanda çalışdığı 3 il yarım ərzində çox şey öyrəndiyini diqqətə çatdırmışdır. O, Azərbaycan Hökuməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Dünya Bankının proqramlarının reallaşmasına göstərdiyi köməyi yüksək dəyərləndirmişdir. Ə.Alam vurğulamışdır ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlər bütün dünya üçün örnəkdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir.

Yeni təyin olunmuş regional direktor Henri Kerali də möhkəm dayaqları olan bu əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vəd etmişdir.

Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunmuş, həyata keçirilməsi məqbul sayılan layihələr və tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 3.