Ombudsmanların X Bakı Beynəlxalq konfransı öz işini davam etdirir

 

  Bakıda "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusunda keçirilən Ombudsmanların X Bakı Beynəlxalq konfransı öz işini davam etdirir. AzərTAc xəbər verir ki, konfrans çərçivəsində iyunun 19-da "Milli insan hüquqları institutlarının insan hüquqlarının müdafiəsi və təşviqi imkanlarının artırılmasında strateji planlaşdırmanın rolu" və "İnsan  hüquqlarının səmərəli müdafiəsi naminə regional və qlobal əməkdaşlıq" mövzularında sessiyalar təşkil edilmişdir.

Sessiyalarda "UNESCO təcrübəsində fövqəladə hallar zamanı insan hüquqlarının müdafiəsi", "Fövqəladə hallarda Özbəkistan ombudsmanının vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri", "Tacikistanda insan hüquqları üzrə müvəkkil institutunun yaranması və inkişafında strateji planlaşdırmanın rolu" və s. mövzularda məruzələr dinlənilmişdir. Çıxışlarda 2010-cu ildə Rusiyada baş vermiş meşə yanğınları zamanı vətəndaşların hüquqlarının müdafiəsi üzrə Lipetsk vilayətinin təcrübəsindən bəhs edilmiş, fövqəladə vəziyyətdə insan hüquqlarının müdafiəsinin beynəlxalq standartları, insan hüquqlarının təbliği və müdafiəsində  UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq, fövqəladə hallarda mədəni-tarixi abidələrin qorunması və s. məsələlər barədə ətraflı məlumat verilmiş və müzakirələr aparılmışdır.

İyunun 20-dək davam edəcək beynəlxalq konfrans 18 iyun - İnsan Hüquqları Gününə, Ombudsman Aparatının fəaliyyətinin 10, Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyinə həsr edilmişdir.

UNESCO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransda Avropa, AsiyaAmerika qitəsinin 20 ölkəsindən 56 qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edirlər. Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə nümayəndələri ilk dəfə olaraq konfransa qatılmışlar. Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 4.