Kasım Uyanayev: Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan çox böyük quruculuq işlərinin canlı şahidi olduq

 

İyunun 19-da sənaye və energetika naziri Natiq Əliyev ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Kabarda-Balkar Respublikasının baş nazirinin müavini Kazım Uyanayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir N.Əliyev ölkəmizdə neft-qaz hasilatı, emalı, ixracı, qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri barədə qonaqlara geniş məlumat vermiş, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi iradəsi ilə reallığa çevrilən beynəlxalq layihələrin Avropanın enerji xəritəsini dəyişdiyini faktlarla diqqətə çatdırmış, Rusiya Federasiyasının Qafqaz respublikaları ilə iqtisadiyyatın müxtəlif sahələrində ilbəil genişlənən əlaqələrdən danışmış və dövlətimizin bu əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir.

Kazım Uyanayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün Qafqazda, o cümlədən Kabarda-Balkarda çox sevildiyini, xatirəsinin hər zaman əziz tutulduğunu söyləmiş, Bakıda olduqları ilk anlardan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan çox böyük quruculuq işlərinin canlı şahidi olduqlarını, paytaxtın simasının dəyişdiyini bildirmiş, Xəzərin zəngin karbohidrogen ehtiyatlarının respublikamızın hərtərəfli tərəqqisinə imkanlar açdığını qeyd etmiş, Kabarda-Balkarın son illər əldə etdiyi iqtisadi uğurlardan danışmışdır.

Görüşdə ayrı-ayrı şirkət rəhbərləri qarşılıqlı ticarət, idxal-ixrac imkanları barədə məlumat vermiş, nümayəndəliklərin yaradılması təklif olunmuş və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 4.