Azərbaycan Milli Aviasiya Akademiyası ilə Belarusun Milli Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur

 

Belarus və Azərbaycan Milli Elmlər Akademiyaları və Azərbaycan Milli Aviasiya Akademiyası arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunmuş forum keçirilmişdir.

Forumda Belarus Milli Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Leonid  Gerasimoviç və Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat və Aerokosmik Problemlər üzrə Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadur Tağıyev forumda çıxış edərək bildirmişlər ki, müasir dünyanın inkişafı elmi-texnoloji  innovasiya sahələrində tərəqqiyə əsaslanır. Bildirilmişdir ki, "Güclü elm güclü iqtisadiyyatdır" tezisi qloballaşan dünyada getdikcə daha aktual olur. Forumda Azərbaycan və Belarus alimləri, akademik elmi institutları arasında sıx əlaqələrin olduğu xüsusi vurğulanmışdır.  Belaruslu alim Leonid Gerasimoviç demişdir ki, Azərbaycanda son illərdə elmin müxtəlif sahələri sürətlə inkişaf edir. Biz bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin səylərini yüksək qiymətləndiririk. Azərbaycan Milli Aviasiya Akademiyasının uğurlu fəaliyyəti bizi çox sevindirir. Azərbaycanda aviasiya sahəsində milli kadr hazırlığı işinin yüksək təşkilində akademik Arif Paşayevin rolunu, onun görkəmli alim olmaqla bərabər yüksək təşkilatçılıq məharətini  Belarusda yaxşı bilir və qiymətləndirirlər. Çox sevindirici haldır ki, Azərbaycan Milli Aviasiya Akademiyası ilə Belarus Milli Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Bu əlaqələrin nəticəsidir ki, alimlərimiz ultrabənövşəyi rentgen şüalarının yeni xüsusiyyətlərini aşkara çıxarmışlar. Bu elmi nəticə ekoloji təmiz işıq mənbələri yaratmağa imkan verəcəkdir. Alimlərimiz işıq-diod texnikasının müştərək istehsalını planlaşdırırlar. Akademik Arif Paşayevin razılığı ilə Milli Aviasiya Akademiyasının ərazisinin işıqlandırılmasının yeni pilot layihəsi üzərində aparılır. Bunun üçün nəzərdə tutulan 64 işıq-diod küçə fənəri Azərbaycan Milli Aviasiya Akademiyasında yığılacaqdır. Dəstləşdirici hissələr Belarus Milli Elmlər Akademiyasından göndəriləcəkdir. Rektor Arif Paşayevin təşəbbüsü ilə Azərbaycan Milli Aviasiya Akademiyası Belarus Milli Elmlər Akademiyasının Opto elektron Texnologiya Mərkəzi ilə birgə tədqiqat işi aparır. Bu Azərbaycan və Belarus hökumətlərinin müştərək qərarında da öz əksini tapmışdır.

Professor Bahadur Tağıyev isə əlavə etmişdir ki, Azərbaycan Milli Aviasiya Akademiyası Belarusun Qrodno şəhərində fəaliyyət göstərən "Texnoloq" elm-istehsalat mərkəzindən təxminən 15 adda tədris laboratoriya avadanlığı almaq niyyətindədir. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin tapşırığı ilə bu istiqamətdə intensiv danışıqlar aparılır. Biz belaruslu həmkarlarımızla elmi əlaqələrin inkişafında maraqlıyıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 4.