Azərbaycan Hava Yolları - mavi səmaların
fatehi
2 iyun mülki aviasiya işçiləri
günüdür
Bu gün Azərbaycan
milli aviasiyasının bayraqdarı olan "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyəti
özünün inkişaf səviyyəsi, maşın
parkı və xidmət mədəniyyəti ilə ölkəmizin
xaricdə formalaşmış imicinə hərarətli təəssürat
və qiymətləri yazdırmaqdadır. Özü ilə sərhədlərimizdən min
kilometrlərlə uzağa Azərbaycanın bir
parçasını daşıyan təyyarələrimiz eyni
zamanda ölkəmizdəki coşqun iqtisadi inkişafın,
yüksək mədəniyyətin, bənzəri olmayan dəyərlər
sisteminin, insanların rifah və firavanlığının
kifayət qədər əyani təsbitidir.
"Bakıya xoş gəlmisiniz!"
"Eurovision" milyonlarla insanın qəlbindən
silinməyəcək bir xatirəyə çevrilsə də,
bu gün hələ də nəinki Avropanın, bütün
dünyanın gözləri Azərbaycana zillənib. Həmin adamların
içində Azərbaycanı və azərbaycanlıları
sevən, onu qəlbən yaxın bilən, uğurlarına
sevinən dostları, xeyirxahları da var, qoca Qərblə
müdrik Şərqin qovuşuğunda qərar tutub öz
nailiyyətləri ilə dünyanı heyran qoyan bu ölkəni
sinirə bilməyən düşmənləri, ürəyi
paxıllıqdan çatlayan qonşuları da.
Belə
bir möhtəşəm tədbirin keçirilməsində
başda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və
iradəsi, ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti və "Eurovision"
yarışmasını keçirən təşkilat komitəsinin
sədri Mehriban xanım Əliyevanın gündəlik ilgi və
qayğısı ilə yanaşı minlərlə
insanın zəhməti olmuşdur. Nazirindən tutmuş
xırda məmuruna, taksi sürücüsündən
tutmuş polis nəfərinə, otel xidmətçisindən,
mətbuat işçisindən tutmuş təyyarə
pilotunadək...
Bakının "hava qapısı". Hər bir əcnəbi
üçün Azərbaycan məhz bu məkandan
başlayır. Və deyilənə görə, ilk təəssüratın
sonrakı müsbət qənaət və təsəvvürlərin
formalaşmasında böyük əhəmiyyət var. Elə
həmin həqiqətdən çıxış edərək
əminliklə söyləmək olar ki, ulu öndərin
adını daşıyan Beynəlxalq Aeroport, mülki aviasiya
heyəti "Eurovision-2012" mahnı müsabiqəsinin
iştirakçılarını və qonaqları yüksək
səviyyədə qarşılayıb yola saldı. Həmin məqsədlə hava limanında kompleks tədbirlər
planı hazırlanıb həyata keçirilmiş,
böyük yenidənqurma və abadlıq işləri
görülmüşdür. Bu sırada xüsusi reyslərin,
eləcə də aerovağzal kompleksində, VİP salonlarda
və biznes-terminalda xidmətin nümunəvi təşkilini,
qonaqların qarşılanması və yola salınması
üçün xüsusi qrupların, təyyarələrin,
nəqliyyat xidmətinin, uçuş heyətinin və təyyarə
bələdçilərinin hazırlanmasını, aviasiya təhlükəsizliyinin,
gömrük və viza xidmətinin təmin edilməsini, habelə
müvafiq reklamların yerləşdirilməsi və s.
işləri göstərmək mümkündür.
"Eurovision
2012"-in iştirakçı və qonaqlarını
ayaqlarını Azərbaycan torpağına qoycaq
qarşılayan da, musiqi yarışmasından sonra onları
vətənlərinə uğurlayan, hələ bir desən
yol yoldaşlığı edən də "Azərbaycan Hava
Yolları"nın gülərüz və
mehriban personalı oldu. Və bəlkə də ömründə
bir də heç vaxt yolu Azərbaycana düşməyəcək bu adamların ölkəmiz,
xalqımız haqqında ürəklərinin bir guşəsində
bəsləyib yaşatdıqları xatirələrin
içində, heç şübhəsiz, milli aviasiya
işçilərimizin də yeri və payı var.
Milli aviasiya: dünəndən bu
günə
Azərbaycan
Respublikası 1992-ci il oktyabrın 9-da Beynəlxalq
Mülki Aviasiya Təşkilatının (İCAO), 2002-ci ilin
noyabr ayından isə Avropa Mülki Aviasiya Konfransının
üzvüdür. Hazırda 29 dövlətlə
hava əlaqəsi barədə hökumətlərarası
razılaşma imzalanıb, 22-si ilə razılaşma ekspertlər
səviyyəsindədir. 12 ölkə ilə
belə razılaşmanın əldə edilməsi barədə
2008-ci ildə yaradılmış Dövlət Mülki
Aviasiya Administrasiyası işgüzar danışıqlar
aparır. Bütövlükdə, Azərbaycan
mülki aviasiya üzrə 22 beynəlxalq konvensiyaya
qoşulub. Bu ilin aprel ayında iqtisadi əməkdaşlıq
üzrə Azərbaycan-ABŞ Hökumətlərarası
Komissiyanın III iclasında Azərbaycan Respublikası
Dövlət Mülki Aviasiya Administrasiyası ilə
ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında
birbaşa hava əlaqəsinin yaradılması
üçün texniki yardımın göstərilməsini
nəzərdə tutan qrant sazişi imzalanmışdır. Əlamətdardır
ki, elə həmin ərəfədə - aprelin 24-də AZAL-a
məxsus "Boeinq-767" tipli avialayner Heydər Əliyev
Beynəlxalq Aeroportundan Vaşinqton istiqamətində havaya
qalxıb və 10 saatdan sonra Vaşinqtonun Dalles hava
limanında yerə enib.
"Azal" müstəqil
Azərbaycanın mülki aviasiyasının öncülü
olmaqla fəaliyyət göstərdiyi ötən illər ərzində
əldə etdiyi zəngin təcrübə və peşəkarlıq
sayəsində daxili və xarici aviadaşımaların həyata
keçirilməsində özünü etibarlı tərəfdaş
kimi tanıtmışdır. Bu məqam
"Azərbaycan Hava yolları" QSC-nin öz fəaliyyətində
qarşıya qoyduğu başlıca prioritetlərdəndir və
bu gün ortada olan konkret nəticələr həmin
konsepsiyanın müvəffəqiyyətlə həyata
keçirildiyindən xəbər verir.
Azərbaycan iqtisadiyyatının son doqquz ildəki
dinamik inkişafı, ölkəmizin Qafqaz regionunun lider
dövlətinə, böyük bir siyasi-iqtisadi coğrafiyada əsas
söz və şəriksiz nüfuz sahibinə çevrilməsi
nəqliyyat infrastrukturunun da diversifikasiyası və
inkişafını şərtləndirmişdir. Aviasiya
bütün dünyada nəqliyyatın elitar və yüksək
texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır. O
güc, qüvvət və nüfuz deməkdir. Məhz
ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət
və qayğısı sayəsində mülki aviasiyamız
2003-cü ildən etibarən inkişafının keyfiyyət
və miqyası etibarı ilə yeni bir mərhələsinə
qədəm qoydu. Əgər
1991-2003-cü illərdə dörd təyyarə
alınmışdısa, 2003-2011-ci illərdə Azərbaycana
47 təyyarə və helikopter gətirilmişdir. Bu
gün Mülki Aviasiyanın büsbütün modernləşmiş
parkında 4 ədəd "Boeinq-757", 5 ədəd
"İL-76", 4 ədəd "A-319", 3 ədəd
"Qolfstrim", 7 ədəd "ATR", yenə də bir
o qədər "A-320", 1 ədəd "Boeinq-767", 2
ədəd "Boeinq-747", 3 ədəd "Cessna", 6 ədəd
"Evrokopter", 3 ədəd "Sikorski" və 7 ədəd
"Mi-8" təyyarə və helikopterləri istismar olunur.
İyun ayında daha 1 ədəd "Boeinq-767" sərnişin
və 2 ədəd "Boeinq-767" yük təyyarəsi
alınacaqdır.
"Azal"ın
həm professional-texniki baxımdan həm də imic olaraq
qarşısında duran ən böyük məqsədlərdən
biri uzaq məsafələrə, məsələn, ABŞ-a uçuşları həyata keçirməkdir.
Bunun üçün müəyyən audit prosedurlarından
keçmək lazım gəlir. Hazırda bu
prosesə planauyğun hazırlıq işləri gedir. Azərbaycanlı şahinlər ümid edirlər
ki, 2014-cü ildə Amerikanın hava məkanını fəth
edə biləcəklər. Nə
üçün məhz iki ildən sonra? Belə
ki, Azərbaycan tərəfi məhz həmin tarixdə iki ədəd
"Boeinq-787" drimlaynerini almaq barədə fəal
danışıqlar aparır. Qürurverici faktdır ki,
MDB məkanında ilk dəfə məhz Azərbaycan
"arzuların layneri" adlandırılan bu cür
supermüasir, dünyanın ən inkişaf etmiş ölkələrinin
malik olduğu hava gəmilərini öz aviaparkına daxil edəcəkdir. Qeyd etmək yerinə düşərdi
ki, Avrasiya regionu üzrə təqdimat turuna ilk dəfə Azərbaycandan
başlayan "Boeinq-787" aprelin 2-də Heydər Əliyev
Beynəlxalq Aeroportunda yerə enmişdir. Ölkənin
hava məkanına daxil olacaq yeni təyyarələr, heç
şübhəsiz, Yer kürəsinin ən müxtəlif
ünvanlarına yeni uçuşlar, yeni əlaqələr,
Azərbaycanın dünyaya yenidən tanıdılması sahəsində
növbəti addım olacaqdır.
Bu gün qanadlarında Azərbaycanın üçrəngli
bayrağını gəzdirən "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri
dünyanın 13 ölkəsinə, o cümlədən 28
şəhərə uçuşlar həyata keçirir. Azərbaycana
isə 15 ölkənin 33 şəhərindən 19 şirkət
tərəfindən aviareyslər reallaşdırılır.
Hazırda
Heydər Əliyev Beynəlxalq Aeroportundan London, Paris, Aberdin,
İstanbul, Təl-Əviv, Milan, Ankara, Dubay, Roma, Moskva, Kiyev,
Sankt-Peterburq, Vyana, Frankfurt və dünyanın digər şəhərlərinə
uçuşlar təşkil olunur. Bu hava
limanı hər gün 2500-3000 sərnişinə xidmət
göstərir.
Azərbaycan bu gün regionun lider ölkəsidir. Bu həqiqəti
ən müxtəlif beynəlxalq sorğu mərkəzləri,
sosial-iqtisadi təhlillə məşğul olan mərkəzlər
də təsbit edirlər. Sevindiricidir ki, həmin
birincilik statusunu respublikanın mülki aviasiya təsərrüfatı
da qoruyub saxlayır. Sərnişin
daşınması nöqteyi-nəzərindən hələlik
tranzit ölkə səviyyəsinə çatmasaq da, yük
daşınmasında Bakı prioritetlərini qoruyub
saxlayır. Mülki aviasiya
üçün əsas göstəricilərdən olan sərnişin
daşınması 1991-ci illə müqayisədə 35 dəfə,
sərnişin dövriyyəsi isə 33 dəfə
artmışdır. Analoji dövrdə
yükdaşıma sahəsində artım 57 dəfəni
keçmişdir. Mövcud olduğu illər
ərzində qazandığı zəngin təcrübə və
peşəkarlıq səviyyəsi Azərbaycan mülki
aviasiyasını daxili və xarici aviadaşımaların həyata
keçirilməsində etibarlı tərəfdaş kimi
tanıtmışdır.
AZAL bu il daha bir innovativ yeniliyə imza atacaqdır. Belə
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiyaya uyğun olaraq Azərbaycan
Hava Yolları şirkəti MDB məkanında ilk dəfə
olaraq "Azərfon" telekommunikasiya şirkəti və
İsveçrənin "OnAir" şirkəti ilə
imzalanmış birgə layihəyə əsasən səmada
öz sərnişinlərinə rabitə xidmətinin tam
çeşidini təklif edə biləcəkdir.
Ölkə Prezidenti İlham Əliyevin regionların
sosial-iqtisadi inkişafı ilə bağlı həyata
keçirdiyi kompleks tədbirlərin nəticəsi olaraq
bölgələrin xarici iqtisadi əlaqələrdə, eləcə
də beynəlxalq daşımalarda iştirakının həcmi
əhəmiyyətli dərəcədə artır. Məsələn,
Naxçıvan, Lənkəran, Gəncə, Zaqatala və Qəbələdə
müasir aeroportların tikilib istifadəyə verilməsi
respublikanın bütün bölgələrinin proporsional
inkişafı ilə yanaşı, həmin regionların
xarici tərəfdaşlarla iqtisadi "ünsiyyətini"
təmin edir. Bu, nəyi göstərir? Deməli, Azərbaycan Prezidenti tərəfindən
düzgün yönəldilmiş iqtisadi siyasət bölgələrin
sosial mənzərəsini, əhalinin rifah halını
yaxşılaşdırmaqla yanaşı, nəqliyyat
infrastrukturunun inkişafına da müsbət impuls verir.
Aviasiya sahəsində özəl bölmələr də
fəaliyyət göstərir və onlar 2001-ci ildə təsis
edilmiş "Silk Way Holding" Aviasiya Şirkətinin
struktur bölmələri kimi fəaliyyət göstərirlər. Şirkətin Əzimbala Əzimov,
Anatoli Yediyarov, Mübariz Cəfərov, Rasim Əsgərov,
Rafael Əliyev kimi mahir gəmi kapitanlarının idarə
etdikləri "İl-76", "An-12",
"Boeing-747" kimi yük təyyarələri üç
qitənin - Avropa, Asiya və Afrikanın şəhərlərinə
müntəzəm yük reyslərini həyata keçirirlər.
Azərbaycanın qürur mənbəyi
Hər gün Azərbaycanın
hava məkanından 200-dən artıq təyyarə
uçur.
Bakıda beynəlxalq standartlara cavab verən ilk
aerovağzal kompleksi ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə tikilib 1999-cu ildə istifadəyə verilmişdir.
Bu gün
böyük fəxrlə ulu öndərin adını
daşıyan aeroport binası memarlıq həlli, texniki təchizatı
ilə MDB məkanındakı analoqlarını bir boy
qabaqlasa da, ölkənin müasir inkişaf tempi ilə,
Prezident İlham Əliyevin milli aviasiyanın inkişafına
ayırdığı prioritet mövqe ilə ayaqlaşa
bilmirdi. Və ötən ilin mart ayında yeni aerovağzal
kompleksinin tikintisinə başlanması ilə bağlı ali Prezident iradəsi məhz belə bir
ehtiyacdan doğan zərurət kimi dəyərləndirilə
bilər.
Aprelin
20-də Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq
Aeroportunda yeni uçuş-enmə zolağının
açılışında iştirak etmiş, mövcud
aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə
tikinti işlərinin gedişi ilə tanış
olmuşdur.
"Azərbaycan
Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov dövlət
başçısına yeni uçuş-enmə
zolağının texniki xarakteristikası,
aparılmış yenidənqurma işləri barədə məlumat
vermiş, inşaat işləri dünyadakı ən son
yeniliklərə əsaslanan yeni aerovağzal kompleksinin istər
layihəsinin orijinallığına, istərsə də son elmi-texniki
yeniliklərə əsaslanmasına görə dünyada nadir
hava limanlarından biri olacağını bildirmişdir.
Hələ
1999-cu ildə ulu öndər Heydər Əliyev aerovağzal
kompleksində tikinti işlərinin gedişi ilə tanış olarkən demişdi: "Hava
limanı Azərbaycanın qapısıdır. Onu
gərək elə göstərək ki, Azərbaycana layiq
olsun". Belə bir layiqli, möhtəşəm
hava limanını tikib adını tarixə həkk etmək
şərəfi Azərbaycan Prezidenti İlham Əliyevə
qismət oldu.
"Biz sizin üçün yaranmışıq!" Bu, gəlişigözəl
kəlmələr deyil, sıralarında bir neçə min nəfərlik
zəhmətkeş və mehriban kollektivi birləşdirən
"Azərbaycan Hava Yolları"nın
hər bir potensial sərnişinə ünvanlanmış
devizidir. QSC rəhbərliyinin həyata
keçirdiyi cəsarətli təşkilati və idarəetmə
tədbirləri "AZAL"ı aviadaşımalarla məşğul
olan xarici şirkətlər üçün də
etibarlı və perspektivli tərəfdaşa
çevirmişdir.
Diqqətəlayiqdir ki, vaxtilə Azərbaycana ilk xarici sərmayələr
də məhz spesifik fəaliyyət sahəsi olan aviasiya vasitəsilə
gəlmişdi. Ölkənin mülki aviasiya təsərrüfatının
kifayət qədər möhkəm təməllər üzərində
durduğuna işarət verən Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2012-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında demişdir: "Mən hesab edirəm ki, bizim aviaşirkətimiz
"AZAL" xarici bazarlara çıxmalıdır,
baxmalıdır, bəlkə hansısa başqa aviaşirkəti
almaq olar. Hansısa başqa ölkələrdə iş
qurmaq olar, yəni, bu da dövlət dəstəyi hesabına
mümkün olacaqdır."
Bəli, bu gün Azərbaycanın mülki aviasiyası
ölkənin ümumi inkişafının, qüdrətli
iqtisadi potensialının güzgüsüdür. Elə bir
spesifik sahədir ki, Azərbaycanı xaricdə layiqincə təmsil
və təbliğ edə bilir.
"Uçuşa icazə
verirəm!"
"Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin əldə etdiyi
uğurların fəlsəfəsi çox sadədir: dövlət
başçısının bu vacib sahəyə mütəmadi
qayğısı, ağıllı və praqmatik idarəetmə
və bir də insan kapitalı. Bəli, bu təşkilatda
ölkənin sənaye infrastrukturunun çox spesifik, unikal
kadr ehtiyatı cəmlənib. Burada hələ
sovet aviasiya məktəbinin sonuncu "mogikanları" ilə
çiyin-çiyinə milli təyyarəçilik məktəbinin
nümayəndələri də çalışır.
Azərbaycanda milli aviasiya kadrları
hazırlayan elm-təhsil ocağının
açılması müstəsna hadisədir. Hələ
ulu öndər Heydər Əliyev deyirdi ki: "Mən
xoşbəxtəm ki, Azərbaycan mülki aviasiyasının
öz milli kadrları - təyyarəçiləri, mühəndis
və mütəxəssisləri var və onlar bizim
aviasiyamızı gələcəkdə də inkişaf etdirəcəklər".
Milli Aviasiya Akademiyası (MAA) həqiqətən, Azərbaycanın
müstəqilliyinin nailiyyətlərindən biridir. 1992-ci ildə
MAA bir fakültə, iki ixtisas və 80 tələbə ilə
fəaliyyətə başlamış, sonrakı illər
altı ixtisas üzrə mütəxəssis
hazırlığı aparılmışdır.
Düz deyiblər ki, böyük işlərin öhdəsindən
yalnız böyük insanlar gəlməyə qadirdirlər. Milli Aviasiya Akademiyasına
1996-cı ildən etibarən dünya şöhrətli alim,
görkəmli elm təşkilatçısı, akademik Arif
Paşayevin rəhbərlik etməsi bu gün həmin ali məktəbdəki təhsilin, elmi
potensialın və maddi bazanın vəziyyəti barədə
ən dürüst məlumatı verir. Bu
gün Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssislərin
hazırlanması və təkmilləşdirilməsinə
hüquq verən sertifikatına layiq görülmüş
akademiyada 2300-ə yaxın tələbə 17 ixtisas üzrə
aviasiyanın sirlərinə yiyələnir.
Ötən
illər ərzində akademik Arif Paşayevin rəhbərliyi
ilə Milli Aviasiya Akademiyasının infrastrukturu və
maddi-texniki bazası sürətlə inkişaf etmiş, yeni
tədris korpusları və inzibati binalar inşa edilmiş, tədris
prosesi müasir tələblərə uyğun təkmilləşdirilmiş,
yeni ixtisaslar, kafedra və fakültələr
açılmış, "Uçuş mühəndisliyi" ixtisası üzrə ingilis dilində
tədris təşkil edilmişdir.
Mülki aviasiyanın inkişafı, nəqliyyatın bu
vacib seqmentinin nüfuzunun artması gənclərdə Aviasiya
Akademiyasına maraq və axını
artırmışdır. Əgər 1992-97-ci
illərdə bu təhsil ocağına qəbul 50-97 nəfər
təşkil edirdisə, 2011-12-ci illərdə həmin
göstərici 507 nəfərə çatmışdır.
Akademiya 2012-ci ilin yanvar ayında Avropa Mülki Aviasiya
Konfransının (ECAC), mayın 30-da isə Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyasının (İATA) təlim mərkəzi şəbəkələrinə
qəbul edilmişdir. Bir neçə gün öncə isə
MAA "Təhlükəli yüklərin hava nəqliyyatı
ilə daşınması" üzrə İATA-nın
regional tədris mərkəzi statusunu təsdiq edən
sertifikat almışdır.
MAA-da ən
müasir avadanlıqlarla, ixtisaslaşdırılmış
auditoriyalarla, laboratoriya və kitabxanalarla təchiz olunmuş beş tədris korpusu, Elmi-tədqiqat nəqliyyat
və aviakosmik problemləri institutu, trenajor mərkəzi, təcrübə-sınaq
istehsalatı, konstruktor bürosu, idman-otel kompleksi, Aviasiya
tarixi muzeyi, habelə lokal hesablama mərkəzi və digər
struktur bölmələri fəaliyyət göstərir. Tədris
prosesində 350 nəfərdən çox elmi-pedaqoji heyət
iştirak edir ki, onlardan üç nəfəri AMEA-nın
akademiki, üçü müxbir üzv, 30-a yaxını
elmlər doktoru və 100-ə yaxını elmlər namizədidir.
Böyük zəhmət və keyfiyyətli təhsil
öz bəhrəsini verir. Hazırda
Akademiyanın məzunları ölkənin mülki aviasiya
sistemində istismar olunan bütün modifikasiyalardan olan təyyarə
və helikopterlərdə gəmi kapitanı, ikinci pilot,
aviasiya nəqliyyat sisteminin bütün struktur bölmələrində
mühəndis, mütəxəssis və bir sıra rəhbər
vəzifələrdə əzmlə çalışaraq
MAA-nı ləyaqətlə təmsil edirlər. Və bu müvəffəqiyyətlərin
hamısının mənəvi rəhbəri təhsil müəssisəsinin
rektoru, akademik Arif Paşayevdir. Müxtəlif vaxtlarda
Arif müəllim Dövlətlərarası Aviasiya Komitəsinin
"Qızıl medal"ına və Beynəlxalq Mühəndislik
Akademiyasının "Yubiley Qızıl medal"ına
layiq görülmüş, Azərbaycan elminin
inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə "Şöhrət"
və "Şərəf" ordenləri ilə təltif
edilmişdir.
* * *
Dövlət başçısı Azərbaycanın
mülki aviasiya mütəxəssislərinin əməyini həmişə
yüksək qiymətləndirmişdir. Bu
qayğının daha bir bariz təcəssümü kimi iyun
ayının 2-nin Azərbaycan mülki aviasiya işçilərinin
peşə bayramı günü kimi təsis edilməsini
göstərmək olar. Mülki aviasiyanın
inkişafındakı xidmətlərinə görə Azərbaycan
Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov və pilot Əzimbala
Əzimov "Şöhrət" ordeni, Cəfər Nəzərov,
Adil Quliyev, Cahangir Əsgərov, Şəmsəddin Mirsalayev,
İlham Əmirov, Vladimir Andropov, Xeyrulla Aslanov və Tahir
Ağaquliyev "Əməkdar pilot" fəxri adına layiq
görülmüşlər.
* * *
"Diqqət! Diqqət! Bir neçə dəqiqədən sonra təyyarəmiz
Heydər Əliyev
Beynəlxalq Aeroportunda yerə enəcək!.."
Səmanın ənginliyindən ildırım tək
şığıyan hava gəmisi zümrüd Xəzərin
üzərində dövrə vuraraq uçuş-enmə
zolağına enir. İllüminatorlardan açılan, sonra isə şəhərin
qonaqlarının gözləri qarşısında canlanan mənzərə,
sözün əsl mənasında, adamı heyrətə gətirir
- hava limanı, aerovağzalın yeni binası, Heydər Əliyev
prospekti və bir də füsunkar Bakı...
Xalid NİYAZOV,
Məhərrəm SƏFƏRLİ,
"AZAL" QSC-nin xidmət rəisi
Azərbaycan.- 2012.- 2 iyun.- S. 3.