Türkiyədə
Azərbaycan mədəniyyəti günləri keçirilir
Türkiyənin paytaxtındakı "CerModern" İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi olmuşdur.
Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin rəmzi açılışını bildirən lenti kəsmişlər. Qeyd olunmuşdur ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq haqqında protokola əsasən reallaşır.
Ə.Günay açılış mərasimində demişdir ki, bu tədbir əslində bir xalqın musiqisinin, mədəniyyət incilərinin və mədəni irsinin nümayişidir. Çünki Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir.
Ə.Qarayev vurğulamışdır ki, bu tədbir iki qardaş ölkənin əlaqələrinin tarixində yeni bir səhifə açır. Biz bütün sahələrdə əlaqələrin, o cümlədən mədəni əməkdaşlığın gücləndirilməsində göstərdikləri səylərinə görə, ilk növbədə, ölkələrimizin rəhbərlərinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, Türkiyə tərəfinə də yüksək təşkilatçılıq və qonaqpərvərlik üçün minnətdarlığımızı bildirir, bu gündən etibarən Azərbaycanda da Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi üçün hazırlıq işlərinə başlanıldığını bəyan edirik.
Türkiyədə ilk dəfə keçirilən, ziyalılardan və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimindən sonra Ankaranın Ulus rayonundakı teatr binasında konsert olmuşdur. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət Rəqs Ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev, müğənni Azərin və beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev konsertdə çıxış etmişlər.
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər mərasimdə iştirak etmişlər.
Mədəniyyət Günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaqdır.
Mədəniyyət Günləri iyunun 21-də İzmir şəhərindəki tədbirlərlə başa çatacaqdır.
* * *
Mədəniyyət Günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans keçirilmiş, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi təşkil olunmuşdur.
Elmi konfransın təşkilatçıları Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirlikləri, TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi və Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyidir.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək Mədəniyyət Günlərini və bu çərçivədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə keçirilən konfransı əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Konfransda "Nizami Gəncəvinin dünya poeziyasına təsiri" mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov vurğulamışdır ki, tarix boyu bir çox xalqlar Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə sahiblənmək istəmişlər. Lakin tarix təkzibolunmaz şəkildə sübut edir ki, Nizami Gəncəvi məhz Azərbaycan şairidir. Dahi şairin həyatı boyu Gəncədə yaşaması da bunu göstərir. Ulu öndərimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə bu şəhərdə Nizami Məqbərəsi ucaldılmış, şairin xatirəsi Azərbaycanın paytaxtı Bakı başda olmaqla, demək olar ki, bütün şəhərlərdə əbədiləşdirilmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Nizami Gəncəvi yaradıcılığının musiqi sənətimizə təsirindən bəhs etmişdir. Diqqətə çatdırmışdır ki, hələ XVI əsrdə muğam sənətçilərimiz Nizaminin qəzəllərindən bəhrələnirdilər. 1941-ci ildə dahi şairin 800 illik yubileyi zamanı klassik musiqimizin banisi Üzeyir Hacıbəyli "Nizami" kantatasını, sonradan isə onun qəzəllərinə "Sevgili canan" və "Sənsiz" romanslarını bəstələmişdir.
Üzeyir Hacıbəylinin davamçıları da Nizami yaradıcılığına müraciət etmişlər. 1948-ci ildə Əfrasiyab Bədəlbəylinin "Nizami" operası səhnəyə qoyulmuş və dahi sənətçimiz Bülbül baş rolu ifa etmişdir. Görkəmli bəstəkarımız Fikrət Əmirovun "Nizami" simfoniyası və birpərdəli "Nizami" baleti də milli musiqimizin incilərindəndir.
Vurğulanmışdır ki, Nizami Gəncəvi yaradıcılığının klassik musiqimizdə ecazkar nümunələri dahi bəstəkarımız Qara Qarayevin adı ilə bağlıdır. Onun 1947-ci ildə bəstələdiyi "Leyli və Məcnun" simfonik poeması maestro Niyazinin dirijorluğu ilə dünyanın ən məşhur səhnələrində səslənmişdir. Bəstəkarın "Yeddi gözəl" baleti isə təkcə Azərbaycanın deyil, sovet balet musiqisinin incilərindən biri olmuşdur.
Konfransda Qazi Universitetinin professoru Əflatun Nemətzadənin "Nizami Gəncəvinin əsərləri səhnədə" və dosent Yakup Öməroğlunun "Nizaminin əsərləri Türkiyə türkcəsində" mövzusunda məruzələri dinlənilmişdir.
Türkiyənin opera ifaçıları ölməz Nizami Gəncəvinin sözlərinə bəstələnmiş "Sənsiz" və "Sevgili canan" romanslarını ifa etmişlər.
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri iyunun 21-də İzmir şəhərindəki tədbirlərlə başa çatacaqdır.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 20 iyun.- S. 5.