Azərbaycanın təhsil tarixinə elmi baxış

 

"Azərbaycan təhsili, məktəbləri sona çatmış XX əsrdə çox böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf etdirmək üçün bir çox işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil tarixi yazılsa, - bu tarix yazılmalıdır, -  şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaq və tapmalıdır".

 

Heydər ƏLİYEV

 

 

 Bəşər sivilizasiyasına böyuk töhfələr bəxş etmiş Azərbaycan xalqı özünün zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyur. Milli təhsil sisteminin müxtəlif mərhələlər üzrə keçdiyi keşməkeşli, çətin yolun uğurları o qədər maraqlı və çoxşaxəlidir ki, bu prosesə hər bir müəllif baxışı yeni həqiqətlərə parlaq işıq salır, tərəqqiyə xidmət edən təkliflərə, ideyalara, mülahizələrə yol açır.

Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun "Təhsil" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış üç cildlik "Azərbaycan təhsil tarixi" kitabı milli təhsil sisteminin tarixi inkişaf yolunun sanballı salnaməsi olmaqla yanaşı, əhatə dairəsinə, ideya məzmununa, təhsil problemlərinə analitikrasional yanaşma üslubuna görə diqqəti çəkən əsərlərdəndir. İndiyə qədər pedaqoji fikir tariximizin bir çox tanınmış simaları təhsilin ayrı-ayrı mərhələlərini araşdırma predmetinə çevirsələr də, ilk dəfə olaraq məhz bu çoxcildlikdə təhsil tariximiz əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur. Əsər ideya dəyəri ilə indiyə qədər təhsil mövzusuna həsr olunmuş bir sıra nəşrlərdən müsbət mənada fərqlənir.

Çoxcildlik vasitəsilə oxucu fasiləsiz təhsilin bütün mərhələlərini pillə-pillə izləmək, bu mərhələlər arasındakı üzvi bağlılığı, qarşılıqlı əlaqəni öyrənmək, müqayisə əsasında real nəticələr çıxarmaq imkanı əldə edir. Görkəmli maarif fədailərinin, mütəfəkkirlərinin, pedaqoqların həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və cəsarət haqqında qısa oçerklər xüsusilə maraq doğurur. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası adlandırmaq mümkündür. Əsərin yazılmasında memuar janrı çalarlarından da istifadə olunması onu daha maraqlı və oxunaqlı edir.

Kitabda verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400-dən çox Azərbaycan ziyalısının adı toplanmış siyahı milli təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından  əhəmiyyətli sayıla bilər.

"Azərbaycan təhsil tarixi" əsərinin I cildi ən qədim dövrlərdən Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna - 1920-ci ilin aprel işğalına qədər olan tarixi əhatə edir. Bu böyük zaman kəsiyində təhsilin keçdiyi yolun bütün mərhələləri - qədim məktəblərin, mədrəsələrin, dini və dünyəvi təhsil ocaqlarının yaranması, ilk dərslik nümunələrinin meydana gəlməsi, ümumilikdə Azərbaycan xalqının mədəniyyət tarixində təhsilin yeri  ardıcıl və əhatəli şəkildə göstərilmişdir.

Əsərin hazırlanmasında tədqiqatçı alimlərin "Şərqdə təhsillə bağlı humanist, demokratik fikirlər Qərbdən xeyli əvvəl formalaşmış və inkişaf etmişdir" - fikri metodoloji əsas kimi götürülmüşdür. Kitabın "Qədim və orta əsrlərdə Azərbaycanda təhsil" adlanan I fəslində ilkin nişanələri Gəmiqaya, Oğlanqala, Kültəpə və Qobustandakı daş kitabələr üzərində günümüzədək gəlib çatan yazı və oxu mədəniyyətinin keçdiyi tarixi yola nəzər salınır.

Müəllif Azərbaycanda ilk savad verən məktəblərin mövcudluğunu, VI-XIV əsrlərdə bu məktəblərin bütün dünyada məşhurlaşdığını, XVI-XVIII əsrlərdə Azərbaycan təhsilində milliləşmə meyillərinin inkişaf etdiyini yazır. İlk cildin "XIX əsrdə Azərbaycanda təhsil" adlanan fəslində isə XIX əsrdə ölkədə Avropa tipli təhsil sisteminin formalaşdığı vurğulanır. Qeyd olunur ki, bu tarixi mərhələdə Çar Rusiyasındakı maarifçilik hərəkatının Azərbaycana təsiri də qabarıq duyulmuş, yeni məktəblərin, qəzaların, mədrəsələrin açılması istiqamətində ilk addımlar atılmışdır. Həmin dövrdə milli məktəb, milli dərslik və tərbiyə problemlərini həll etməyə qadir görkəmli ziyalılar yetişmiş, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi və digər şəxsiyyətlərin xidmətləri ön plana çəkilmişdir. Eləcə də milli burjuaziya nümayəndələrinin, messenatların, xüsusilə də, Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, Musa Nağıyevin, İsmayıl bəy Hacınskinin millətin maariflənməsi, savadlanması, mədəni və intellektual səviyyəsinin yüksəlməsi yolunda atdıqları əzmkar addımlardan, xeyriyyəçilik tədbirlərindən geniş söhbət açılmışdır.

Birinci cildin "XX əsrin əvvəllərində Azəbaycanda təhsil" adlanan III fəslində XIX əsrin sonu XX əsrin əvvəllərində ölkədə rus dilində ortaali təhsil görmüş azərbaycanlı gənclərdən ibarət ziyalı təbəqəsinin formalaşması faktına xüsusi toxunulur. Burada həmçinin Azərbaycanın onlarla görkəmli ziyalısının Avropanın, Türkiyənin, Rusiyanın ali təhsil müəssisələrində yüksək təhsil alması, yeni məktəblərin açılması, Azərbaycan müəllimlərinin ilk qurultayının keçirilməsi, qadınlar üçün dünyəvi məktəblərin təşkili, ruhani mədrəsələri əleyhinə çağırışların güclənməsi və sair məsələlər barədə maraqlı faktlar yer almışdır.

Birinci cildin son fəsli Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki milli siyasətinin şərhinə həsr olunmuşdur. Kitabda həmin dövrdə maarif işinin yüksək səviyyədə təşkili, tədris və teatr müəssisələrinin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması, orada dərs deyən müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələlərinə də diqqət yetirilir. Xalq Maarifi Nazirliyinin yaradılması və fəaliyyəti, yeni məktəblərin, pedaqoji kursların təşkili, yeni dərsliklərin nəşri, azərbaycanlı gənclərin xaricə ali təhsil almağa göndərilməsi, xüsusilə də, Bakı Dövlət Universitetinin açılması cümhuriyyət hökumətinin bu sahədəki uğurlu fəaliyyəti kimi təqdim olunur.

"Azərbaycan təhsil tarixi" əsərinin II cildində təhsil tariximizin 1920-1991-ci illəri əhatə edən dövrü tədqiq olunmuş, sovet hakimiyyətinin təhsil quruculuğunun spesifik cəhətlərinin, uğur və çatışmazlıqlarının elmi-politoloji  rakursda təhlili verilmişdir. Müəllif sovet təhsil sisteminə münasibətdə müəyyən  inkarçı və nihilist yanaşmanı düzgün saymayaraq bu qənaətini oxucu ilə bölüşür ki, keçmiş rejimin ideoloji buxovlarına, repressiyalarına, milli ruha qarşı total hücumlarına baxmayaraq, həmin dövrdə Azərbaycanın təhsil sistemi inkişaf etmiş, savadsızlıq aradan qaldırılmış, görkəmli ziyalılar nəsli formalaşmışdır.

Əsər Azərbaycanda 70 illik sovet təhsilinin obyektiv salnaməsini əks etdirməklə, ayrı-ayrı mərhələlərdə həyata keçirilən islahatlara aydın işıq salır. Müvafiq fəsillərdə təhsilin ayrı-ayrı pillələrinin inkişaf tarixi, bu tarixi yaradan insanlar, həmin dövrün təhsillə bağlı mühüm dövlət sənədləri, pedaqoji mətbuat, elmi-pedaqoji kitabxanaXalq Maarifi Muzeyi barədə dolğun məlumatlar əksini tapmışdır.

Əsərdə ötən əsrin 60-cı illərinin sonunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra milli təhsil sisteminin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu xüsusi vurğulanır. Müəllif yazır ki, Heydər Əliyevin rəhbərliyi dövründə respublikada geniş məktəb quruculuğu işləri aparılmış, 1970-1980-ci illərdə 683,1 min şagird yerlik 1191 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdir. Kitabın V fəslində 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin ali təhsilin sağlamlaşdırılması, keyfiyyətinin yüksəldilməsi, azərbaycanlı kadrların keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi məsələlərinə geniş toxunulmuşdur.

"Azərbaycan təhsil tarixi" kitabının III cildində müstəqillik illərində milli təhsil sisteminin inkişafından bəhs olunur. 7 fəsildən ibarət bu cilddə Azərbaycan təhsilinin inkişafı tarixi şərti olaraq 3 mərhələyə bölünmüşdür. Müəllifin qənaətincə, 1991-1993-cü illəri əhatə edən birinci mərhələdə sovet təhsil sistemi ciddi tənəzzülə uğramış, yeni sistemin formalaşması bir sıra ciddi problemlərlə, çətinliklərlə müşayiət olunmuşdur. Bu dövrdə təhsil müəssisələrinin maddi-texniki bazası dağıdılmış, şadirdlərə dərsliklərin pulsuz verilməsi dayandırılmış, uşaqların icbari təhsilə cəlb olunması səviyyəsi aşağı düşmüşdü. Eyni zamanda, müəllif ən qabiliyyətli, bilikli, savadlı təhsil işçilərinin, xüsusilə, ali təhsil məktəbləri professorlarının dolanışıq dalınca Türkiyəyə, İrana, Rusiyaya, Avropa ölkələrinə üz tutmasını, xarici ölkələrlə təhsil sahəsində əlaqələrin kəsilməsini həmin dövrün ciddi problemləri kimi xatırladır. 

Müəllif hesab edir ki, müstəqillik illərində Azərbaycan təhsilinin inkişafında II mühüm mərhələ 1993-2003-cü illəri əhatə edir. Qeyd olunur ki, bu mərhələdə sabitləşmə meyillərinin təhsilin inkişafına nüfuz etməsi, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların qəbulu, təhsilin keyfiyyətinə nəzarətin güclənməsi, beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlanması dövrü kimi yadda qalmışdır. Kitabda ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafı naminə həyata keçirdiyi islahatlar geniş təhlilə cəlb olunmuş, 1998-ci il martın 30-da imzalanmış "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında" sərəncamın əhəmiyyətindən bəhs olunmuşdur. Eyni zamanda, 1999-cu ildə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın qəbulundan sonra təhsil sistemində mütərəqqi islahatların aparıldığı, bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm addımların atıldığı qeyd olunmuşdur.

Kitabda 2003-cü ildən sonrakı dövr müstəqillik illərində Azərbaycan təhsilinin inkişafında III mərhələ kimi təsnif olunurköklü islahatlar mərhələsi kimi dəyərləndirilir. Ayrı-ayrı fəsillərdə Prezident İlham Əliyevin 2003-cü ildən ölkədə təhsil sahəsində həyata keçirdiyi islahatlar geniş təhlil olunur, təhsilin təşəkkülü məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə inkişaf amilləri əksini tapır. Müəllif yazır ki, məhz bu dövrdə təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur. "Ölkəmizin iqtisadi qüdrətinin artması təhsilə yönəldilən investisiyaların həcmini əhəmiyyətli şəkildə artırmış, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildəki 243 milyon manatdan 2011-ci ildə 1,5 milyard manata yüksəlmişdir. İnvestisiya xərcləri də 2004-cü ildəki 5 milyon manatdan 2011-ci ildə 273 milyon manata çatmışdır. Düşünürəm ki, bu mərhələni Azərbaycan təhsilinin intibah dövrü adlandırsaq, heç də yanılmarıq" - deyə müəllif vurğulayır.

III cildin ayrı-ayrı fəsillərində həmçinin prioritetlər sırasında insanın inkişafında təhsilin rolu, təhsil alanlar üçün bərabər imkanların yaradılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, idarəetmənin təkmilləşdirilməsi, bütün təhsil pillələri üzrə yeni kurikulumkadr hazırlıqları, ixtisasartırma sistemində yeni modellərin tətbiqi, Avropa təhsil məkanına inteqrasiya istiqamətində ali təhsil sistemindəki islahatlar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə geniş toxunulmuşdur. Bütün bunlarla yanaşı, təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edən digər əhəmiyyətli məqamlar şərh edilməklə yanaşı, gələcək fəaliyyət istiqamətləri aydın şəkildə göstərilmişdir.   

Milli təhsilimizin tariximüasir inkişaf yolunu dolğun şəkildə əks etdirən "Azərbaycanın təhsil tarixi" çoxcildliyi təkcə təhsil ictimaiyyətinin nümayəndələri üçün deyil, elm və təhsil sahəsində tədqiqat aparan mütəxəssislər, məktəb, pedaqoji fikirmaarifçilik hərəkatı ilə əlaqədar problemləri öyrənənlər, ümumilikdə, geniş oxucu auditoriyası üçün zəngin ensiklopedik mənbədir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 6.