E.ARASLI: İraq bizə dost və yaxın ölkədir

 

 Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) məxsusi müsahibə vermişdir. Həmin müsahibənin  mətnini təqdim edirik.

- Cənab səfir, kütləvi informasiya vasitələrində sizin İraqa səfəriniz barədə xəbərlər verilmişdir. Siz bu ölkəyə səfərinizin məqsədləri barədə danışa bilərdinizmi?

- Bəli, həqiqətən, bu il iyunun 10-dan 13-dək mən və bizim İordaniyadakı səfirliyimizin üçüncü katibi Emil Ağaəhmədov İraqda olmuşuq. Səfərin məqsədi Vətənə qayıtmazdan əvvəl İraqın - 2008-ci ildən Azərbaycanın əvəzçilik üzrə səfiri kimi akkreditə edilmiş olduğum bu ölkənin rəsmi və ictimai dairələrinin nümayəndələri ilə vidalaşmaq idi. Orada İraq Prezidenti Cəlal Tələbani, baş nazir Nuri əl-Maliki və bəzi nazirlərlə görüşlərin təşkil edilməsi, həmin görüşlər zamanı, o cümlədən Azərbaycan-İraq əməkdaşlığı məsələlərinin də müzakirə edilməsi nəzərdə tutulurdu. Təəssüf ki, biz İraqda olarkən Prezident Cəlal Tələbani və baş nazir Nuri əl-Maliki Bağdaddan kənarda idilər. Prezident ölkənin şimalında, Süleymaniyyədə idi, hökumət başçısı isə Nəsiriyyə əyalətində Nazirlər Kabinetinin səyyar iclasını keçirirdi. Prezident ilə görüşmək üçün Süleymaniyyəyə uçmağımızı təklif etdilər, lakin vaxt məhdudluğu və müəyyən texniki çətinliklər bizim həmin təklifdən yararlanmağımıza imkan vermədi.

Bağdadda İraq tərəfin məsul şəxsləri ilə görüşlərimiz oldu, bu görüşlər zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıldı. Görüşlər və söhbətlər tam qarşılıqlı anlaşma şəraitində keçdi. Xüsusi vurğulamaq istəyirəm ki, İraq tərəfi bu dəfə də ərəblərə xas olan ənənəvi qonaqpərvərlik nümayiş etdirdi, bizi çox səmimi qəbul etdi.

- Elman müəllim, məlum olduğu kimi, son illərdə Azərbaycan ilə İraq arasında münasibətlər permanent inkişaf edir, yeni-yeni sahələri əhatə edir. İraqa bu səfəriniz zamanı konkret hansı məsələlərin müzakirə edildiyini deyə bilərdinizmi?

- Sizin sualınıza cavab verməzdən əvvəl bir mühüm məqama diqqəti cəlb etmək istərdim. İraq bizə ən yaxın ərəb ölkəsidir. Mən bu ölkənin Azərbaycana coğrafi yaxınlığını, həmçinin ortaq tarixə, mənəvi və mədəni ənənələrə malik olmağımızı nəzərdə tuturam. 1967-1974-cü illərdə mən İraqda diplomatik işdə çalışmışam və iraqlılarla hər gün ünsiyyətdə olduğum yeddi il ərzində yəqin etmişəm ki, Azərbaycan və İraq xalqları arasında əsrlər boyu təşəkkül tapmış möhkəm əlaqələr bu gün də əməkdaşlıq üçün yaxşı zəmindir. Buna görə də təəccüblü deyildir ki, əlaqələrin inkişaf etdirilməsinə hər iki ölkənin maraq göstərməsi sayəsində son vaxtlar həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlarda birgə fəaliyyət çərçivəsində əlaqələrimiz uğurla inkişaf edir.

Biz Bağdadda olmağımızdan istifadə edərək İraq tərəfə BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO və digər təşkilatlarda Azərbaycanın təşəbbüslərini daim dəstəkləməsinə görə minnətdarlığımızı bildirdik.

Uzun illərdir ki, Bakıda İraq diplomatik missiyası fəaliyyət göstərir. Bağdadda da bizim səfirliyin açılması barədə qərar qəbul edilmişdir. Biz iraqlı dostlarımıza bildirdik ki, hazırda Bakıda bu qərarın həyata keçirilməsi məsələləri üzərində gedir. İraq xarici işlər nazirinin müavini Labid Əbbavi və İraq xarici siyasət idarəsinin digər məsul əməkdaşları ilə görüşlər zamanı müsahiblərimiz səfirlik açılması məsələsinin həllini sürətləndirməyin zəruri olmasını dəfələrlə vurğuladılar və azərbaycanlı diplomatların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görüləcəyini vəd etdilər.

Söhbətlərdə Azərbaycan-İraq əməkdaşlığı üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətə başlaması və onun ilk iclasının Bakıda keçirilməsi məsələsinə xüsusi diqqət yetirildi. Biz iraqlı dostlarımıza xatırlatdıq ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri və üzvləri artıq təsdiq edilmişlər və biz İraq tərəfdən oxşar qərar gözləyirik. İraqlılar birgə komissiyanın fəaliyyətinə start vermək üçün onun İraq hissəsinin formalaşması ilə əlaqədar bütün məsələlərə baxılmasını ən yaxın vaxtlarda başa çatdıracaqlarını vəd etdilər.

Nazirlər Kabinetində və Xarici İşlər Nazirliyində görüşlərimizdə energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bununla əlaqədar biz Azərbaycan ali məktəblərində neft sənayesi sahəsində İraq üçün milli kadrlar hazırlamağa geniş imkanlar olduğunu qeyd etdik, həmçinin İraqa Azərbaycanda istehsal edilən neft avadanlığı göndərməyə hazır olduğumuzu təsdiqlədik. Baş nazirin müşaviri Corc Bakas bu təklifləri ölkə rəhbərliyinin nəzərinə çatdıracağını vəd etdi.

Müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman, habelə başqa sahələrdə əməkdaşlıq məsələləri də müzakirə mövzusu oldu.

- Bəs İraqda siyasi şərait və təhlükəsizlik sahəsində vəziyyət barədə nə deyə bilərsiniz? Dünya KİV-ləri, demək olar ki, hər gün İraqda dinc əhali arasında çoxsaylı insan tələfatına və böyük dağıntılara səbəb olan terror aktları və partlayışlar barədə məlumatlar yayırlar. Siz İraqa bundan əvvəlki səfərinizlə müqayisədə vəziyyətin yaxşılığa doğru dəyişməsini hiss etdinizmi?

- Təfərrüata varmadan deyə bilərəm ki, müəyyən yaxşılaşma nəzərə çarpır. Ciddi hərbi, siyasi və maliyyə səyləri bahasına da olsa, bir sıra mühüm məsələləri həll etmək mümkün olmuşdur. İşğalçı qoşunlar ölkəni tərk etmişlər. Yeni Konstitusiya qəbul edilmişdir. Bu sənəddə, o cümlədən İraq Respublikasının ərazi bütövlüyünün toxunulmazlığı elan edilir. Ölkə parlamentinə və əyalətlərin qanunvericilik orqanlarına seçkilər keçirilmişdir. Yeni icra hakimiyyəti strukturlarının yaradılması, milli ordununDaxili İşlər Nazirliyinin yeni strukturunun formalaşması üzrə davam edir. İraq hökuməti beynəlxalq aləmdə tanınmışdır.

Əlbəttə, ölkədə vəziyyətin sabitləşməsinə yönəlmiş bu və digər tədbirlərin məcmusu təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşmasına gətirib çıxarmışdır. Lakin elə təsəvvür yaranır ki, göstərilən müsbət meyillər hələlik davamlı deyildirİraqda hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır.

Təhlükəsizliyə riayət edilməsi məqsədilə bizim Bağdad səfərimiz əsasən "yaşıl zona" deyilən ərazi ilə məhdudlaşırdı, şəhərdə fiziki müdafiə qrupunun müşayiəti ilə zirehli avtomaşınlarda hərəkət edirdik.

Söhbətimizin sonunda mən bu səfər dövründə keçirdiyim hissləri bölüşmək istərdim. İraqlı tərəfdaşlar, həmkarlar və dostlarla əlaqələrimiz barədə ən xoş təəssüratlar qalmışdır. Həyatımın yeddi ilini keçirdiyim, kifayət qədər yaxşı tanıdığım və sevdiyim Bağdad şəhərinin özü isə mənə ağır təsir bağışladı. Çərxi-fələyin işinə baxın ki, bu şəhərin təməlini qoymuş xəlifə Cəfər əl-Mənsur onu "Mədinət əs-Salam" ("Sülh şəhəri") adlandırmışdır. Altı əsr ərzində çox böyük bir imperiyanın paytaxtı olmuş Bağdad artıq X əsrdə Yaxın Şərqdə ən iri iqtisadi, ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Sehirli "Min bir gecə" nağıllarının qəhrəmanları Harun ər-Rəşid və əfsanəvi Şəhrizad bu şəhərdə yaşamışlar. Azad fikirli şair Əbu Nüvasustad qəzəlxan, bizim böyük Füzuli öz ölməz əsərlərini bu şəhərdə yaratmışlar. Hətta XIII əsrdə Abbasilər dövlətinin tənəzzülündən sonra da Bağdad uzun müddət elm və incəsənət mərkəzi kimi qalmışdır. Bu qədim şəhərdə ucaldılmış memarlıq nümunələrinin çoxu UNESCO tərəfindən dünya əhəmiyyətli mədəni-tarixi dəyərlərə malik olan abidələr hesab edilmişdir.

Bir vaxtlar möhtəşəmliyi ilə seçilən bu şəhər nə günə düşmüşdür! Kimsəsiz küçələri, çınqıl, daşzibil qalaqları ilə dolu nəhayətsiz beton hasarları, güllələrin dəlik-deşik etdiyi binaların divarlarını, dağıdılmış yolları, partlamış mərmilərin əmələ gətirdiyi çalaları, dağıdılmış körpüləri, eybəcər hala salınmış avtomobilləri görəndə keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Doğmalarını və yaxınlarını itirmiş, cəhənnəm əzabı ilə üzləşmiş, daim qorxu içində yaşayan adamların ümidsizlik yağan sifətlərinə baxanda insanın qəlbində onların halına acımaq hissi oyanmaqla bərabər, qədim Mesopotamiya torpağında törədilmiş ağılsız faciəyə qarşı etiraz səsi ucalır.

Buna baxmayaraq, iraqlı dostlarım söyləyirdi ki, ümidsizlik həddinə çatdırılmış insanlar hətta bu dəhşətli şəraitdə də yaranmış vəziyyətdən çıxış yolları tapmağa çalışırlar. İraqlıların üzləşdiyi çətin sınaqlara, verdikləri qurbanlara baxmayaraq, bu inadkareyni zamanda, nikbin insanlar öz milli xarakterinə sadiq qalmışlar. Buna görə onlar hörmətə layiqdirlər. Demək olar ki, tamam dağıdılmış İraqın bərpa edilməsi üçün geniş imkanlar: zəngin enerji daşıyıcısı ehtiyatları (bizə dedilər ki, yaxın beş ildə İraq neft hasilatını gündə 12 milyon barelə çatdıra bilər), zəngin su ehtiyatları və münbit torpaqlar, ən başlıcası, insan potensialı vardır.

Biz iraqlı dostlarımızla söhbətlər zamanı onlara bildirdik ki, azərbaycanlılar İraqda vəziyyəti diqqətlə izləyir və onun bu qədər ağır sınaqlara və məhrumiyyətlərə məruz qalmış xalqının kədərinə şərik olur, İraq hökumətinin ölkədə zorakılığa və terrora son qoyulmasına, milli barışığa nail olmağa və ölkənin birliyini qoruyub saxlamağa yönəlmiş səylərini dəstəkləyirlər.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 6.