Azərbaycan
Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına
həsr olunmuş konfrans keçirilmişdir
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Dövlət başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi.
Dövlət başçısı konfransı giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin
giriş nitqi
- Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı keçən ilin may ayında təsdiq
edilmişdir. Keçən ilin mart ayında isə biz bu
salonda gələcək Proqramın konturları haqqında
geniş fikir mübadiləsi aparmışdıq. May
ayında Proqram təsdiq olunmuş və icra edilməyə
başlanmışdır.
Deyə
bilərəm ki, Bakı şəhərinin və onun qəsəbələrinin
inkişafına dair bu Proqram birinci proqram deyildir. Birinci proqram
2005-ci ildə tərtib edilmişdir. 2005-ci ildə Bakı qəsəbələrinin
sosial-iqtisadi inkişafını sürətləndirmək
üçün konkret tədbirlər
görülmüşdür. O tədbirlər 2006-2007-ci illəri
əhatə edir. Bu da təbiidir, çünki bildiyiniz kimi, 2004-cü ildə
regionların sosial-iqtisadi inkişafı Proqramı qəbul
edilmişdir. Biz əsas diqqəti bölgələrin
inkişafına yönəltmişdik. Eyni zamanda, Bakı
şəhəri və onun qəsəbələri də diqqətdən
kənarda qalmamalı idi. Yəni, bu məntiqi
ardıcıllıq onu göstərir ki, ölkə
qarşısında, bütün bölgələr
qarşısında duran vəzifələr
ardıcıllıqla və məqsədyönlü şəkildə
öz həllini tapmaqdadır.
Bakı
şəhərinin inkişafına dair birinci Proqram
qısamüddətli idi. Bu Proqramın icrası nəticəsində
müəyyən işlər görüldü. Ancaq şəhər
inkişaf edir, əhali artır. Ölkəmizin həm sənaye,
həm iqtisadi potensialı artır. Qarşımıza yeni vəzifələr
qoyulur. Beləliklə, bu, daimi proses olmalıdır və buna
görə keçən il qarşıya yeni proqramın qəbul
edilməsi məsələləri qoyuldu. Mən çox
şadam ki, Proqramın təsdiq edilməsi günündən
dərhal sonra qəsəbələrdə və Bakı şəhərində
işlər daha da sürətlə getməyə
başlamışdır. Bir daha demək istəyirəm ki, bu
Proqram ümumi Azərbaycan dövlətinin, Azərbaycanın
bölgələrinin sosial və iqtisadi inkişafının
sürətləndirilməsi üçün qəbul
edilmiş proqramdır. Bütövlükdə 2008-ci ildə
hazırlanmış və 2009-cu ildə təsdiqlənmiş
Azərbaycanın bütün bölgələrinin
inkişafına dair Dövlət Proqramı 2013-cü ilə
qədər hesablanıbdır.
Beləliklə,
mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm
bölgələrdə, həm Bakı şəhərində
və onun qəsəbələrində əsas sosial-iqtisadi və
infrastruktur məsələləri öz həllini
tapacaqdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur.
Əminəm ki, biz bu məqsədə çatacağıq,
bu vəzifəni icra edəcəyik. Çünki bu günə
qədər qarşımıza qoyduğumuz bütün vəzifələr
keyfiyyətlə və vaxtında icra edilmişdir.
Ölkəmizin
ümumi iqtisadi inkişafı bizə belə böyük həcmli
proqramların icrasına şərait yaradır. Bu iqtisadi
inkişafı isə biz yaratmışıq, öz əməyimizlə,
zəhmətimizlə, düşünülmüş siyasətlə.
Əgər ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini
təhlil etsək görərik ki, son 8-9 il ərzində
dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə
yoxdur. Bütün iqtisadi göstəricilər buna dəlalət
edir. Ölkənin iqtisadiyyatı üç dəfə
artmışdır. Sənaye potensialı da üç dəfə
artmışdır. Yoxsulluq beş dəfə
azalmışdır. İşsizlik əhəmiyyətli dərəcədə
azalmışdır və bu gün inkişaf etmiş ölkələrdə
olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu
illər ərzində ölkəmizdə bir milyondan artıq
iş yeri açılmışdır. Bu iş yerlərinin
mütləq əksəriyyəti daimi iş yerləridir.
Bu
proqramların və təşəbbüslərin icrası nəticəsində
ölkəmizin uğurlu inkişafına təkan verildi.
Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində konkret tədbirlər görülür. Bu
tədbirlər öz səmərəsini verməkdədir.
Beynəlxalq maliyyə qurumları, kredit reytinq agentlikləri
Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər.
Onlar Azərbaycanda əldə edilmiş nailiyyətləri
başqa ölkələr üçün də nümunə
kimi təqdim edirlər.
Bildiyiniz kimi, bir neçə ildir ki, dünyada maliyyə və iqtisadi böhran davam edir. Bu böhranın növbəti dalğası başlanmışdır. Ancaq nə 2008-2009-cu illərdə, nə də ki, indiki dövrdə Azərbaycanda bu böhranın fəsadları hiss edilmədi. Azərbaycan vətəndaşlarının maddi rifahı yüksəldi. Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur. İnkişaf etmiş ölkələrdə böhran nəticəsində işsizlik, sosial ədalətsizlik artır, kütləvi iğtişaşlar artıq gündəlik xarakter almışdır. Kütləvi ixtisarlar baş verir. Əmək haqları, pensiyalar kəsilir. Azərbaycanda isə biz bunun əksini görürük. Azərbaycanda sürətli inkişaf, bütün sektorlarda müşahidə olunan canlanma, ildən-ilə sosial məsələlərin həllində əldə edilmiş uğurlar, pensiyaların, əmək haqlarının qaldırılması və keçən il pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması həm sosial ədalət prinsiplərinə uyğundur, eyni zamanda, insanların maddi rifahını yaxşılaşdırmaq üçün çox ciddi vasitədir.
Əlbəttə ki, bizim bu uğurların təməlində iqtisadi islahatlar dayanır. Bu iqtisadi islahatlar bizə imkan verir ki, istənilən sahədə konkret proqramları icra edək. Azərbaycanda icra edilən proqramların özəlliyi ondan ibarətdir ki, bu proqramlar konkret xarakter daşıyır. Bu, hansısa bir şüar xarakteri daşımır, yaxud da ki, təbliğat naminə qəbul edilmir. Hər bir proqramın təməlində konkret vəzifə, maddi resurslar, maliyyə resursları dayanır, əlbəttə ki, texniki imkanlar təhlil edilir. Bizim texniki imkanlarımız da genişlənir. Əlbəttə ki, proqramların icrasını insanlar təşkil edirlər. Əlbəttə, insanların həm peşəkarlığı, həm də ki, öz vəzifə borclarını şərəflə yerinə yetirmələri məsələləri daim diqqət mərkəzindədir. Mən deyə bilərəm ki, ölkəmizdə bütün proqramların tam əksəriyyəti uğurla icra edilir.
Bizim gələcək iqtisadi inkişafımız çox müsbət olacaqdır. Çünki artıq əldə edilmiş təcrübə və nəticələr bunu deməyə əsas verir. Bizim strateji baxışlarımız da ölkəmizin hərtərəfli inkişafına yönəldilib. "Azərbaycan: 2020" Proqramı və Dövlət Konsepsiyası hazırlanmışdır. Eyni zamanda, 2013-2023-cü illəri əhatə edən gələcək inkişaf proqramının konturları artıq müəyyən edilibdir. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır. Bu, nəticə etibarilə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcəkdir. Vəzifə məhz belə qoyulub, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Qarşıya bu vəzifə qoyulub və biz bu vəzifəyə çatacağıq.
Bir daha demək istəyirəm ki, ölkəmizin gələcək inkişafı ilə bağlı cəmiyyətdə də heç bir fikir ayrılığı yoxdur. Cəmiyyət, Azərbaycan vətəndaşları təşəbbüslərimizi dəstəkləyir, aparılan siyasəti bəyənirlər. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq inkişaf özlüyündə həm ölkənin güclənməsinə gətirib çıxarmalıdır, eyni zamanda, ilk növbədə, insanların rifah halını yaxşılaşdırmalıdır. Bizdə, Azərbaycanda bu istiqamətdə işlər görülür.
İqtisadi islahatlar bəzi hallarda çox böyük çətinliklər gətirir. Köklü iqtisadi islahatlar, xüsusilə böyük məhrumiyyətlərlə müşayiət olunur. Biz köklü iqtisadi islahatlar aparmışıq. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrünü uğurlu qət etmişik və sosial məsələlər bu müddət ərzində daim diqqət mərkəzində idi.
İndi inkişaf etmiş ölkələrdə də, konseptual yanaşmalarda da müəyyən dəqiqləşmələr aparılır. Çünki sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda insan amilini tamamilə kənara qoyur. Azərbaycanda isə həm bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunub və iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, həm də sosial proqramlar icra edilir. Yəni, demək istəyirəm ki, ölkəmizin gələcək iqtisadi inkişafı çox müsbət olacaq və bu, imkan verəcək ki, biz bütün proqramları vaxtında və böyük keyfiyyətlə icra edək.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" artıq bir ildir ki, icra edilir. Ötən ilin may ayında Proqram təsdiqləndi və bu gün biz bir ildə görülən işlər haqqında danışacağıq. Deyə bilərəm ki, Proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və Proqramın tərkibində olan maddələr, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, biz də bunu bilirdik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha da sıx-sıx gedirdim. Proqramda demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır. Proqram dərc edilmişdir və hər bir vətəndaş onunla tanış ola bilər.
Ancaq bir ilin təcrübəsi onu göstərir ki, ortaya əlavə məsələlər çıxır. Bu məsələləri biz özümüz ortaya çıxardırıq. Çünki icra zamanı əlbəttə, müəyyən məsələlər çıxır ki, bir il bundan əvvəl bu məsələlər o qədər də aktual deyildi. Misal üçün, biz ilk növbədə, qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması, tikilməsi məsələlərini qarşıya qoymuşduq. Ona görə hansı məktəb qəzalı vəziyyətədir, hansı məktəb qəzalı vəziyyətdə deyil, bunu müəyyən etmək o qədər də asan məsələ deyildir. İndi qəzalı məktəblərin məsələləri həll olunur, ancaq yaxşı təmir olunmayan məktəblərin bərpası məsələləri ortaya çıxır. Beləliklə, biz özümüz təklif veririk ki, bu məqsədlər üçün əlavə vəsait ayrılsın.
Uşaq bağçaları ilə bağlı. Uşaq bağçalarının təmir, tikintisi məsələləri həllini tapmaqdadır. Ancaq mən bu müddətdə də dəfələrlə uşaq bağçalarında olmuşam və görürəm ki, artıq uşaqların müəyyən edilmiş indiki say tərkibi bizi qane etmir. Çünki bu bağçalar 30-40 il bundan əvvəl tikilmişdir. Şəhərin əhalisi artır, tələbat artır, ailələr var ki, növbədə dayanıb.
Xüsusilə valideynlər öz uşaqlarını yeni təmir edilmiş uşaq bağçalarına yerləşdirmək istəyirlər. Beləliklə, yeni bağçaların tikintisi məsələləri ortaya çıxır. O bağçaların tikintisi üçün ya yeni yerlər ayrılmalıdır, ya mövcud olan yerlərdə əlavə korpuslar tikilməlidir. Yəni, belə məsələlər çoxdur və Proqrama əlavələr ediləcəkdir. Bu məqsədlə hökumətə tapşırıq verilmişdir və büdcəmizin icrası nəticəsində əlavə gəlirlərin əldə edilməsi bizə imkan verir ki, o gəlirlərin müəyyən hissəsini bu proqramın icrasına yönəldək, beləliklə, Proqramın maliyyə bazasını genişləndirək.
Qəsəbələrdə olan vəziyyət bizə bəllidir. Qarşıya vəzifə qoyulubdur ki, qəsəbələrdə bütün sosial-iqtisadi infrastruktur məsələləri öz həllini tapsın və bu bir il ərzində biz bu işlərin uğurlu icrasını görürük. Bu barədə bu gün daha geniş danışılacaqdır.
Ancaq prinsip etibarilə Proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və kanalizasiya layihələrinin həlli nəzərdə tutulur. Ümumiyyətlə, heç vaxt, heç bir dövrdə Bakı qəsəbələrində kanalizasiya sistemi olmamışdır. Bakı şəhərində də kanalizasiya sistemi bizim tələblərimizə cavab vermir. Bütün dövrlərdə daim su qıtlığı yaşanmışdır və insanlar bir növ buna öyrəşmişdilər. Halbuki bu, qeyri-normal vəziyyətdir, içməli su daim olmalıdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, istiliklə bağlı məsələlər, yolların çəkilişi - həm qəsəbədaxili, qəsəbələrarası yollar, magistral yollar, sosial obyektlərin tikilməsi, məktəblər, tibb məntəqələri, mədəniyyət ocaqları, idman qurğuları. Yəni, elə bir məsələ yoxdur ki, o proqramlarda öz əksini tapmasın.
Yenə də deyirəm ki, bu Proqramın üstünlüyü ondan ibarətdir ki, dövlət tərəfindən, Prezident tərəfindən təşəbbüs olaraq irəli sürülmüşdür. Ancaq Proqramın tərkibində olan məsələlərin bir çoxu xalq tərəfindən təklif formasında göndərilmişdir. Mən tam əminəm ki, bu Proqramın icrası nəticəsində qəsəbələrdə yaşanan bütün infrastruktur, sosial və iqtisadi problemlər həllini tapacaqdır.
Bununla yanaşı, biz Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə də dəstək olaraq dövlət büdcəsindən əlavə vəsait ayırmaqla bu vəsaiti qəsəbələrdə iş yerlərinin açılmasına yönəltmişik. Çünki bildiyiniz kimi, əvvəlki dövrdə bu fonddan daha çox bölgələrdə gedən iqtisadi inkişaf məsələləri öz həllini tapırdı. Bu da təbiidir. Çünki məqsədimiz bölgələri canlandırmaq olub. Ancaq qəsəbələrdə də iş yerləri problemi, işsizlik vardır. Beləliklə, bu ildən başlayaraq fondun vəsaitinin müəyyən hissəsi, təqribən 30-40 faizi qəsəbələrdə yeni müəssisələrin yaradılmasına yönəldilibdir. Buradakı foyedə göstərilən stendlərdə artıq o vəsaitlə yaradılan ilkin müəssisələrin şəkilləri də vardır. Bu məsələ də öz həllini tapmalıdır. Çünki qəsəbələrdə təkcə yol, qaz, işıq, su problemləri deyil, eyni zamanda, işsizlik, məşğulluq məsələləri də öz həllini tapmalıdır.
Bu məqsədlərə çatmaq üçün bir daha demək istəyirəm ki, bizdə həm güclü iradə var, həm də imkanlar vardır. Bu məsələləri yerlərdə icra edən qurumlardan da çox şey asılıdır. Bütün qurumlar, şəhər icra hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi, yerli icra orqanları bu vəzifələrə çox vicdanla yanaşırlar. Əminəm ki, bu yanaşma Proqramın sonuna qədər və ondan sonrakı dövrdə də davam edəcəkdir. Çünki bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Mən bu vəzifəni, öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm. Hər kəsdən də bunu tələb edirəm, vicdanla işləmək, peşəkarlıqla xalqa xidmət etmək, ölkəmizi gücləndirmək, doğma Vətənimizi çiçəkləndirmək lazımdır. Bizim işimizdən çox şey asılıdır. Bugünkü Azərbaycan xalqı zəhməti hesabına güclənir. Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir.
Bütün istiqamətlər üzrə konkret proqramımız, bütün məsələlərlə bağlı fikirlərimiz vardır. Azərbaycan reallıqları onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bundan sonra da milli maraqlarımızın qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də əlbəttə ki, ölkə daxilində siyasətimizi davam etdirəcəyik. Bu siyasət bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir.
İndi isə biz keçirik müzakirələrə.
* * *
Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala
ABUTALIBOV çıxış edərək dedi:
- Zati aliləri!
Möhtərəm
Prezident!
Sizin 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair keçirdiyiniz müşavirə və bununla əlaqədar 2011-2013-cü illər üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığınız sərəncam respublikamızda aparılan nəhəng quruculuq işləri, eləcə də şəhərsalma mədəniyyəti baxımından son dərəcə vacib və əlamətdar bir hadisədir.
Tam əminlik hissi ilə bildirmək olar ki, sərəncamdan irəli gələn prinsipial müddəalar, məqsəd və vəzifələr, onların reallaşdırılması istiqamətində atılan addımlar müasir Azərbaycanın gələcək inkişafında mühüm rol oynayan modernləşmə siyasətinin gerçəkləşməsi işinə güclü təkan verəcəkdir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin məqsədyönlü, düşünülmüş şəkildə və məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial infrastrukturunda inkişafı təmin edən müsbət dinamika müşahidə edilmiş, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələri ilə əvəz olunması prosesi müşahidə edilmişdir. Başqa sözlə, möhtərəm Prezidentimiz tərəfindən imzalanmış bu sərəncam qüvvəyə mindiyi andan əməli fəaliyyət proqramına çevrilmiş, görülmüş və görüləcək işlərin davamlı inkişafını hərtərəfli və sistemli şəkildə təmin etmişdir. Daha dəqiq desək, adıçəkilən bölgənin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı qısa zamanda, lakin böyük ərazidə insanların rahatlığına xidmət edən və sevincinə səbəb olan təqdirəlayiq işlər görülmüşdür. Bu işləri konkret faktların dili ilə göz önünə gətirməyimiz bizcə daha məqsədəuyğun olardı.
Məlumat üçün bildirirəm ki, bütövlükdə Bakı şəhəri və onun ətraf qəsəbələrində 310 orta təhsil məktəbi və 305 uşaq bağçası- körpələr evi fəaliyyət göstərir. Bunlardan 198 məktəb və 161 uşaq bağçası-körpələr evi 2011-2013-cü illər üzrə Dövlət Proqramına daxil edilmişdir.
Təsdiq olunmuş sosial-iqtisadi inkişaf Proqramına əsasən 2011-ci ildə adıçəkilən regionun 55 məktəbində tam əsaslı təmir işləri aparılmış, yeni məktəb korpuslarının və yeni sinif otaqlarının tikintisi başa çatdırılmışdır.
51 uşaq bağçası-körpələr evində də tam əsaslı təmir və bərpa işləri aparılmış, uçulub dağılmaq təhlükəsi olan bəzi obyektlər isə sökülərək yenidən inşa olunmuşdur.
2011-ci ilin Proqramında asfalt yolların əsaslı təmiri və yenidən qurulması, müasir standartlara cavab verən işıqlandırma sistemi ilə təchiz edilməsi diqqət mərkəzində olmuşdur.
Ötən il üçün nəzərdə tutulmuş Proqrama müvafiq olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1 milyon 587 min kvadratmetr, başqa sözlə, 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmişdir. Həmçinin kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır.
2012-ci il üçün 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılmışdır. Bu il həmçinin 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu sosial obyektlərin vaxtında təhvil verilməsi məqsədi ilə sürətli iş rejiminə keçirilmişdir.
Gələn il Dövlət Proqramı çərçivəsində 63 məktəb və 43 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur.
Möhtərəm Prezident! Sizin göstərişinizlə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yuxarıda adıçəkilən Dövlət Proqramına əlavə olaraq 112 məktəbdə və 65 uşaq bağçası-körpələr evində əsaslı təmir və tikinti işlərinin aparılması nəzərdə tutulmuşdur. Proqram təsdiq olunan andan bu işlərin yerinə yetirilməsi üçün əlavə tədbirlərin görülməsi zərurəti yaranacaqdır.
Heç şübhəsiz ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər təkcə sosial obyektlərin inkişafına deyil, həm də regionda mövcud yeni iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, təkcə 2011-ci ildə bu Proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunmuşdur. Cari ildə isə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilmiş, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaqdır.
Hörmətli konfrans iştirakçıları! 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının reallaşması ilə bağlı son dərəcə prinsipial əhəmiyyət kəsb edən bir məsələnin üzərində xüsusi dayanmaq istərdim. Söhbət möhtərəm Prezidentimizin görülmüş və görüləcək işlərin icrası ilə əlaqədar, həmçinin vəziyyətlə bilavasitə yerində tanış olmaq məqsədi ilə adıçəkilən bölgəyə səfərlərindən gedir. Prezidentimizin regionda gedən quruculuq proseslərini daim diqqət mərkəzində və nəzarətdə saxlaması, yerli əhali ilə keçirilən görüşlər zamanı aparılan söhbətlər, insanların istək, arzu və təkliflərini dövlət başçısı tərəfindən eşitmək yüksək təqdirə və diqqətə layiq haldır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illərdə Bakı şəhəri və onun qəsəbələrinin əsaslı şəkildə inkişaf etdiyini, nəticədə paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini dedi. O, aparılan yenidənqurma işləri zamanı Qərb və Şərq memarlıq üslublarının peşəkarcasına uzlaşdırıldığını bildirdi. Hacıbala Abutalıbov Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafına, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da töhfələrini əsirgəmədiyini, bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı paytaxt sakinlərinin dövlətimizin başçısına dərin minnətdarlıqlarını çatdıran Hacıbala Abutalıbov Dövlət Proqramının icrasının bir illiyi ilə əlaqədar konfransın yenidənqurma işlərinin daha da sürətləndirilməsinə təkan verəcəyinə əminliyini bildirdi.
Sonra iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış etdi. Nazir Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin reallaşdırılmasında Dövlət proqramlarının müstəsna rolunu qeyd etdi. Bildirdi ki, bu proqramların arasında ən vaciblərindən biri də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"dır. Həmin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına son iki ildə ümumilikdə 1,8 milyard manat vəsaitin ayrıldığını vurğulayan nazir dedi:
- Möhtərəm
cənab Prezident!
Sizin tapşırığınıza əsasən, İqtisadi İnkişaf Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Proqramın icrasının əlaqələndirilməsi, görülən işlərin monitorinqi məqsədi ilə xüsusi işçi və monitorinq qrupları yaradılmış, işlərin gedişatı gündəlik nəzarətə götürülmüşdür. Monitorinqin nəticələri nazirliyin internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Proqram çərçivəsində sahələr üzrə görülmüş işləri yüksək diqqətinizə çatdırmaq istəyirəm.
Belə ki, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində tədbirlərin icrası davam etdirilmiş, paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 1210 kilometr yeni qaz kəmərləri çəkilmiş və yenidən qurulmuş, 160 min məişət qaz sayğacı quraşdırılmış və ya yeniləri ilə əvəz olunmuşdur. Ümumilikdə, ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilmişdir.
Əhalinin elektrik enerjisi ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmış, son illər qışın sərt keçməsinə baxmayaraq, əhalinin və ölkə iqtisadiyyatının fasiləsiz enerji təchizatında ciddi problemlər yaşanmamışdır. Ötən il 1520 kilometr kabel və 200 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 330 kilometr elektrik verilişi xətlərində təmir-bərpa işləri aparılmışdır. Yeni enerji güclərinin yaradılması üçün elektrik stansiyalarının tikintisi davam etdirilmiş, "Şimal" elektrik stansiyasında 409 meqavat gücündə olan ikinci buxar-qaz enerji qurğusunun təməli qoyulmuşdur.
Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun davam etdirilmiş, təmir-tikinti işləri yekunlaşmış 122 təhsil və səhiyyə obyekti istilik təchizatı ilə təmin edilmiş, 150-dən çox yaşayış binasına və sosial obyektə xidmət edən 6 qazanxana yenidən qurulmuşdur.
Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturu sahəsində ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfaltlanmış, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunmuşdur.
Şahin Mustafayev aparılan bütün işlərin əlaqələndirilərək ardıcıllıq nəzərə alınmaqla həyata keçirildiyini qeyd edərək bildirdi:
- Hesabat ilində 61 kilometr müxtəlif diametrli su və 57 kilometr kanalizasiya xətti və kollektor quraşdırılmış, 13 su anbarı və 4 su nasos stansiyası tikilmiş və yenidən qurulmuşdur.
Möhtərəm
cənab Prezident!
Sizin ölkənin təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsidir ki, 30-dan artıq təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmisiniz. Bu da təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmiş, 55 məktəbdə və 51 uşaq bağçasında işlər başa çatmış, digər təhsil obyektləri üzrə isə davam etdirilir.
Tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, rayon və qəsəbələrdə ümumilikdə 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulmuş və təmir edilərək avadanlıqla təchiz olunmuşdur. 12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilmişdir.
Qəsəbələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində işlər, o cümlədən Buzovna, Lökbatan, Nardaran, Rəsulzadə qəsəbələrində mədəniyyət obyektlərinin tikintisi və təmiri işləri davam etdirilmişdir.
Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı məqsədi ilə Xocəsən qəsəbəsində stadion yenidən qurulmuş, Nizami rayonunda 13 nömrəli İdman Mərkəzi əsaslı təmir olunmuş, qısa müddətdə müasir İdman-Konsert Kompleksinin tikintisi başa çatdırılmış, 65 min yerlik Olimpiya Stadionunun təməli qoyulmuş, Respublika Stadionunda isə təmir-bərpa işləri davam etdirilmişdir.
Paytaxt və qəsəbələrdə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin yaxşılaşdırılması, istirahət parklarının salınması, abadlıq-quruculuq işləri davam etdirilmiş, ötən dövr ərzində 680 hektar sahədə 550 mindən çox ağac və kol bitkiləri əkilmiş, neft mədənlərində 420 hektar ərazidə neftlə çirklənmiş göllər qurudulmuş, həmin ərazilərdə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.
Aparılmış monitorinqlər nəticəsində proqrama daxil olan bir sıra göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsi zərurəti müəyyən edilmiş və cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, bununla bağlı əlavə tədbirlər planı qısa zamanda hazırlanıb yüksək diqqətinizə təqdim olunacaqdır.
Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, yuma və dezinfeksiya məntəqələri tikilmiş, poliqondaxili yollar asfaltlanmış, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.
Cənab Prezident, Sizin rəhbərliyinizlə aparılan sənayeləşmə siyasəti qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, müasir tikinti materialları, cihazqayırma, süd məhsulları emalı və sement zavodları, digər sənaye müəssisələri tikilmiş, yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən bu il istismara veriləcək bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının, Bakı Gəmiqayırma Zavodunun, transformator zavodunun və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Bununla yanaşı, cənab Prezident, göstərişinizə əsasən, sənaye parklarının yaradılması, innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkili sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan verəcəkdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə həsr olunan 14 tədbir keçirildiyini və 2 min 400-dək sahibkara biznes sahəsində fəaliyyətlə bağlı iqtisadi biliklər verildiyini söyləyən nazir diqqətə çatdırdı:
- Fond tərəfindən Bakı qəsəbələri üzrə 300-dək sahibkara 46 milyon manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin, o cümlədən 7 çörək istehsalı, 8 quşçuluq təsərrüfatı, 9 müasir istixana kompleksi, ət kəsimi və emalı, yeyinti sənayesi, metal konstruksiya istehsalı, mebel istehsalı və ixrac qabiliyyətli müxtəlif növ elektrik avadanlığı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə 42,1 milyon manat güzəştli kreditlər verilmişdir. Müəssisələrdən 9-u istifadəyə verilmiş, bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır. Bu kreditlər hesabına 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.
* * *
Sonra Qaradağ
Rayon İcra Hakimiyyəti başçısının
Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi
Oqtay SADIQOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi yeniliklər, aparılan uğurlu daxili və xarici siyasət, neft kapitalını insan kapitalına çevirən islahatlar nəticəsində insanların maddi-rifah halı daha da yüksəlmişdir. Ona görə də vətəndaşlarımız Sizin rəhbərliyinizlə aparılan tikinti-quruculuq və abadlıq işlərini alqışlayır, daim Sizə minnətdarlıqlarını bildirirlər.
Bakı şəhər və ətraf qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə 2011-ci il 4 may tarixli 1490 saylı sərəncamınızla təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Qaradağ rayonunun hər bir qəsəbəsi üzrə müxtəlif sahələri əhatə edən 86 konkret tədbir nəzərdə tutulmuş və bunların əksəriyyəti uğurla həyata keçirilmişdir.
Qaradağ rayonunda əhalinin təbii qaz, elektrik enerjisi, istilik, içməli su ilə təchizatı, həmçinin yolların asfaltlanması, rabitə və informasiya texnologiyaları sahələrində görülən işləri xarakterizə edən Oqtay Sadıqov sahibkarlığın inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən də danışaraq bildirdi:
- Dövlət Proqramına uyğun olaraq sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu və müvəkkil banklar vasitəsilə rayonda fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 1 milyon 515 min manat güzəştli kredit verilmişdir.
Rayonun təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı müvafiq Dövlət Proqramına uyğun olaraq 2011-ci ildə üç orta məktəb, iki uşaq bağçası əsaslı təmir olunmuş və iki orta məktəb üçün 36 əlavə sinif otağı tikilmişdir.
Qeyd etmək istəyirəm ki, Müşfiqabad qəsəbəsində yerləşən 67 nömrəli uşaq bağçası yüksək keyfiyyətlə əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş və istismara hazır vəziyyətdədir. Bağçanın kollektivi, valideynlər və xüsusən də uşaqlar Sizin açılış üçün qəsəbəyə gəlişinizi səbirsizliklə gözləyirlər. Cari ildə dörd orta məktəbdə, bir uşaq bağçasında əsaslı təmir işləri aparılır. İki peşə məktəbinin, Ələt və Puta qəsəbələrində hər biri 120 yerlik olmaqla iki uşaq bağçasının binalarının tikintisinin yeni tədris ilində başa çatması nəzərdə tutulmuşdur. Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusu tikilir.
Oqtay Sadıqov Qaradağ rayonunda səhiyyə, mədəniyyət və digər sosial obyektlərin tikintisi və yenidən qurulmasının da diqqət mərkəzində saxlandığını vurğulayaraq diqqətə çatdırdı:
- Cənab
Prezident!
Sizin "Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamınıza uyğun olaraq Ələt qəsəbəsindəki 110 nömrəli məktəbdə əsaslı təmir işləri başa çatmış, təhsil ocağı müasir avadanlıqla təchiz olunaraq məktəblilərin ixtiyarına verilmişdir. 32 nömrəli poliklinikanın yeni binası da tikilmiş, hazırda binadaxili tamamlama işləri aparılır. Qobustan qəsəbəsində 800 şagird yerlik yeni məktəb və 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binaların inşası davam etdirilir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi Qaradağ rayonunun hərtərəfli tərəqqisinə, quruculuq-abadlıq işlərinin genişlənməsinə, qəsəbədaxili yolların yenidən qurulmasına, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, tikintisinə, bir sözlə, rayonun sosial simasının daha da müasirləşməsinə böyük təkan vermişdir.
Son dövrlərdə Qaradağa etdiyiniz səfərlər rayonumuza həssas münasibətinizin, gündəlik diqqət və qayğınızın parlaq təzahürüdür.
Rayonumuzda həyata keçirilən quruculuq və abadlıq işlərinə verdiyiniz yüksək qiymətə görə Sizə bütün qaradağlılar adından dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildirir və sizi əmin edirik ki, bundan sonra da qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirəcəyik.
* * *
Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara QARAKİŞİYEV ötən bir il ərzində paytaxtın Nizami rayonunda da əsaslı tədbirlərin həyata keçirildiyini söyləyərək bildirdi:
- Möhtərəm
Prezident!
Keçən il aprelin 1-də Siz qəsəbəmizə gələrək əhali ilə görüşdünüz, mövcud problemlərlə maraqlandınız. Rayonumuzda, eləcə də qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanış oldunuz və görülən işlərə yüksək qiymət verərək razılığınızı bildirdiniz. Görüş zamanı sakinlərin qəsəbədəki problemlərlə bağlı Sizə etdiyi müraciətlər artıq həllini tapmaqdadır.
Belə ki, Nizami Abdullayev küçəsində 640 şagird yerlik müasir məktəb kompleksinin inşası üçün tərəfinizdən sərəncam imzalanmışdır. Bu məktəb kompleksinin tikintisi başa çatdırılaraq tamamlanma işləri aparılır. Bundan əlavə, uzun illərdən bəri Babək prospektində problemə çevrilmiş işıqforun qoyulması öz müsbət həllini tapmış, piyadalar üçün iki yeraltı keçidin inşası başlanaraq sürətlə davam etdirilir. Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında tikintisinə başlanmış yerüstü keçid Pəhləvan Fərzəliyev küçəsinin "Şanxay" deyilən ərazisində yaşayan sakinlərin təhlükəsizliyini təmin edəcəkdir.
Keçən il və cari ilin altı ayında qəsəbənin əsas və daxili yollarına, səkilərə 78 min kvadratmetr asfalt örtüyü döşənmişdir. Demək olar ki, qəsəbənin ərazisində asfalt örtüyü salınmamış küçə qalmamışdır.
Qəsəbədəki 309 nömrəli uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulmuş və körpə balaların ixtiyarına verilmişdir.
Sizin qəsəbəyə gəlişinizdən sonra uzun illər inzibati binası olmayan Keşlə bələdiyyəsi üçün inzibati bina artıq tikilmişdir və bu günlərdə istifadəyə veriləcəkdir.
Sizin tapşırığınızla əvvəllər qəsəbəyə işləyən 221 nömrəli avtobus marşrutunun bərpası qəsəbə sakinləri tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır.
Qara Qarakişiyev Nizami rayonunun Keşlə qəsəbəsində sakinlərin təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün də ardıcıl tədbirlərin görüldüyünü qeyd edərək dedi:
- Qəsəbənin su ilə təchizatı və kanalizasiya xətlərinin yenilənməsi işində son bir ildə dönüş yaranmışdır. Belə ki, Babək prospektinin böyük bir ərazisində yağış yağan zaman su yığılırdı. Bu zaman tıxaclar yaranırdı ki, bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Hazırda həmin ərazidə yağış sularının axıdılması üçün yeni kanalizasiya xətti çəkilərək mərkəzi kollektora birləşdirilmiş və bu problem aradan qaldırılmışdır.
Qəsəbə sakinlərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə iki 1000 kubmetr tutumlu su anbarının tikintisi planlaşdırılmışdır.
Möhtərəm
cənab Prezident!
Qəsəbə sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bu işlərə görə sakinlər adından Sizə dərin minnətdarlığımı bildirir və "Çox sağ olun!" deyirəm.
Sizi əmin edirəm ki, ulu öndər Heydər Əliyevdən miras qalmış doğma Azərbaycanımızın daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində apardığınız bütün işlərdə biz daim Sizinləyik.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi SƏLİMOV Dövlət Proqramı çərçivəsində bu rayonda da silsilə layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq vurğuladı:
- Belə ki, Dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində rayonda 10 minədək şagird yerlik 21 yeni məktəb binası və korpusları, 4 uşaq bağçası, 2 səhiyyə obyekti, 3 idman kompleksi tikilərək müasir avadanlıqla təchiz olunmuşdur. Onlarla təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərdə əsaslı təmir, yenidənqurma işləri aparılmışdır və bu işlər indi də davam etdirilməkdədir. Əhalinin elektrik enerjisi, qaz və su təchizatı əsaslı surətdə yaxşılaşdırılmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportu və Hava Limanı-Bilgəh-Sumqayıt magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində yeni yol qovşaqlarının istifadəyə verilməsi, onun ətrafında aparılan yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri nəticəsində ərazinin xarici görünüşü inanılmaz dərəcədə dəyişmişdir. Görülmüş tədbirlər əsasında ərazidə ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Vidadi Səlimov Dövlət Proqramı çərçivəsində Sabunçu rayonunda bütün sahələri əhatə edən 119 bənddən ibarət tədbirlər planının reallaşdırıldığını, o cümlədən Bakıxanov qəsəbəsində təhsil müəssisələrinin, müxtəlif inzibati binaların yenidən qurulduğunu bildirərək dedi:
- Qəsəbədəki park və istirahət guşələrində, məhəllədaxili sahələrdə, yollarda yenidənqurma, abadlıq işləri aparılmış, sakinlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üzrə xeyli işlər görülmüşdür. Bu işlər xüsusilə son aylar ərzində daha geniş vüsət almışdır. Hazırda qəsəbənin mərkəzi Yavər Əliyev- Mehmandarov-Fətəliyev küçələri boyu binaların ətrafında yenidənqurma, abadlıq və onların fasadlarının müasir tələblərə uyğun üzlənməsi, Heydər Əliyev adına Parkın yenidən qurulması və orada Heydər Əliyev Mərkəzinin tikinti işləri həyata keçirilməkdədir ki, bütün bunlar da qəsəbənin ümumi görünüşünü daha da yaxşılaşdırır.
Möhtərəm cənab Prezident! Sizin rayonumuzda inşa edilən obyektlərin təməlqoyma, açılış mərasimlərindəki çoxsaylı iştirakınız və sakinlərlə görüşləriniz zamanı verdiyiniz tövsiyə və tapşırıqlardan sonra rayonda icraçı təşkilatlar, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proqramın həyata keçirilməsi daha da sürətləndirilmişdir. Ümumiyyətlə, Sizin hər bir gəlişiniz rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır ki, bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident! Sizin "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 2012-ci il 6 iyun tarixli fərmanınız icra hakimiyyəti və onun nümayəndəliklərinin qarşısında rayon və qəsəbələrin sosial-iqtisadi inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması, onların hüquqlarının müdafiəsi üzrə böyük vəzifələr qoyur, fəaliyyətimizi daha da genişləndirməyə imkan verir. Sizin rəhbərliyiniz altında bu vəzifələrin öhdəsindən gələcəkdə də uğurla gələcəyimizə əminik və hər bir dövlət qulluqçusu kimi biz də bundan böyük şərəf duyuruq.
Sonda istərdim ki, rayonumuza göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim, Azərbaycanımızın daha da inkişafı naminə apardığınız məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.
* * *
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbəsi üzrə nümayəndəsi Vahid DANİYEV bu rayonda da yenidənqurma tədbirlərinin vüsət götürdüyünü deyərək bildirdi:
- Son ilyarım ərzində Suraxanı rayonuna altı səfəriniz, bir çox müəssisələrin, sosial obyektlərin təməlinin qoyulması və istifadəyə verilməsi Suraxanı rayonunun sürətli inkişafından xəbər verir, bizə olan diqqət və qayğınızı təzahür etdirir.
Biz Suraxanı rayon sakinləri bu qayğıkeşliyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk!
Qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Suraxanı rayonunda müxtəlif sahələri əhatə edən 102 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş, onlardan 77-nin icrasına artıq başlanılmışdır.
Qısa müddət keçməsinə baxmayaraq fəxrlə deyə bilərəm ki, hazırlanmış sistemli və müasir tipli layihələrin reallaşması nəticəsində rayonun sakinləri əsl sıçrayışın şahidi olmuşlar.
Belə ki, rayonun altı qəsəbəsində dörd məktəb üçün 1640 şagird yerlik əlavə tədris korpusları tikilmiş, beş məktəb binası, beş uşaq bağçası, uşaq musiqi məktəbi, doğum evi, uşaq və şəhər xəstəxanaları əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur.
Doqquz məktəbin, dörd uşaq bağçasının və uşaq evinin əsaslı təmirinə başlanılmışdır.
Suraxanı rayonunda həyata keçirilən digər yenidənqurma işlərindən danışan Vahid Daniyev dövlət başçısı ilə görüşlərdə qaldırılan məsələlərin də ardıcıllıqla həllini tapdığını vurğulayaraq diqqətə çatdırdı:
- Zati-aliləri!
Siz görülən abadlıq işləri ilə tanış olmaq üçün Bülbülə qəsəbəsində olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni bir yolun salınmasını, yeni məktəb binasının tikilməsini və 2 nömrəli Bərpa Xəstəxanasının yenidən qurulmasını xahiş etmişdilər. Tapşırığınıza əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qısa müddətdə müasir yol tikilmiş və 11 gün sonra Sizin həmin yolun açılışında iştirak etmək üçün rayona təkrar gəlişiniz sakinlərin böyük sevincinə səbəb olmuşdur.
Minnətdarlıq hissi ilə yüksək diqqətinizə məruzə edirəm ki, yeni məktəb binasının və 2 nömrəli Bərpa Xəstəxanasının yerində yeni müasir xəstəxana binasının tikintisi hazırda davam etdirilir.
Möhtərəm
cənab Prezident!
Sizin diqqət və qayğınız sayəsində respublikamızın digər guşələri kimi təmsil etdiyim Yeni Suraxanı qəsəbəsində də görünməmiş yeniliklər baş vermişdir.
Keçən il iyulun 14-də qəsəbəmizdə sakinlərlə keçirdiyiniz görüşlər onların xatirəsinə əbədi həkk olunmuşdur.
Möhtərəm
cənab Prezident!
Bərbad vəziyyətdə olan 85 nömrəli orta məktəb binasının yerində təməlini qoymaqla bizi şərəfləndirdiyiniz və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə tikilmiş məktəb binası artıq şagirdləri qəbul etmək üçün hazırdır, qəsəbəmizin sakinləri Sizin xeyir-duanızı səbirsizliklə gözləyirlər.
"Turizm ili" elan etdiyiniz 2011-ci ildə Sizin diqqət və qayğınız sayəsində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun beynəlxalq standartlara uyğunlaşdırılması, Heydər Əliyev prospektini qoruqla əlaqələndirən küçələrin, orada yerləşən binaların və hasarların yenidən qurulması, müvafiq infrastrukturun yaradılması işlərinə başlanılmış, məbədin daxilində arxeoloji qazıntı işləri davam etdirilmişdir. Bu müddət ərzində qoruq fəaliyyətini dayandırmamış, ölkəmizə gələn turistləri qəbul etmişdir.
Sizin tapşırıq və tövsiyələrinizə əsasən ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli şərait nəticəsində son ilyarım ərzində rayonumuzda 3 minə yaxın yeni iş yeri açılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 sahibkara 2,2 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü sayəsində Yeni Günəşli yaşayış sahəsində ötən il istifadəyə verilmiş Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının təmin edilməsi istiqamətində ən müasir üsullarla aparılan bərpa-müalicə işləri uşaqların və onların valideynlərinin böyük rəğbətini qazanmışdır. Fürsətdən istifadə edərək mərkəzin kollektivinin və valideynlərin dərin minnətdarlığını hörmətli Mehriban xanıma çatdırıram.
Möhtərəm
cənab Prezident!
İcazənizlə qeyd etmək istərdim ki, bu gün burada səslənməyən və rayonumuzda həll olunmasına ehtiyac duyulan bəzi problemlərin həllinə dair təkliflər də Sizin tapşırığınıza əsasən hazırlanaraq tərəfimizdən İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. İnanırıq ki, onların icrası əhalinin rifah halını daha da yaxşılaşdıracaqdır.
Qəsəbəmizə göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, məsuliyyətimizi dərk edərək Sizi əmin edirik ki, üzərimizə düşən tapşırıqların keyfiyyətlə yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışacağıq.
* * *
Sonra Səbail
Rayon İcra Hakimiyyəti başçısının Badamdar
qəsəbəsi üzrə nümayəndəsi Natiq
BAĞIROV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Keçən il aprelin 20-də Badamdar qəsəbəsinin həyatında əlamətdar hadisə baş vermişdir. Həmin gün Siz görülən işlərlə tanışlıq üçün qəsəbəmizdə olmuş və ictimaiyyətin nümayəndələri ilə görüşmüsünüz. Bu görüş zamanı qəsəbədə həllini gözləyən, vətəndaşları narahat edən məsələlərlə maraqlanmış, sakinlərimizin təkliflərini dinləyərək müvafiq tapşırıqlarınızı vermisiniz.
Bizim üçün çox mühüm və əhəmiyyətli olan bu görüşdən dərhal sonra Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb binalarının tikintisinə başlamaq üçün sərəncam verdiniz.
Qısa müddət ərzində layihə sənədləri hazırlanaraq tikintiyə başlanılmışdır, cari tədris ilinədək təhvil verilməsi üçün hazırda işlər sürətlə davam etdirilir.
Diqqət və qayğınızın davamı olaraq "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səbail rayonu və qəsəbələrinə də geniş yer ayrılmış, uzun illər həllini gözləyən problemlərlə bağlı tədbirlərin böyük bir hissəsi Proqrama daxil edilmişdir.
Natiq Bağırov Badamdar qəsəbəsində təbii qaz, elektrik enerjisi, içməli su və kanalizasiya sistemi ilə təchizatın yaxşılaşdırılması sahəsində xeyli iş görüldüyünü söyləyərək dedi:
- Proqrama uyğun olaraq, qəsəbənin yollarında əsaslı təmir-asfaltlaşdırma işləri həyata keçirilir. Yalnız son bir il ərzində qəsəbəmizin məhəllədaxili yollarına 80 min kvadratmetr asfalt qatı salınmışdır.
Dövlət Proqramında rayonun təhsil və səhiyyə müəssisələrinin təmirinə böyük yer ayrılmışdır. Keçən il rayonda bir məktəb yenidən tikilmiş, bir məktəb üçün yeni korpus inşa olunmuşdur. Beş orta, bir peşə məktəbində, iki uşaq yaradıcılıq mərkəzində, üç uşaq bağçasında əsaslı təmir aparılmışdır. Hazırda bir məktəb üçün idman və akt zalı olan əlavə korpusun, həmçinin uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, iki məktəb və bir uşaq bağçasında, bir poliklinika və vərəm əleyhinə dispanserdə təmir işləri davam etdirilir. Qəsəbəmizdə tikiləcək yeni xəstəxana üçün isə yer müəyyənləşdirilərək layihələndirmə işlərinə başlanmış, idman zalının inşası üçün hazırlıq işləri aparılır.
Natiq Bağırov Dövlət Proqramı çərçivəsində Səbail rayonunda yenidənqurma və abadlıq tədbirlərinin daha da vüsət götürdüyünü diqqətə çatdıraraq dedi:
- Sizin təsdiq etdiyiniz layihə əsasında sahəsi bir hektara yaxın olan park yenidən qurulmuş, ulu öndərin əzəmətli büstü ucaldılmış, burada yeni fəvvarələr kompleksi qurulmuş, müasir avadanlıqla təchiz edilərək işlər artıq başa çatdırılmışdır.
Həyata keçirilmiş işlərlə yanaşı, qarşımızda hələ xeyli görüləsi işlər durur. Həmin işlərin icrası istiqamətində səylərimiz davam edir.
Möhtərəm cənab Prezident! İcazə verin, rayonumuza və qəsəbəmizə göstərilən diqqət və qayğıya görə Sizə rayonumuzun sakinləri adından dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, hər birimiz bundan sonra da ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Sizin rəhbərliyiniz altında ölkəmizdə aparılan bütün işlərin uğurla nəticələnməsi üçün var qüvvəmizlə çalışacağıq.
Diqqətinizə görə təşəkkür edirəm.
Prezident İlham Əliyevin
yekun nitqi
- Beləliklə, bu gün burada səslənən çıxışlarda Bakıda və ətraf qəsəbələrdə gedən işlər haqqında məlumatlar verildi. Deyə bilərəm ki, bütün rayonlarda quruculuq-abadlıq işləri sürətlə gedir. Əminəm ki, biz bu tempi saxlayacağıq və gələn ilin sonuna qədər Proqram tam şəkildə icra ediləcəkdir. Baxmayaraq ki, bu, çox böyük və çətin bir işdir. Proqram qəbul olunarkən sənədə daxil edilən məsələlərin həlli çox böyük işgüzarlıq, peşəkarlıq və maliyyə vəsaiti tələb edirdi. Nəzərə alsaq ki, hazırda biz Proqrama əlavələr haqqında danışırıq, aydındır ki, onun icrası daha da böyük məsuliyyət tələb edəcəkdir. Onu da qeyd etməliyəm ki, Proqramın müddəti qısadır. Biz bu Proqramın icra müddətini uzada da bilərdik. Çünki doğrudan da, iki il yarım ərzində bu qədər işlərin görülməsi çox böyük səfərbərlik və peşəkarlıq tələb edən məsələdir. Ancaq mən hesab edirəm ki, əgər biz indiki templəri saxlaya bilsək, Proqramda nəzərdə tutulmuş bütün məsələləri gələn ilin sonuna qədər həll edə biləcəyik. Bunu etmək üçün və xüsusilə əlavə tədbirlərin görülməsi ilə bağlı yeni maliyyə resurslarını əldə etmək üçün biz əlbəttə ki, gələn ilin dövlət büdcəsində investisiya proqramında bu məqsədləri təmin etməklə əlaqədar daha da böyük məbləğ nəzərdə tutmalıyıq.
Bu il iqtisadi göstəricilərimiz müsbətdir. Ona görə büdcədə əlavə vəsait yaranmışdır. Bildiyiniz kimi, bu vəsaitin böyük hissəsi zəlzələdən əziyyət çəkmiş insanların yaşayış səviyyəsinin yaxşılaşmasına yönəldilibdir. Şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələ minlərlə evi yararsız vəziyyətə salmışdır və insanlar böyük çətinliklər çəkirlər. Ona görə büdcədə yaranmış əlavə vəsait ilk növbədə, o insanların problemlərinə yönəldilibdir. Yeni tədris ilinə qədər onlarla yeni məktəb tikilməlidir. Minlərlə ev bərpa edilməlidir. Ancaq bununla bərabər, Bakıətrafı qəsəbələrin inkişafına müəyyən məbləğ nəzərdə tutulubdur.
Sirr deyil ki, əsas maliyyə yükü gələn ilə düşəcəkdir. Gələn il biz elə etməliyik ki, maliyyə problemlərimiz olmasın. Əgər ölkəmizin ümumi iqtisadi inkişafını biz təmin edə bilsək, - mən buna şübhə etmirəm, - bizdə maliyyə problemi olmayacaqdır. Qarşımızda təkcə bu maliyyədən səmərəli istifadə etmək, işi keyfiyyətlə və vaxtında görmək məsələləri dayanacaqdır. Bu məqsədlərə çatmaq üçün Proqramın icrası ilə bağlı əlaqələndirmə işləri daha da gücləndirilməlidir. Çünki proqramın icrasında həm şəhər və rayon icra orqanları, eyni zamanda, dövlət qurumları fəal iştirak edirlər. Bu qurumlar arasındakı əlaqələndirmə işlərini daha da keyfiyyətli şəkildə təmin etmək üçün böyük diqqət göstərilməlidir.
Ümumiyyətlə, Proqramın icrası ilə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi ilk növbədə məşğuldurlar. Əsas məsuliyyət onların üzərinə düşür. Əlaqələndirmə məsələlərinin həllinə gəldikdə, İqtisadi İnkişaf Nazirliyi bu funksiyanı öz üzərinə götürməlidir, daha doğrusu, götürübdür və bütün dövlət qurumları arasındakı uzlaşma, əlaqələndirmə məsələləri öz həllini tapmalıdır.
Nəyə görə mən bunu deyirəm, çünki bəzi hallarda müəyyən işləri bəzi qurumlar görür, ondan sonra başqa qurum gəlir, o işlərin elə bil ki, yenidən görülməsinə səbəb olan addımlar atır. Burada ardıcıllıq əlbəttə ki, gözlənilməlidir. İlk növbədə, yeraltı işlərin görülməsi gündəlikdə olmalıdır. Kanalizasiya, yeraltı su, qaz, elektrik xətlərinin, ondan sonra yolların çəkilişi məsələləri həllini tapmalıdır. Əgər bu ardıcıllıq pozularsa və bu işləri görən qurumlar arasında əlaqələndirmə olmasa, onda biz bir işi iki-üç dəfə görməli olacağıq. Buna isə yol vermək olmaz.
Əlaqələndirmə, ardıcıllıq plan üzrə getməlidir. Bu məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyində konkret cədvəl vardır. Hesab edirəm növbəti mərhələdə, - nəzərə alsaq ki, bu gündən başlayaraq gələn ilin sonuna qədər daha da böyük işlər görülməlidir, - əlaqələndirmə işlərinə daha da ciddi diqqət verilməlidir.
Eyni zamanda, nəzarət mexanizmi daha da güclü olmalıdır. İşlərin böyük əksəriyyəti keyfiyyətlə görülür. Ancaq son bir il ərzində - keçən ilin may ayından bu günə qədər keçən dövr ərzində siqnallar gəlmişdir ki, bəzi işlər keyfiyyətsiz görülür. Məktəblər keyfiyyətsiz tikilir. İşlər keyfiyyətsiz görülür. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaqdır. Biz əlbəttə ki, bütün işləri qısa müddət ərzində görməliyik, ancaq böyük keyfiyyətlə. Ayrılan vəsaitə də qənaətlə yanaşmaq lazımdır. Ən səmərəli yanaşma burada tətbiq edilməlidir. Görüləsi işlər hələ çoxdur.
Son bir il ərzində müəyyən işlər görülüb. Amma əsas işlər bundan sonra görüləcəkdir. Bütün infrastruktur layihələrinin görülməsi üçün konkret tapşırıqlar verilib. Bu layihələr çox böyük vəsait tələb edir. Vəsait də nəzərdə tutulub. Həmçinin Proqrama əlavələr üçün də vəsait nəzərdə tutulub. Beləliklə, maliyyə problemlərimiz yoxdur. Əsas məsələ texniki peşəkarlıq, nəzarət, keyfiyyət və bu işləri görən insanların məsuliyyəti dərk etməsidir.
Qazlaşdırma ilə bağlı Bakıda və ətraf qəsəbələrdə demək olar ki, əsas işlər görülüb. Bəzi yerlərdə təzyiqin aşağı səviyyədə olması problemlər yaradır. Amma hesab edirəm ki, bu məsələlər köklü şəkildə öz həllini tapmışdır. Qazlaşdırma təxminən 100 faizə yaxındır. Gələn müddət ərzində qazlaşdırma 100 faiz olmalıdır. Təzyiq də yüksək səviyyədə olmalıdır və heç bir fasilə olmamalıdır.
Elektrik
enerjisi ilə təchizatda da heç bir problem yoxdur. Artıq
bir neçə ildir ki, bu məsələ öz həllini
tapıbdır. Vaxtilə fasilələr də, kəsilmələr
də olurdu, bu problem bizi həmişə narahat edirdi. Son illər
ərzində tikilmiş yeni stansiyaların fəaliyyətə
başlaması, Bakı Elektrik Şəbəkə sisteminin təkmilləşdirilməsi
və onun dövlət nəzarətinə qaytarılması
nəticəsində bu sahədə də köklü dəyişikliklər
baş vermişdir. Beləliklə, Bakı şəhərində
və ətraf qəsəbələrdə işıqla
problem demək olar ki, yoxdur.
Ancaq
bununla bərabər, bəzi küçələrdə
işıq dirəkləri yoxdur. İndi mərkəzi
küçələrdə hər yerdə gözəl
işıq dirəkləri quraşdırılıbdır.
Onlar həm yaxşı işıq verir, həm də ki,
zövq oxşayır. Amma kənar küçələrin
bir çoxunda işıq dirəkləri, ümumiyyətlə,
yoxdur. İşıq xətləri çəkilməyib. Bir
müddət bundan əvvəl mən qarşıya vəzifə
qoymuşam ki, bu məsələyə də diqqət göstərilsin.
Tədricən bu işlər görülməyə
başlanmışdır. Elə etməliyik ki, gələn
ilin sonuna kimi Bakı şəhərinin bütün
küçələrində müasir işıq dirəkləri
və daim, davamlı işıq olsun.
Su və
kanalizasiya məsələlərinin həlli əsas diqqəti
cəlb etməlidir. Çünki bayaq qeyd etdiyim kimi, bu problem
bütün dövrlərdə aktual idi. Biz isə bu problemi
köklü şəkildə həll etmək əzmindəyik.
Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir.
Müəyyən işlər görülüb, daha da
böyük işlər görülməlidir ki, ən
müasir standartlara cavab verən sistem yaradılsın.
Bakını içməli su ilə təchiz etmək
üçün böyük işlər görülür.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara
verilməsi bu sahədə atılmış böyük
addımdır. Əlavə tədbirlərin görülməsi
və "Azərsu" şirkətinin yeni təklifləri
imkan verəcək ki, biz Bakının su problemlərini
köklü şəkildə həll edək.
İndi
yaxşılığa doğru addımlar
atılıbdır. Ancaq biz indiki bu vəziyyətlə də
barışa bilmərik. İndi fasilələr azalıb,
suyun verilmə müddəti artırılıb. Ancaq biz elə
etməliyik ki, Bakı şəhərində və Bakı qəsəbələrində
24 saat keyfiyyətli içməli su olsun. Mən
qarşıya belə vəzifə qoymuşam. Əlbəttə,
bu, böyük və çətin problemdir. Bakı
böyük şəhərdir. Bakı Cənubi Qafqazın və
bölgənin ən böyük şəhəridir. Əhalimiz
də artır. Bakının əhalisi iki milyonu
ötübdür. Burada su və kanalizasiya problemlərinin həlli
həm çox böyük maliyyə vəsaiti, həm də
texniki imkanlar tələb edir. Ancaq qarşıya bu vəzifə
qoyulub. Biz bu vəzifəyə doğru getməliyik.
Görülən işlər nəticəsində yeni sutəmizləyici
qurğular tikilməkdədir. Bakıda yeni su anbarları
tikilir ki, ümumiyyətlə, onlar heç vaxt
olmamışdır. Bu anbarlar olmadan şəhəri
dayanıqlı şəkildə su ilə təmin etmək
mümkün deyildir. Sutəmizləyici qurğular, süzgəclər
və xətlər dəyişdirilməlidir, yenilənməlidir.
Bu, böyük işlər, böyük peşəkarlıq
tələb edən məsələlərdir. Ancaq vəzifə
belə qoyulub ki, Bakının su problemləri birdəfəlik
həll edilsin və icra olunan bu layihə gələcəyə
də hesablansın. Çünki əhali artır, tələbat
artır, iqtisadiyyat artır, sənaye potensialı artır.
Beləliklə, biz uzunmüddətli strategiyamızı ona əsasən
hesablamalıyıq.
Bununla
paralel olaraq bütün bölgələrdə, bütün
rayon mərkəzlərində və bəzi kəndlərdə
indi böyük su-kanalizasiya layihələri icra edilir.
Bölgələrdə isə, ümumiyyətlə, su
problemi heç vaxt lazımi səviyyədə
olmamışdır. Kanalizasiya, ümumiyyətlə, yox idi.
Ona görə bütün rayon mərkəzlərini su və
kanalizasiya ilə təmin etmək üçün indi konkret
tapşırıqlar verilmişdir. Bu Proqramı da biz
çalışmalıyıq, gələn ilin sonuna qədər
yekunlaşdıraq. Əgər buna imkan olmasa, 2014-cü ilin
sonuna qədər bütün rayon mərkəzlərinin və
ətraf böyük kəndlərin su-kanalizasiya problemləri
həll edilməlidir.
O ki
qaldı Bakı şəhərinə, bir daha demək istəyirəm,
qarşıya vəzifə qoyulubdur ki, hər bir yerdə 24
saat, Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun səviyyədə təmiz içməli
su təmin edilsin. Eyni zamanda, su sayğaclarının
quraşdırılması prosesi daha da sürətlə getməlidir.
Vaxtilə heç qaz, işıq sayğacları da
olmamışdır. Biz yaxşı xatırlayırıq ki,
bu sahədə nə qədər böyük pozuntular
olmuşdur, nə qədər böyük problemlər
yaranmışdır. Yığım çox
aşağı səviyyədə idi -8 faiz, 10 faiz.
Yadımdadır, 7-8 il bundan əvvəl yığımın
20 faizi keçmirdi. İndi qaz, elektrik enerjisi
yığımında biz təxminən 100 faizə
yaxınlaşmışıq. Nəyin hesabına? Nizam-intizam
gücləndirildi, qanunsuz əməllərə son qoyuldu və
müasir sayğaclar quraşdırıldı. Artıq vətəndaş
bilir nəyin pulunu ödəyir. "Smart-kart" sayğaclarının
quraşdırılması da hesab edirəm ki, çox
uğurlu təşəbbüs idi.
İndi hər
bir vətəndaş qazı kartla almaqla rahat ödəmələr
aparır və nəzarətçi ilə artıq heç
bir əlaqə, ünsiyyət yoxdur. Bu, eyni zamanda, korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizədə
çox ciddi vasitədir. Su sayğaclarının
quraşdırılması da davam edir və daha sürətlə
getməlidir. Biz buna nail olsaq, - əminəm ki,
olacağıq, - bu sahədə də nizam-intizam
yaradılacaqdır.
Beləliklə,
bu layihələr, eyni zamanda, istilik təchizatının
yaxşılaşdırılması məsələləri
paralel şəkildə aparılmalıdır. Biz bu məsələlərə
də həmişə diqqət vermişik. Son bir neçə
il ərzində bu sahədə də dönüş
yaranmışdır. "Azəristiliktəchizat" təşkilatı
yaradılmışdır. Bütün istilik təsərrüfatı
orada cəmləşmişdir. Artıq bu proses gedir və
vaxtilə istiliyi kəsilmiş evlərə yeni layihələrin
icrası nəticəsində istilik verilir. Bu, həm ucuz
enerjidir, həm elektrik enerjisinə qənaətdir, həm də
insanların maddi rifahına dəstəkdir. Biz
çalışmalıyıq ki, bu prosesi sürətləndirək.
Məndə olan arayışa görə, son müddət ərzində
yüzlərlə ev, demək olar ki, bütün məktəblər,
uşaq bağçaları, səhiyyə obyektləri
istiliklə təchiz edilmişdir. Ancaq o illəri də
xatırlayırıq ki, istilik demək olar, heç yerdə
yox idi. Əlbəttə ki, bu sahə ilə bağlı mən
ciddi məşğul olmuşam. Bilirəm ki, bəzi hallarda
vaxtilə təchizatın kəsilməsi nəticəsində
batareyalar da kəsilmişdir. O evlərə gedən xətlər
də kəsilmişdir. Onları bərpa etmək çətindir.
Ancaq çalışmalıyıq ki, bu işlər daha da
sürətlə getsin.
Yol təsərrüfatının
təmiri və tikintisi layihələri Bakıda uğurla
gedir. Deyə bilərəm ki, Bakı şəhərində
bu sahədə aparılan işlər bəlkə də
heç bir başqa şəhərdə aparılmır. Son
illər ərzində 30-dan çox böyük yol
qovşağı, tunellər, körpülər
tikilmişdir. Onlar həm memarlıq abidələridir, eyni
zamanda, əgər vaxtilə biz bu layihələrə
başlamasaydıq, indi Bakının nəqliyyatı iflic vəziyyətə
düşərdi. Çünki biz təqribən 2006-2007-ci
illərdə artıq birinci layihələri icra etməyə
başlamışdıq. Bu gün Bakını son beş il ərzində
tikilmiş bax, bu körpülərsiz, yol qovşaqlarsız təsəvvür
etmək çətindir. Hamımız yaxşı
xatırlayırıq ki, Bakı-Aeroport yolunda neçə
dairə var idi. Hər bir dairədə insanlar saatlarla
dayanırdılar. Əgər biz dairələri ləğv
etməsəydik, yeni qovşaqlar yaratmasaydıq, indi Bakıdan
aeroporta getmək üçün ən azı iki saat vaxt
lazım olacaqdı.
Təkcə
Bakı-Aeroport yolu deyil, başqa istiqamətlərdə də
yol qovşaqları tikilir, yollar genişləndirilir, yeni yollar
salınır. Bəzi hallarda sənaye obyektləri
köçürülür. Baxmayaraq ki, yenə də deyirəm,
30-dan çox yol qovşağı tikilmişdir, yeni yollar,
yeni arteriyalar, yeni damarlar çəkilir və bu proses davam
etdirilir. Yeni layihələr, yeni planlar vardır. Biz bu
planları icra edəcəyik. Eyni zamanda, qəsəbədaxili
yollar diqqət mərkəzində olmalıdır. Qeyd etdiyim
kimi, ardıcıllıqla. Çünki Bakı qəsəbələrində,
- qəsəbə sakinləri bunu yaxşı bilirlər, -
yolların əksəriyyəti torpaq yollar idi. Mən də qəsəbələrdə
tez-tez olaraq bu məsələyə fikir vermişəm, diqqət
göstərmişəm. Qarşıya vəzifə
qoyulmuşdur ki, Bakı qəsəbələrində torpaq
yol olmamalıdır. Heç kəndlərdə, bölgələrdə
də olmamalıdır. İndi görürsünüz,
bölgələrdə kənd yollarının tikintisinə
Prezidentin Ehtiyat Fondundan nə qədər vəsait
ayrılır ki, kəndlərə gedən yollar da asfalt
yollar olsun. Ancaq Bakı qəsəbələrində torpaq
yolların mövcudluğu, ümumiyyətlə,
dözülməzdir. Ona görə su-kanalizasiya layihələri
başa çatdıqdan sonra, yaxud da ki, onlarla paralel olaraq qəsəbədaxili
yolların hamısı asfaltlanmalıdır, genişləndirilməlidir
və rahat şərait yaradılmalıdır.
Qəsəbələrarası
yolların bəziləri magistral yolların bir hissəsidir.
Misal üçün, hazırda Bakı-Bilgəh-Sumqayıt
yolunun tikintisi aparılır. Bu yolun üzərində bir
neçə kənd yerləşir və beləliklə, biz
qəsəbələrarası yolların həllinə də
nail oluruq. Bu da çox böyük yoldur, yeni yoldur, heç
vaxt olmamışdır. Bu yolun çəkilişi həm qəsəbələr
arasında nəqliyyatın hərəkətini
asanlaşdıracaq, eyni zamanda, Bakını Sumqayıt ilə
yeni gözəl dənizkənarı yolla birləşdirəcəkdir.
İndi
Bakı şəhərində digər layihələr də
icra edilməkdədir. Yeni ideyalar, yeni təkliflər, fikirlər
vardır. Yəni, bu, daimi proses olmalıdır və biz əlbəttə
ki, bu işləri görməklə həm indiki vəziyyəti
yaxşılaşdırırıq, həm də gələcəyə
əsas bir zəmin yaradırıq. Çünki Bakı
şəhəri böyüyəcəkdir. Buna heç kimin
şübhəsi olmasın. Bu gün Bakının əhalisi
iki milyondan artıqdır. Ancaq dünyanın elə şəhərləri
var ki, onların əhalisi beş milyon, altı milyon, yeddi
milyon səviyyəsindədir.
Bizdə
iqtisadi inkişaf sürətlidir. Əhalinin artması prosesi
müsbət istiqamətdə gedir. Artıq 9 milyon 200 min əhalimiz
vardır və son illər ərzində statistika onu göstərir
ki, doğuşlar daha da çoxalır. Bu, məni çox
sevindirir və əvvəlki dövrlə müqayisədə
dünyaya daha da çox körpə gəlir. Beləliklə,
Bakının, Azərbaycanın əhalisi artacaq və biz
bütün infrastruktur layihələrimizi gələcəyə
- 30 il, 40 il bundan sonrakı dövrə hesablamalıyıq.
Elə
şərait yaratmalıyıq ki, onilliklər bundan sonra, bax,
bu gün icra olunan layihələr insanlara xidmət göstərsin.
Necə ki, biz bu gün 20 il, 30 il, 40 il bundan əvvəl
görülmüş işlərdən bəhrələnirik,
onlardan istifadə edirik, eləcə də gələcək nəsillər
də bu gün bizim gördüyümüz işlərdən
bəhrələnməlidirlər. Bu, həm yol-nəqliyyat
infrastrukturuna, həm də bütün başqa sahələrə
aiddir.
Nəqliyyata
gəldikdə, bu sahədə də müsbət meyillər
müşahidə olunur. Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi yaradılıbdır. Bu da
dünya miqyasında nadir, bir sistemdir. Yeni avtobuslar, yeni taksilər
gətirilir. Bütün bunlar insanların rahatlığı
üçün edilir.
Metro
tikintisi sürətlə gedir, daha da sürətlə getməlidir.
Çünki biz Metronun Uzunmüddətli İnkişaf
Planını qəbul etdik və qarşıya vəzifə
qoyuldu ki, 2030-cu ilə qədər Bakıda metro
stansiyalarının sayı 70-ə çatsın. Nəzərə
alsaq ki, bizim indi 23 stansiyamız var, onlardan üçü son
illər ərzində tikilmişdir. Beləliklə, ildə
Bakıda bir neçə stansiya tikilməlidir. Mən hesab
edirəm ki, bu sahəyə daha da böyük diqqət
göstərilməlidir. Əlbəttə ki,
özümüzün texniki imkanlarımız, şirkətlər
vardır. Amma iş həcminin böyük olduğunu nəzərə
alaraq hesab edirəm, biz bu layihəyə xarici şirkətləri
də cəlb edə bilərik ki, işlər daha da sürətlə
getsin. Yəni, 2030-cu ilə qədər təqribən 50-yə
yaxın yeni stansiyanın tikintisini təmin etmək
üçün orta hesabla ildə bir neçə stansiya təhvil
verilməlidir.
Bu da
çox böyük layihədir. Ancaq bu da gələcəyə
yönəlmiş bir baxışdır. Çünki əgər
biz bu layihəni icra etməsək, nə qədər yol
qovşağı tiksək də, Bakının tıxac
problemlərindən canımızı qurtara bilməyəcəyik.
Böyük şəhərlərdə elə yerlər
vardır ki, orada 4-5-6 mərtəbəli yollar tikilir. Elə
yollar var ki, o, binaların 6-cı, 7-ci mərtəbəsinin səviyyəsindədir.
Yəni, nədən belə bir vəziyyət yaranıb?
Çünki yolları artıq genişləndirməyə
imkan yoxdur. Ona görə də biz də öz işimizi elə
aparmalıyıq, elə hesablamalıyıq ki, gələcəkdə problem
olmasın. İndi biz bu günün problemlərini həll edəcəyik.
Müzakirə etdiyimiz Proqramın gələn ilin sonuna qədər,
ondan sonra regionların iqtisadi inkişaf Proqramının
icrası nəticəsində bütün bu problemlər həll
olunacaqdır. Biz gələcək haqqında
düşünməliyik və nəqliyyat sektorundakı məsələlər
orada əlbəttə ki, prioritetlərdən biridir.
Sosial
infrastrukturun təkmilləşdirilməsi ilə bağlı
burada çıxışlarda səsləndi ki, neçə
məktəb təmir edilib, neçə məktəb tikilib.
Bütün göstərişlər verilmişdir. Qəbul
edilmiş Proqrama əlavə olaraq onlarla yeni məktəbin
tikintisi nəzərdə tutulur və beləliklə, mən əminəm
ki, gələn dərs ilinə qədər Bakının
bütün məktəb problemləri həll ediləcəkdir.
Yəni, məktəblərin maddi-texniki bazası yenilənəcək,
bir dənə də olsun təmirsiz məktəb
qalmayacaqdır.
O ki
qaldı uşaq bağçalarının vəziyyətinə,
bu sahədə hələ görüləsi işlər
çoxdur. Çünki indiki uşaq
bağçalarının, burada olan uşaqların sayı
bizi qane etmir. Məndə olan məlumata görə bu,
Bakı şəhərinin tələbatının təqribən
20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad
vəziyyətdə olan mövcud uşaq
bağçalarını bərpa etsək belə, yenə də
bu, problemin həlli deyildir. Problemin həlli ondadır ki, yeni
uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə
tikilmiş uşaq bağçaları böyük ərazini
əhatə edir. İndi həmin ərazidə yeni korpuslar
tikilə bilər. Bu da bir yoldur.
Digər
yol ondan ibarətdir ki, - bu da bizim digər
proqramlarımızla uzlaşır, -
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması üzrə Dövlət
Proqramı"nda erməni işğalından əziyyət
çəkmiş soydaşlarımızın
köçürülməsi məsələləri
dayanmışdır. Bu Proqram da icra edilir. Bildiyiniz kimi,
çadır şəhərcikləri artıq beş ildir
ki, ləğv edilib. İndi yataqxanalarda məskunlaşmış
soydaşlarımızın evlərə köçürülməsi
prosesi gedir. Fin evlərində, o cümlədən uşaq
bağçalarında yaşayan köçkünləri də
biz normal şəraitlə təmin etməliyik. Bu vəzifə
də qarşıya qoyulub və hesab edirəm ki, bu konfransdan
sonra bu məsələyə daha da ciddi diqqət göstərilməlidir.
Həm Qaçqınkom, həm Bakı Şəhər
İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl
tutsunlar ki, biz soydaşlarımızı o uşaq
bağçalarından yeni evlərə köçürək,
bu bağçaları isə uşaqların sərəncamına
verək. Elə hallar var ki, bağçanın bir hissəsində
uşaqlar qalır, bir hissəsində isə qaçqın
ailələri. Buna artıq dözmək olmaz. Amma yenə də
deyirəm, biz köçkünləri ancaq o vaxt
köçürə bilərik ki, onlar üçün
lazımi şərait yaradılsın.
Beləliklə,
uşaq bağçalarının problemlərinin həlli
üçün biz əlavə tədbirlər görməliyik.
Burada həm bağçaların vəziyyəti, təmiri,
eyni zamanda, yemək məsələləri nəzərdə
tutulmalıdır. Çünki məktəbdən fərqli
olaraq, uşaq bağçalarında körpələr hələ
öz hüquqlarını müdafiə edə bilmirlər.
Onlara verilən yeməyi yeyir, verilən suyu içirlər.
Ona görə burada bu işlərə rəhbərlik edənlərdən
çox şey asılıdır.
Mən
çox narahatam və narahat idim ki, gələn siqnallar da onu
göstərir, hətta uşaqlara heç o aşağı
səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar
ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək
gətirirlər. Bu, dözülməz haldır. Mən son
müddət ərzində dəfələrlə uşaq
bağçalarında vəziyyətlə tanış
olmuşam və eyni zamanda, bu yemək məsələləri
ilə də maraqlanmışam. İndi bu məsələlər
paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə
edilibdir və çox ciddi göstərişlər verilmişdir
ki, yemək məsələləri birinci planda
olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata
görə, bu sahədə dönüş
yaranmışdır. Əlbəttə ki, bu məlumat
inandırıcıdır. Ancaq mən valideynlərdən
xahiş edirəm, əgər hər hansı bir
bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz
verilir, Prezident Administrasiyasına və Bakı Şəhər
İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə
məlumat versinlər ki, biz bu məsələləri də həll
edək.
Uşaq
bağçalarının hamısı təmirli
olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir
ki, uşaqlarımız sağlam böyüsünlər.
Proqramda səhiyyə
məsələlərinin həlli də nəzərdə
tutulur. Əlavə tibb məntəqələri, xəstəxanalarla
bağlı, - burada qeyd olundu, vətəndaşların
xahişi nəzərə alınmışdır - Prezidentin
Ehtiyat Fondundan vəsait ayrılmışdır ki, təxirəsalınmaz
tədbirlər görülsün. Ancaq əlbəttə ki, əsas
işlər dövlət büdcəsinin xətti ilə
görülür. Elə etməliyik ki, biz səhiyyə məntəqələrinin
fəaliyyətini yaxşı səviyyədə saxlayaq. Ona nə
qədər lazımdırsa vəsait ayrılacaqdır ki,
bütün qəsəbələrdə keyfiyyətli tibbi
xidmət göstərilsin.
Sahibkarlıqla
bağlı mən giriş sözümdə qeyd etdim.
Keçən ildən Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə Bakı qəsəbələrinin
iş adamlarına da vəsait ayrılmağa
başlanmışdır. Bu proses gələn il davam etdiriləcəkdir.
Bu il fondun idarə etdiyi məbləğ rekord həddə
çatıb - 200 milyon manatdır. Lazım olsa, gələn
il biz bu məbləği artıra bilərik. Çünki
biz görürük ki, bu mexanizm çox gözəl işləyir.
Bölgədə yaradılmış yeni müəssisələrin
böyük hissəsi, o cümlədən bu kreditlərin
hesabına mümkün olmuşdur. Çünki biznesə
başlamaq, öz işini qurmaq üçün bəzi
hallarda insanlarda ilkin kapital olmur. O ilkin kapitalı güzəştli
şərtlərlə dövlət verir və beləliklə,
sənayenin inkişafını stimullaşdırır, iş
yerlərinin yaradılmasına da xidmət göstərir.
Bakı qəsəbələrində bu proses
başlamışdır. Artıq qeyd etdiyim kimi, buradakı
stendlərdə ilkin işlər göstərilir. Bu işlər
davam etdirilməlidir.
Bakı
böyük sənaye mərkəzidir. Həmişə belə
olub, sovet dövründə, inqilabdan əvvəl də belə
olub. Bakı əslində sənaye şəhəri kimi
formalaşmışdır. Təsadüfi deyildir ki, şəhərin
mərkəzində çoxlu sənaye obyektləri, zavodlar,
fabriklər vardır ki, bunlar da bizim indiki yanaşmamıza
uyğun gəlmir. Ancaq biz bu sahəyə də diqqət
veririk. Yeni yanaşma ondan ibarətdir ki, köhnəlmiş sənaye
obyektləri şəhərin mərkəzindən
çıxarılsın. Bu proses gedir, köçürmələr
davam edir. Burada mən deyə bilərəm ki, çox
güclü iradə göstərilmişdir. Bəzi hallarda
müqavimət də var idi. Bizim Bakı ilə bağlı
planlarımız bəzi hallarda bəzi vətəndaşlar tərəfindən
o qədər də dərk edilmirdi. Ancaq bugünkü
Bakının gözəlliyi, yeni yaradılmış şərait
göstərir ki, vaxtilə qəbul edilmiş qərarlar
düzgün qərarlar idi.
Vaxtilə
köhnəlmiş, fəaliyyət göstərməyən sənaye
müəssisələrinin yerində gözəl binalar,
ictimai yerlər yaradılmış, parklar
salınmışdır. Onların bir neçəsini
xatırlamaq kifayətdir. Səttarxan zavodunun ərazisində
dünyanın memarlıq möcüzəsi sayılan Heydər
Əliyev Mərkəzi artıq mayın 10-da
açılmışdır. İndi o ərazidəki əvvəlki
vəziyyəti heç təsəvvür etmək belə
çətindir. Bu mərkəz, yenə də deyirəm,
dünyanın müasir memarlıq abidələrinin
siyahısındadır, onların içərisində öz
gözəlliyi, funksional tərəfi ilə seçilir. Lampa
zavodu, şifer zavodu və digər zavodlar artıq yoxdur.
Bizim sənayemiz
bundan, necə deyərlər, zərər görmür. Bu ilin
birinci rübünün statistik göstəricilərinə
görə, qeyri-neft sənayemiz 16 faiz artmışdır. Yəni,
bu işlər düzgün istiqamətdə görülən
işlərdir. Yeni parklar salınır. Elə o lampa zavodunun ərazisində
indi gözəl fəvvarə, gözəl park insanların sərəncamına
verilmişdir. İndi gənclər bəlkə də onu
xatırlamırlar, amma bizim nəsil yaxşı
xatırlayır ki, o mənzərə necə idi. Yəni, bu
gözəlləşmə, abadlıq, quruculuq işləri
davam etdirilməlidir.
Yaxud da
ki, götürək Yeni Bakı Bulvarını. Bir müddətdən
sonra insanların yadından çıxacaqdır ki, o sahə
ümumiyyətlə, necə deyərlər, hasarın
arxasında qalmışdı. O hasarın arxasında köhnəlmiş
zavodlar, gəmi təmiri zavodları və başqa köhnəlmiş
sənaye obyektləri yerləşmişdi. Yol da çox dar
idi. Bir-iki ildən sonra o da yaddan çıxacaqdır, qoy, elə
yaddan çıxsın. Biz onları köçürdük,
sənayenin inkişafına heç bir zərər vermədən
yeni bulvar - iki kilometrlik gözəl gəzinti yerləri
salındı. Orada xüsusi velosiped zolaqları da
yaradılmışdır ki, insanlar rahat istifadə etsinlər.
Ümumiyyətlə, Bakı Bulvarının Bayraq
Meydanındakı bulvar ilə birlikdə uzunluğu 3,5
kilometrdən 14 kilometrə çatmışdır. İndi
Bayraq Meydanında "Eurovision" mahnı müsabiqəsindən
sonra təmizləmə işləri görülür.
Yaxın zamanlarda Bayraq Meydanı da açılacaqdır və
insanlar orada gəzəcəklər, istirahət edəcəklər.
Bu da dünya miqyasında nadir bir yerdir. Həm müstəqilliyimizin,
dövlətçiliyimizin rəmzidir, eyni zamanda, gözəl
istirahət parkıdır. Altmış hektar ərazidə
yerləşən bu Bayraq Meydanı hələ də sahəsini
genişləndirir. Hazırda Bayraq Meydanından Bibiheybət
istiqamətinə yeni bulvar salınır. Əgər hər
şey plan üzrə gedərsə, yəqin ki, bir-iki ildən
sonra o sahə böyük istirahət və əyləncə
zonasına çevriləcəkdir. O zona ilə bağlı
bizim böyük fikirlərimiz, planlarımız vardır.
Parklar zonası Bibiheybətə qədər uzadıla bilər.
Yəni,
budur yeni yanaşma. Şəhərin mərkəzindən
köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye
obyektləri köçürülür, onların yerində
ictimai yerlər, parkinqlər yaradılır.
İndi
köçürmələr aparılır. Heydər Əliyev
Sarayının arxasındakı yerlər
köçürülübdür, bazar qiymətindən
artıq səviyyədə kompensasiya da verilibdir. Bunu hamı
bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali
köçürülür, bura satılacaqdır, binalar,
restoranlar tikiləcəkdir. Orada ikimərtəbəli
yeraltı parkinq tikilir, üstü də park, gəzinti
zonası, meşə zolaqları olacaqdır. Bu, şəhərimizə
hava-su kimi lazımdır. Çünki yaşıllıq,
meşə zolaqları azdır. Ona görə köhnəlmiş
sənaye obyektlərinin ərazilərində ictimai yerlər
- parklar, yeraltı parkinqlər və yaşıllıq
zolaqları yaradılır.
Bəzi
hallarda bu yerlərin bir hissəsi özəl yerlərlə kəsişir
və hesab edirəm ki, bu sahədə özəl sektor da məsuliyyətli
olmalıdır. Biz hamımız bu şəhərdə
yaşayırıq, Bakı hamımızın paytaxtıdır.
Bakının gözəlləşməsi üçün
hamımız fədakar olmalıyıq. Ona görə əgər
hansısa yeni inkişaf layihələri müəyyən dərəcədə
özəl torpağa da düşürsə, burada, əlbəttə,
kompensasiya verməklə, ilk növbədə, dövlət
maraqları və Bakı sakinlərinin maraqları ön
planda olmalıdır. Çünki vaxtilə
aparılmış özəlləşdirmə nəticəsində
bəzi hallarda şəhərin mərkəzində yerlər
qanunsuz olaraq zəbt edildi, ondan sonra hasar çəkildi, ondan
sonra heç nə, elə torpaq kimi qalıb. Biz indi bu vəziyyətlə
barışa bilmərik. Şəhərin mərkəzində,
ya kənarında kifayət qədər yerlər vardır ki,
hasara alıb saxlayıblar. Niyə saxlayırlar?! İndi
şəhər inkişaf edir, yollar, yol qovşaqları
çəkilməlidir, yeraltı parkinqlər, parklar,
yaşıllıq zolaqları tikilməlidir. Ona görə
şəhər meriyası bu məsələlərlə bağlı,
əlbəttə ki, qanun çərçivəsində
bütün işləri elə görməlidir ki, ilk
növbədə, Bakı şəhərinin sakinləri o
yerlərdən istifadə etsinlər. Biz imkan verə bilmərik
ki, şəhərin mərkəzində hektarlarla ərazi
hasarlanıb və ora elə ölü vəziyyətdə
qalıbdır, insanlar da gəzməyə yer axtarırlar.
İndi axşam vaxtlarında bulvarda tərpənməyə
imkan yoxdur. Baxmayaraq ki, biz bulvarı genişləndirmişik,
dənizə tərəf uzatmışıq, yenə də o
qədər insan gəlir ki, orada indiki bulvar artıq kifayət
etmir. Yəni insanların rahatlığı üçün
şəhərdə gəzinti yerləri, parklar, meşə
zolaqları tikilməlidir. Biz bunu edəcəyik. Amma yenə də
deyirəm ki, özəl qurumlar bu məsələyə diqqətlə
yanaşsınlar, özləri könüllü şəkildə
təşəbbüs göstərsinlər. Əlbəttə
ki, bu məsələlər onsuz da qanun çərçivəsində
həll olunacaqdır.
O ki
qaldı şəhərimizin sənaye inkişafına verilən
diqqətə, bu, yüksək səviyyədədir. Bakı
sənaye şəhəri kimi, əlbəttə ki, inkişaf
etməlidir. Yeni, böyük sənaye obyektləri, - mən
bu barədə əvvəllər də fikrimi bildirmişəm,
- Qaradağ rayonu ərazisində tikilməlidir. Orada
böyük ərazi vardır. İndi orada böyük sənaye
müəssisələri, sement zavodu, başqa zavodlar tikilir.
Neft Şirkəti Qaradağ rayonu ərazisində böyük
neft-kimya kompleksi tikəcəkdir. Ələtdə yeni Dəniz
Ticarət Limanı, gəmiqayırma zavodu tikilir. Yəni, biz
Bakı sənayesini daha çox Qaradağ rayonunun ərazisində
yerləşdirməliyik. Texnoparkların yaradılması məsələləri
də bu məqsədə xidmət etməlidir.
Texnoparklara
gəldikdə, həm Bakıda, Sumqayıtda, Gəncədə
bu proses gedir. Bu, bizə imkan verəcək ki, giriş
sözümdə dediyim kimi, 2023-cü ilə qədər
qeyri-neft sənayesinin inkişafı hesabına ümumi daxili
məhsulu iki dəfə artıraq.
Ekoloji tədbirlərin
görülməsi ilə bağlı bir neçə söz
demək istəyirəm. Bu məsələ daim diqqət mərkəzində
olmalıdır. Bakının ekoloji vəziyyəti bizi qane edə
bilməz. Bu, reallıqdır. Əfsuslar olsun ki, əsrlər
boyu Bakı sənaye şəhəri kimi formalaşıb,
xüsusilə neft sənayesi burada yaranıb. Həmişə
şəhər ekoloji cəhətdən çox ağır
vəziyyətdə idi. Sovet dövründə müəyyən
standartlar var idi, sovet standartları var idi. O standartlar gözlənilirdi.
Amma indi biz bilirik ki, o standartlar dünya standartlarına əlbəttə,
uyğun deyildir.
Postsovet
dövründə, xüsusilə ilk illərində maliyyə
vəziyyətimiz çox ağır idi. Bizim çox
böyük ehtiyacımız var idi. Biz bu məsələlərə
lazımi qədər vəsait ayıra bilmirdik. İndi isə
biz bunu edirik, etməliyik və bütün sahələr
üzrə konkret tapşırıqlar verilmişdir.
Burada qeyd
edildi, Balaxanıda poliqon yaradılıbdır. Vaxtilə Balaxanı
zibilxanasından qalxan tüstü bütün şəhəri
bürüyürdü, zəhərləyirdi. İndi ora
gözəl bir parkdır. Məişət tullantıları
emalı zavodunun tikintisi nəticəsində artıq bu məsələlər
öz həllini tapacaqdır.
İçməli
su, kanalizasiya layihələri, göllərin təmizlənməsi
məsələləri ilə də bağlı İqtisadi
İnkişaf Nazirliyinə göstəriş verilmişdi.
Bakının ərazisində yerləşən göllər
təmizlənməlidir. İlk növbədə, oraya
axıdılan suların təmizlənməsi və yeni xətlərin
çəkilişi məsələləri həllini
tapmalıdır. Biz gərək, ilk növbədə,
çirklənmənin səbəbini aradan qaldıraq. Ondan
sonra biz təmizləmə, ekoloji tədbirlərlə indiki
gölləri gözəl, təmiz göllərə
çevirməliyik. Onların ətrafında meşə
zolaqları, parklar salınmalıdır ki, insanlar bu göllərdən
istifadə etsinlər. Bütün bu göllərin
siyahısı vardır. Konkret tapşırıqlar
verilmişdir. Bu il müəyyən dərəcədə vəsait
də nəzərdə tutulur. Əsas vəsait gələn
il və 2014-15-ci illərdə ayrılacaq ki, bu gölləri
biz gözəl, şəffaf, təmiz göllərə
çevirək. Beləliklə, həm insanların istirahəti
üçün yeni yerlər yaradılacaq, həm də ekoloji
vəziyyət yaxşılaşacaqdır.
Bakıda
yerləşən yod zavodunun qalıqlarının
köçürülməsi prosesi də
başlamışdır. Bu da çox zəhərli müəssisə
idi. O işləmir, ancaq onun ətrafında yerləşən
tullantılar zəhərlidir. Büdcədə vəsait nəzərdə
tutulub. Həmin vəsait Fövqəladə Hallar Nazirliyinə
ayrılıb. Onlar indi işləyirlər. Bu ilin sonuna qədər
yod zavodunun ərazisi tamamilə təmizlənəcəkdir.
Ağacəkmə
məsələləri də yaddan
çıxmamalıdır. Mən çox şadam ki,
"Ekologiya ili"ndə bütün şəhər, rayon
icra hakimiyyətlərində
böyük fəallıq nümayiş etdirilirdi. Hər
yerdə ağacəkmə prosesləri gedirdi. "Ekologiya
ili" başa çatandan sonra yavaş-yavaş bu proses -
yeni ağacların əkilməsi, yeni zolaqların
yaradılması səngiməyə başlamışdır.
Düzdür, biz dövlət xətti ilə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə vəsait ayırırıq,
onlar bu prosesi davam etdirirlər. Nəzərdə tutulmuş
yerlərdə yeni ağaclar əkilir. Ancaq hesab edirəm ki, əlbəttə,
mövsüm gələndə rayon icra orqanları da ağacəkmə
məsələlərinə yenə də diqqət göstərməlidirlər.
Bu, kampaniya olmamalıdır, bu, daimi, gündəlik iş
prosesi olmalıdır.
Şəhərimizin
tarixi abidələrinin qorunması yüksək səviyyədədir.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Bakı
qədim, tarixi və müasir şəhərdir. Bakıda
tarixi gözəllik, memarlıq abidələrimiz və qədim
Bakının siması müasir Bakının siması ilə
uzlaşır. Yəni, ziddiyyət təşkil etmir.
Bakıya gələn qonaqlar bunu qeyd edirlər ki, burada qədim
dövr ilə müasir dövr arasında sintez, harmoniya
vardır. Bəzi hallarda, bəzi şəhərlərdə
bu harmoniya olmur. Amma bizim məqsədimiz elə ondan ibarət
idi ki, Bakının qədim simasını saxlamaqla,
bütün tarixi abidələri bərpa etməklə
yanaşı, müasir Bakımızın yeni simasını
da yaradaq və buna nail olduq. Bu gün artıq Bakının
yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi,
Bayraq Meydanı, "Alov qüllələri", "Bakı
Kristal Sarayı"- bunlar Bakımızın yeni
simvollarıdır, Azərbaycanın inkişaf
dinamikasını göstərən abidələrdir. Şəhərimizi
gözəlləşdirmək üçün biz bundan sonra
da fəal işləməliyik. Mən çox şadam ki, cəmiyyətdə
və dövlət qurumları nümayəndələri
arasında bu məsələ ilə bağlı çox
böyük fəallıq, böyük ruh yüksəkliyi və
şəhərimizə böyük məhəbbət
vardır.
Bakı
doğrudan da, dünyanın ən gözəl şəhərlərindən
biridir. Mən demişəm, bir daha demək istəyirəm
ki, vaxt gələcək deyəcəyik ki, Bakı
dünyanın ən gözəl şəhəridir. Sağ
olun.
AzərTAc
Azərbaycan.- 2012.- 21 iyun.- S. 1-4.