Avropa İttifaqı ilə ədliyyə sahəsində mühüm layihələr həyata keçirilir

 

 Ədliyyə sisteminin inkişafı istiqamətində  həyata keçirilən islahatlar çərçivəsində Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2012-2014-cü illərdə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramının icrasına başlanılmışdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə üzrə nəzərdə tutulan tədbirlərin mütəşəkkil və vaxtında təmin olunması, bu işlərin əlaqələndirilməsi, monitorinqlərin aparılması məqsədilə Ədliyyə Nazirliyində yaradılmış Proqramın İdarəetmə Komitəsinin geniştərkibli iclası keçirilmişdir.

Giriş nitqi ilə tədbiri açan nazir müavini Toğrul Musayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən son illər ərzində ədliyyə orqanlarının inkişafına və müasirləşdirilməsinə yönəldilmiş çox mühüm normativ-hüquqi aktların qəbul olunduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkəmizdə ilk dəfə olaraq regional ədliyyə şöbələri yaradılmış, Ədliyyə Akademiyası təsis edilmiş, həmçinin penitensiar sistemin və digər sahələrin inkişafı üzrə genişmiqyaslı islahatlar aparılmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı həyata keçirilən işlərə böyük maraq göstərərək dəstək verirlər. Birgə Proqramın istiqamətləri üzrə əməli tədbirlər görülür.

İclasda çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Roland Kobia dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin hərtərəfli dinamik tərəqqisini, o cümlədən ədliyyənin inkişafı üzrə qazanılmış nailiyyətləri təqdir edərək, Azərbaycan ilə tərəfdaşlıq münasibətlərində ədliyyə fəaliyyəti üzrə əməkdaşlığın mühüm yer tutduğunu diqqətə çatdırmış, bu istiqamətdə islahatların davamlı olmasına əminliyini ifadə etmişdir.

İclasda Proqramın icrası ilə bağlı müəyyən olunmuş şərtlərin yerinə yetirilməsinə və qarşıda duran vəzifələrə dair müzakirələr aparılmış, görülən işlər barədə hesabat və məruzələr dinlənilmiş, təkliflər irəli sürülmüş, konkret tapşırıqlar verilmişdir.

Tədbirdə Avropa Komissiyasının ölkəmizdəki missiyasının, habelə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri və ekspertlər iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 3.