Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar tədbir

 

 İyunun 20-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Azərbaycan hökumətinin birgə təşkil etdikləri  tədbirin iştirakçıları əvvəlcə BMM-in foyesində qaçqın və məcburi köçkünlərin acı həyatını əks etdirən fotostendə baxmışlar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək demişdir ki, BMT Baş Məclisinin hər il  20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü elan etməsinin məqsədi bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qaçqın və məcburi köçkün problemini Azərbaycan hökumətinin bir nömrəli problemi elan etmişdir. Ulu öndər əslində hələ o vaxt bu məsələnin bütün dünyanın bir nömrəli problemi olduğunu demişdir və BMT Baş Məclisi 2000-ci ildə belə bir qərar qəbul etməklə ümummilli liderin dediklərini təsdiq etmişdir. Mən uzun illər bu problemlə məşğul olan şəxs kimi belə hesab edirəm ki, bu, dünyanın ən ağrılı problemlərindən biridir. Münaqişə zonalarının və onun qurbanlarının sayı ilbəil artır. Bu gün dünyada 42 milyondan çox qaçqın və məcburi köçkün vardır. Bunların 15,2 milyonu qaçqın, 26,4 milyonu məcburi köçkün, 900 min nəfəri isə sığınacaq axtaranlardır.

Ə.Həsənov təəssüf hissi ilə demişdir ki, bu gün beynəlxalq aləmdə məcburi köçkünlərin statusunu müəyyənləşdirən  qaydakonvensiyalar yoxdur. Hesab edirik ki, məcburi köçkünlərin statusu, onların hüququnu müəyyənləşdirən qaydaların qəbulunun vaxtı yetişmişdir.

Ə.Həsənov onu da vurğulamışdır ki, bu gün bir sıra Qərb dövlətləri, beynəlxalq təşkilatlar onların qəbul etdikləri qərarları icra etməyən ölkələrə, dövlət başçılarına qarşı sanksiyalar tətbiq edirlər. Bu, çox yaxşı haldır. Amma təəssüf olsun ki, həmin Qərb dövlətləri və beynəlxalq təşkilatlar onların qərar və qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı heç bir sanksiya tətbiq etmirlər. "Hamıya məlumdur ki, Köçəryan və Sərkisyan Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə, insanların deportasiyasına rəhbərlik etmişlər. Onda sual olunur: bu insanlara qarşı niyə eyni sanksiyalar tətbiq olunmur? Əgər sanksiya tətbiq etmək obyektivdirsə, hamısına tətbiq olunmalıdır".

Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə böyük diqqət yetirir. İndi Azərbaycanda heç bir çadır şəhərciyi qalmamışdır. İyirmi ildə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Bunun 3 milyard dolları Azərbaycanın dövlət büdcəsindən, 1,4 milyardı Dövlət Neft Fondundan ayrılmış, qalan 1 milyard dollarını isə beynəlxalq təşkilatlar ödəmişlər.

Ə.Həsənov Azərbaycandakı qaçqın və məcburi köçkün problemlərinin həllinə göstərdikləri yardıma görə beynəlxalq təşkilatlara, donor ölkələr və qeyri-hökumət təşkilatlarına minnətdarlıq etmişdir. O, ATƏT-in Minsk qrupuna üzv dövlətlərin və beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə nail olunacağına əminliyini ifadə etmişdir. O da bildirilmişdir ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi arxiv materialları əsasında sənədli film hazırlamışdır. Filmdəki faktlar ermənilərin üzünü dünyaya göstərir. Bu materiallar xarici dillərə tərcümə olunacaqbiz erməni vəhşiliyini ifşa edən faktları bütün dünyaya yayacağıq.

Daha sonra tədbirdə BMT-nin xoşməramlı səfiri, aktrisa Ancelina Coulinin videomüraciəti nümayiş etdirilmişdir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson çıxışında demişdir ki, qaçqınlar günü dünyanın bütün ölkələrində qeyd olunur. O, ötən 20 ildə Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, rəsmi Bakı başqa dövlətlərdən Azərbaycana gəlmiş minlərlə qaçqının probleminə də həssaslıqla yanaşmışdır. D.Siqurdson buna görə BMT rəhbərliyi adından Azərbaycan dövlətinin başçısına və hökumətinə minnətdarlıq etmişdir.

BMT QAK-ın nümayəndəsi Azərbaycan dövlətini BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmişdir. Azərbaycanın BMT TŞ-na üzvlüyü dövründə qaçqın və məcburi köçkün problemlərinin həllini diqqət mərkəzində saxlayacağına əminliyini vurğulamışdır.

Tədbirin sonunda Azərbaycanda yaşayan qaçqın və məcburi köçkün gənclərin hazırladığı sosial çarx nümayiş olunmuşdur. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin BMM ilə birgə hazırladığı konsert proqramı ilə başa çatmışdır.

Tədbir çərçivəsində Azərbaycanda yaşayan qaçqınların əl işlərindən ibarət satış sərgisi də təşkil olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 8.