Vətəndaş mənafeyini əsas
tutan sosial islahat konsepsiyası
AHİK üzvləri ölkədə
həyata keçirilən sosialyönümlü siyasətin
uğurlarını gündəlik həyatda qabarıq hiss
edirlər
Müasir
dövrdə sosial ədalət meyarını rəhbər
tutan hər bir dövlətin qarşıya qoyduğu ali məqsəd vətəndaş amilinin tərəqqisi,
insanlar üçün maksimum firavan yaşayış şəraitinin
təmin edilməsidir. Təcrübə göstərir
ki, insan amilinin inkişafına xidmət edən
çoxşaxəli siyasət yürüdən, mövcud
potensialı bu yöndə səmərəli şəkildə
səfərbər edən dövlətlər milli tərəqqiyə
nail olur və dünya arenasında özünə layiq yer
tuturlar. Müstəqil Azərbaycan dövləti
də qloballaşan dünyanın bərabərhüquqlu
subyekti kimi öz inkişafını təbii sərvətlərin
gətirdiyi dividendlərə bağlamır və mövcud
resurslarını sırf insan amilinin prioritetə çevrilməsi
yönümündə qurur.
Azərbaycanın 20 ildən artıq müddətdə
sosial dövlət quruculuğu sahəsində əldə
etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm
qoymuş digər ölkələr üçün model
rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan
ibarətdir ki, yeni mülkiyyət formalarının
yaranmasına, sahibkarlığın daha sürətli
inkişafına yönəlmiş kompleks tədbirlər
sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir. Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası
da sosial məsələlərin həllini dövlətin ali məqsədi kimi ön plana çəkmişdir.
Bu ali sənəddə sosial dövlət
konsepsiyası əksini tapmış, Azərbaycan dövlətinin
hər bir vətəndaşının rifahının
yüksəldilməsinin, onun sosial müdafiəsinin və
layiqli həyat səviyyəsinin qayğısına
qaldığı bəyan edilmişdir. Konstitusiyanın
38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat
hüququ vardır. Yəni ölkədə
yaşayan hər bir vətəndaşın dövlət
qarşısında onun maddi rifah halının
yaxşılaşdırılması tələbini
aktuallaşdırmaq hüququ tanınır. Əsas Qanunda təsbit edilmiş sosial normalar bazar
münasibətləri şəraitində sosial dövlət
konsepsiyasının reallaşdırılmasının fundamental
normativ hüquqi bazasının yaradılmasına səbəb
olmuşdur.
2003-cü ildə "Əsl siyasət konkret, real iş
görməkdən ibarətdir" deyərək prezident səlahiyyətlərinin
icrasına başlayan cənab İlham Əliyev də bazar
iqtisadiyyatı şəraitində "sosial dövlət"
konsepsiyasından çıxış edərək insan və
vətəndaş mənafeyinə xidmət edən
çoxşaxəli islahatlar həyata keçirmişdir. Azərbaycan
Prezidenti ötən 9 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini
təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin
qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və
mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın
bütün sahələrində proqressiv islahatların
aparılması istiqamətində mühüm addımlar
atmışdır. Ötən müddətdə
həyata keçirilən siyasət, ölkənin demokratik
inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi
yolunda atılan bütün addımlar məhz vətəndaşların
rifahına, firavanlığına hesablanmışdır.
2012-ci ilin I rübünün yekunları sosial siyasətin
Azərbaycan üçün yenə də prioritet məsələlərdən
biri olduğunu təsdiqləyir. Hesabat dövründə xərclərin
41,4 faizi və ya 1 milyard 178 milyon manatı
sosialyönümlü olmaqla, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 178 milyon manat və ya
17,8 faiz çox olmuşdur. Bundan başqa, ölkədə
muzdla işləyənlərin orta aylıq əməkhaqqı
ötən ilin müvafiq dövrünə nisbətən 8,5
faiz yüksələrək 368,5 manat, əhalinin gəlirləri
13,9 faiz artaraq 7 milyard 231,6 milyon manat təşkil etmiş, hər
nəfərə düşən gəlirlər isə 12,3
faiz artmışdır. Milli valyutanın sabit kursunun
saxlanılması və əhalinin ümumi gəlirlərinin
yüksəlməsi fonunda inflyasiyanın cəmi 3,1 faiz təşkil etməsi hesabat
rübündə banklara qoyulan əmanətlərin həcminin
4,3 faiz artmasına səbəb olmuşdur.
Ümumiyyətlə, dövlətin
sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin
və sahibkarlıq fəaliyyətinin azadlığını
saxlamaqla vəsait və ehtiyatların düşüncəli
surətdə yenidən bölüşdürülməsinə
imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata
keçirilə bilər. Sosialyönümlü
dövlətin əsasını insan ləyaqəti, ədalət,
məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini
aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə
qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin
formalaşması, bütün sosial qrup və fərdlərin
mənəviyyatının artmasının labüd yoludur.
Sosial məsələlərə geniş yer verən
bir sıra Qərb ölkələrinin inkişaf təcrübəsi
bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri
arasındakı balansın nə qədər çətinliklə
əldə olunduğunu göstərir. Yüksək
sosial xərclərin təmin olunması bəzən vergilərin
qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri
üçün maneə yaradır. Hökumət
belə hallarda sosial proqramları müvəqqəti
azaltmağa məcbur olur. Yəni, ən
inkişaf etmiş dövlətlərin təcrübəsində
də sosial-iqtisadi və mədəni hüquqların təmini
ilə bağlı böyük çətinliklər
yaranır. Azərbaycanın milli
inkişaf modeli isə elə uzaqgörənliklə
düşünülmüşdür ki, dövlətin
sosialyönümlü siyasəti azad bazar
iqtisadiyyatının tələbləri ilə kəskin
ziddiyyətlər doğurmur.
2012-ci
ilin ötən dövrünün ən yaddaqalan sosial layihələrindən
biri də ölkə rəhbərinin 2012-ci il
14 mart tarixdə vətəndaşların keçmiş
SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi
birdəfəlik qaytarılmasını nəzərdə tutan
xüsusi fərman imzalamasıdır. Vətəndaşları
uzun illərdən bəri qayğılandıran bu məsələnin
uğurlu həllini tapması sosial məsələlərin həllinin
dövlət başçısının daim diqqət mərkəzində
olduğunu göstərir. Fərmanın
icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait
nəzərdə tutulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə
vurğulamışdır ki, sosial-iqtisadi hüquqların
müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi
mütərəqqi iqtisadi və sosial islahatları həyata
keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın
iştirakını təmin etmək, mövcud potensialdan hər
bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına şərait yaratmaqdır. Xüsusi
vurğulamaq lazımdır ki, insana qayğı və hörmət
prinsipinə əsaslanan liberal siyasət nəticəsində
bu gün hər bir vətəndaşın əmək
hüququ da yüksək səviyyədə qorunur. Bazar münasibətlərinin, demokratik
inkişafın tərəfdarı olan Azərbaycan Prezidenti
bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövründə həmkarlar təşkilatlarının
roluna yüksək önəm verir və milli iqtisadiyyatın
sürətli yüksəliş mərhələsində əmək
münasibətlərinin hüquqi çərçivədə
tənzimlənməsini cəmiyyətin mənəvi təkamül
yolu ilə inkişafının mühüm şərti
sayır.
Son illərdə möhtərəm Prezidentin həmkarlar
təşkilatlarının cəmiyyətdəki rolunun
artırılması məqsədilə verdiyi bir sıra
mühüm fərman və sərəncamlar da bunu bir daha təsdiqləyir. 2008-ci ildə
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının qurultayının yüksək səviyyədə
keçirilməsi, habelə bu sahədə
çalışan işçilərin bir qisminin Azərbaycan
Prezidenti tərəfindən təltif olunması da bu diqqət
və qayğının əyani təzahürüdür.
Bundan əlavə, Milli Məclisdə yeni dövrün tələbləri
nəzərə alınmaqla, Əmək Məcəlləsinə
edilmiş mütərəqqi əlavə və dəyişikliklər
dövlətin işçilərin hüquqlarının
qorunması, onların sağlam və təhlükəsiz
iş şəraiti ilə təmin olunması istiqamətində
atdığı mühüm addımlardandır.
Dünya təcrübəsi göstərir ki, istənilən
cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar
olmasında, o cümlədən əmək
hüquqlarının qorunmasında həmkarlar ittifaqları
getdikcə daha böyük rol oynamağa başlayır. Bu mənada, həmkarlar
ittifaqlarının inkişafı, tutduğu mövqenin davamlı
olaraq güclənməsi təbii olaraq cəmiyyətin
özünün ümdə tələblərindən birinə
çevrilir. ABŞ-da, Avropanın
inkişaf etmiş ölkələrində cəmiyyətin
sosial-iqtisadi həyatına təsir imkanları böyük
olan kifayət qədər güclü həmkarlar
ittifaqları formalaşmışdır. Onların təsiri
altında işəgötürənlər
tərəfindən işçiyə yüksək şərait
yaradılması nəticə etibarı ilə əmək məhsuldarlığına
müsbət təsir göstərir.
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra yeni istehsal prosesində sosial xarakterli bazar
münasibətləri istiqamətləri seçilmişdir. Bu istiqamətlərin
seçilməsi bütün istehsal xidmət sahələrində
işçilərin sosial-əmək şəraitinin təkmilləşdirilməsinə,
o cümlədən onlar üçün zərərsiz
iş şəraitinin yaradılmasına, əməyin hərtərəfli
mühafizəsinə və bununla insan amilinin ön plana
çəkilməsinə prioritet xarakter verir. Qeyd
edilənlər kontekstində bu gün həmkarlar
ittifaqlarının Azərbaycanın sosial-iqtisadi və
ictimai-siyasi həyatında xüsusi bir çəkiyə
sahib olduğunu sezmək elə də çətin deyil.
Təqdirəlayiq haldır ki, 100 ildən çox tarixə
malik Azərbaycan Həmkarlar İttifaqları respublikamız
müstəqilliyini bərpa etdikdən sonra yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Sovetlər dönəmindən
fərqlənən yeni inkişaf dövründə həmkarlar
ittifaqları yeni ictimai-iqtisadi formasiyanın və idarəçilik
sisteminin tələblərinə uyğunlaşmış, bu
məqsədlə köklü islahatlar prosesindən
keçmişdir.
Yeni sosial-siyasi münasibətlərin formalaşması
kontekstində Azərbaycan Həmkarlar İttifaqlarının
vəzifələri dəyişmiş, onların sosial təyinatı,
funksiyaları, fəaliyyətlərinin forma və metodları
əsaslı şəkildə yenidən qurulmuşdur. "Həmkarlar
ittifaqları haqqında" qanunun qəbul edilməsilə həmkarlar
ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət
və təsərrüfat orqanlarından, siyasi sistemin digər
vəsilələrindən asılılığı aradan
qaldırılmış, bu birliklərdə inzibati-amirlik
sisteminə son qoyularaq sahə məsələlərinin həllində
həmkarlar ittifaqı təşkilatlarının və
orqanlarının müstəqilliyi təmin edilmişdir.
Əmək, sosial, iqtisadi məsələlər
barəsində qanunvericilik aktlarının
hazırlanmasında həmkarlar ittifaqlarının
hüquqları tanınmış, habelə Azərbaycan Həmkarlar
İttifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının
tərkib hissəsinə çevrilmişdir. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının
inkişafına stimul yaradaraq işçilərin
sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli
formada həyata keçirməyə imkan
yaratmışdır.
Hazırda həmkarlar ittifaqları dövlətin məşğulluq
siyasətinin hazırlanmasında, üzvlərinin
hüquqlarının etibarlı müdafiəsində, bunun
kollektiv müqavilələrlə möhkəmlənməsində,
qanunvericilik əsasında sosial tərəfdaşlıq
razılıqlarının əldə olunmasında da
mühüm rol oynayır. Bu səbəbdəndir
ki, sosial-tərəfdaşlıq razılaşmalarının
və kollektiv müqavilələrin bütün normativ şərtlərinin
qəbulunda həmkarlar ittifaqları yaxından iştirak edir.
Eyni zamanda həmkarlar ittifaqları
işçilərin hüquqlarını təkcə kollektiv
yox, eyni zamanda fərdi qaydada müdafiə edir. Azərbaycanda fəaliyyət göstərən
çoxsaylı xarici şirkətlərin bəzilərində
işçilərin hüquqlarının qorunması və təmin
edilməsində məhz həmkarlar ittifaqları müstəsna
rol oynamışdır.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası (AHİK) bu kontekstdə özəl müəssisələrdə
ilk təşkilatların - komitələrin yaradılması
istiqamətində mühüm nailiyyətlərə imza
atmışdır. Buna qarşı bəzən göstərilən
müqavimətin aradan qaldırılmasında da AHİK
böyük işlər görmüşdür. Dövlət
orqanlarında üzv təşkilatların mənafelərinin
təmsil edilməsi; əmək və sosial-iqtisadi məsələlər
üzrə qanunvericilik aktlarının işlənib
hazırlanmasında iştirak etməsi; qanunlara, həmkarlar
ittifaqı üzvlərinin hüquq və mənafelərinə
zidd olan qanunaltı aktlara yenidən baxılarkən təkliflərin
irəli sürülməsi; vətəndaşların əmək
hüquqlarının qiymətlərin və həyat səviyyələrinin
yüksəlməsinə uyğun olaraq qorunması məqsədilə
tədbirlərin həyata keçirilməsi; məşğulluq
sahəsində qanunvericiliyə əməl olunmasına zərurətin
təmin edilməsi; beynəlxalq həmkarlar ittifaqı hərəkatında
iştirak etməsi; tabelikdə olan və əməkçilərin
sanatoriya - kurort müalicəsi və istirahəti,
ekskursiya-turizm, mədəni-maarif və idmanla məşğul
olan təşkilatların fəaliyyətlərinin istiqamətləndirilməsi
AHİK-in əsas funksiyalarıdır.
İşçilərin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılmasında Azərbaycan hökuməti,
Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında bağlanan üçtərəfli
Baş Kollektiv Sazişin rolu böyükdür. Bu saziş
işçilərin layiqli əməyini,
yaşayışını və sərbəst
inkişafını təmin edən şəraitin
yaradılmasına təkan verir. Həmçinin
qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq
prinsipləri əsasında inkişaf etdirilməsinə,
sosial-əmək münasibətlərinin dialoq, kollektiv
müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsi
mühiti formalaşdırır. Bəzi
işəgötürənlərin müqavimət göstərmələrinə
baxmayaraq, həmkarlar ittifaqlarının fəallığı
sayəsində 2011-ci ildə işəgötürənlərlə
11890 kollektiv müqavilə və 130 saziş
bağlanmışdır. Bu sənəddə iqtisadi
siyasət, əməyin ödənilməsi, əhalinin gəlirləri
və həyat səviyyəsi, əmək bazası və əhalinin
məşğulluğu, sosial müdafiə, əmək
hüquqlarının müdafiəsi, əməyin mühafizəsi,
sosial tərəfdaşlıq və digər sahələrdə
hər bir tərəfin öhdəlikləri təfsilatı
ilə əks olunur, onların icrası üçün tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmaqla,
icrasına ciddi nəzarət edilir. Baş
Sazişin hazırlanması zamanı əldə olunan
razılıqlar real işə çevrilir. İşçilərin sosial müdafiəsi
baxımından işəgötürənlərlə
kompromis qərarların qəbul edilməsi, kollektiv müqavilələrə
dair tövsiyələrə əməl olunması,
üçtərəfli əməkdaşlıq, sosial dialoqun
iştirakçıları arasında
qarşılıqlı əlaqələr qurmaq əsas məqsədlər
sırasında yer alır.
AHİK-in əsas fəaliyyət istiqamətlərindən
biri işçilərin əmək hüquqlarının
müdafiəsinin həyata keçirilməsidir. Araşdırmalar
göstərir ki, ötən illər ərzində Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasına ümumilikdə
daxil olan ərizə-şikayətlərin demək olar ki, 95
faizindən çoxu işçilərin mənafelərinə
uyğun olaraq öz müsbət həllini
tapmışdır. Həmkarlar
ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərmələri,
qərəzsiz olmaları onlara inamı artırır.
Hazırda AHİK-in 1 milyon 600 minə yaxın üzvü var
və qurum ölkədə əhalinin əmək
hüquqlarının sosial müdafiəsinin qorunmasında
çox iş görür.
İşçilərin və onların ailə üzvlərinin
məişət və istirahətinin təşkilinə,
sağlam həyat tərzi sürmələri
üçün şərait yaradılmasına xüsusi
önəm verən Azərbaycan Həmkarlar İttifaqları
bu məqsədlə onların sağlamlığının
qorunması və istirahətinin təşkili sahəsində
ciddi tədbirlər görür. AHİK-in "Kurort" Səhmdar Cəmiyyəti
müalicəyə və istirahətə gələnlərin
normal müalicə və istirahətini təşkil etmək
məqsədilə hər il daxili
imkanları hesabına yenidənqurma və əsaslı təmir
işləri aparır. Hazırda həmkarlar
ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə
pansionatı və istirahət evi fəaliyyət göstərir.
Bu müəssisələrin 12600
çarpayı fondunun yalnız 2250-dən sanatoriya-kurort
müalicəsi və istirahəti üçün istifadə
edilir. Bunun bir səbəbi orada
qaçqınların məskunlaşması, çarpayı
fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə
qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən
istismara yararsız olduğuna görə konservasiya edilməsidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası artıq 1995-ci ildən başlayaraq, fərqlənən tələbələrə adlı təqaüdlərin verilməsini də həyata keçirir. Bu günə qədər 1500-dən artıq tələbəyə adlı təqaüd verilmişdir. İmkansız tələbələrin illik təhsil haqqının bir hissəsinin ödənilməsi üçün də konfederasiya rəhbərliyinin təşəbbüsü ilə müvafiq tədbirin həyata keçirilməsi qərara alınmışdır. Bütün bunlar həmkarlar ittifaqlarının nüfuzunu yüksəltməklə yanaşı, onun cəmiyyətin, sosial-iqtisadi inkişaf prosesinin sürətlənməsində də mühüm missiyalar yerinə yetirdiyini göstərir.
Ümumilikdə, son 9 ilin yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, taleyini yenidən İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir, respublikanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir. Xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq sabahına aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 21 iyun.- S. 9.