Bakıda İqtisadiyyatın inkişafında antiinhisar siyasətin rolu mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

 

İyunun 20-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Azərbaycan Respublikasında antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar "İqtisadiyyatın inkişafında antiinhisar siyasətin rolu" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda yerli hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Avropa və MDB ölkələrinin antiinhisar orqanlarının rəhbər işçiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri və digər qonaqlar iştirak etmişlər.

Konfransı giriş sözü ilə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova açaraq Azərbaycanda həyata keçirilən antiinhisar siyasətinin mahiyyəti, onun bazar iqtisadiyyatına verdiyi töhfələr barədə danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar nəticəsində ölkəmiz bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, transmilli layihələrdə fəal iştirak edən, qlobal böhran proseslərinin fəsadlarına qarşı dayanıqlı iqtisadiyyata malik olan dövlətə, Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, mədəni mərkəzinə çevrilmişdir. Nazir müavini bu nailiyyətlərin əldə edilməsində həyata keçirilən antiinhisar siyasətinin və orqanının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sonra Azərbaycan Respublikasının İqtisadi Siyasət Məsələləri üzrə Dövlət Müşaviri Xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.

MDB İcraiyyə Komitəsinin nümayəndəsi, Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şuranın katibliyinin rəhbəri Azam Usmanov Birlik ölkələrində keçirilən antiinhisar tədbirləri, qəbul olunmuş sənədlər barədə məlumat vermişdir. A.Usmanov Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHM) sabiq və hazırkı rəisləri Raqib QuliyevZahid İsayevi bu sahədə göstərdikləri xidmətlərə görə təmsil etdiyi qurumun adından təltif etmişdir.

ASİHM-in rəisi Z.İsayev rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə təqdimatla çıxış etmişdir. O demişdir ki, hazırda bu sahə ilə bağlı qanunvericilikdə boşluqlar vardır və onların aradan qaldırılması istiqamətində gedir.

GIZ-in Bakı ofisinin direktoru Henninq Tvesten aparılan müzakirələrin və təcrübə mübadiləsinin rəqabətin qorunması sahəsində biliklərin artırılmasına xidmət edəcəyindən əminliyini ifadə etmişdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də konfrans iştirakçılarını yubiley münasibətilə təbrik etmiş, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrini vermişdir.

Konfrans digər çıxışlar və təqdimatlarla davam etmişdir.

 

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 9.