Uşaqların sağlam böyüməsi və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühit ailədir

 

Azərbaycanın BMT Uşaq Konvensiyasına qoşulmasından 20 il keçir

 

 Uşaqların sağlam böyümələri, problemlərinin ardıcıl həlli və hüquqlarının təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkənin sürətli sosial-iqtisadi inkişafı bu problemlərin həlli üçün etibarlı zəmin yaradır.

Uşaqların keyfiyyətli təhsil alması, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlətimizin uşaq siyasətinin başlıca prinsipləridir. Çünki dünyaya inteqrasiya edən güclü dövlətin sağlam və savadlı vətəndaşı olmalıdır. Bu baxımdan valideynlərinin yanında, xoşbəxt böyüyən uşaqlardan tutmuş xüsusi yardıma möhtac olan uşaqlara qədər bütün azyaşlıların yaşam tərzi, fəaliyyəti və formalaşması ilə bağlı ölkədə islahatlar həyata keçirilir, köklü tədbirlər görülür. Uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, pulsuz ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması buna sübutdur.

Azərbaycan 1992-ci il iyunun 21-də BMT-nin Uşaq Hüquqları ilə bağlı Konvensiyasına qoşulub və uşaq hüquqlarının müdafiəsi ilə bağlı üzərinə öhdəliklər götürüb. Bu konvensiya uşaqların hərtərəfli qorunması və müdafiəsini əhatə edən beynəlxalq sənəddir. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olunmuş, mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, onların normal inkişafı və formalaşmasına yönəlmiş bir çox dövlət proqramları və tədbirlər planı hazırlanmışdır. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, dövlətin vahid uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlmişdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən öyrəndik ki, komitə uşaq müəssisələrində uşaqların qidalanmasının vəziyyəti, Azərbaycana idxal olunan süni qida məhsulları, uşaq geyimlərinin, oyuncaqlarının və müxtəlif ləvazimatların hazırlandığı xammalın keyfiyyəti ilə bağlı məsələlərin araşdırılması və nəzarətin gücləndirilməsi məqsədilə İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri və Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq qurmuşdur. Daha çox diqqət yetirilən əsas sahələrdən biri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün alternativ xidmətlərin yaradılması, erkən nikah və qızların təhsildən yayınmasının qarşısının alınması, baxımsız uşaqların və küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasıdır. Yeri gəlmişkən deyək ki, 2011-ci ildə Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilərək qızların nikah yaşı 17-dən 18-ə qaldırılmışdır. Regionlarda yaşayan uşaqların da hüquqları unudulmayıb. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010)" çərçivəsində Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrində, dövlət uşaq müəssisələrində uşaqların ixtisasa yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə Bakı Baş Məşğulluq İdarəsi ilə birgə mütəmadi olaraq görüşlər keçirilir, uşaqların maraq və ehtiyaclarına uyğun kurslar təşkil olunur.      

Ötən ildən Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə kampaniyasına başlanılıb. Bu sahədə həm dövlət, həm də ictimaiyyət tərəfindən addımlar atılır. Artıq Azərbaycanda ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılıb. Bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 9.