Avropa nəyi görür, nəyi görmür, nəyi görmək istəmir

 

 Qəribə də olsa, nəinki qonşuluqda, hətta uzaq Avropada da Azərbaycan dövlətinin müstəqilliyini qəbul etmək istəməyən, bugünkü inkişafını, regiondadünyada qazandığı böyük uğurları, nailiyyətləri görmək istəməyən qüvvələr mövcuddur. Bu qüvvələr açıq və gizli şəkildə, müxtəlif səviyyələrdə ölkəmizə təzyiqlər göstərməyi davam etməkdədirlər.

Xüsusən son vaxtlar Azərbaycanın dinamik inkişafına, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə və "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etməsinə sevinənlər qədər sevinməyib məyus olanların mövcudluğunu da unutmamalıyıq. Xeyli sayda xarici ölkə vətəndaşlarının Bakıya gəlişi, nüfuzlu KİV-lərin ölkəmizin gözəlliyini, "Eurovision" mahnı müsabiqəsinin təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsini, adət-ənənələrimizi, qonaqpərvərliyimizi geniş işıqlandırmaları antiazərbaycançı qüvvələrin, xüsusilə erməni lobbisinin Azərbaycana qarşı açıq-aşkar təbliğat kampaniyasını gücləndirməsinə rəvac verib.

"Amnesty International" və "Human Right Watch" kimi təşkilatlar tərəfindən antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlanan qərəzli və heç bir əsası olmayan hesabatlar, məlumatlar bunu bir daha təsdiqləyir.

Bir neçə gün əvvəl Avropa Parlamentinin qəbul etdiyi "İnsan hüquqları, demokratiyahüququn aliliyinin pozulmasına dair" qətnamə də bu qəbildəndir. Ümumiyyətlə, son illər ikili siyasətin geniş tətbiq olunduğu bir dövrdə həmişə öz demokratik dəyərləri ilə seçilən Avropanı bəzən tanınmaz hala gətirir: düşünürsən, bu, həmin o Avropadır, o dəyərlərdir ki, illərdir ona can atmadayıq? Bu günlərdə birdən-birə heç bir əsas olmadan, tələm-tələsik çağırılaraq tələsik də qərar qəbul edən Avropa Parlamentinin hərəkəti dediklərimizə bir sübutdur. Maraqlıdır, Avropa Parlamentinin 754 deputatından cəmi 56-nın iştirakı ilə keçirilən iclasda belə bir qətnamənin qəbul olunması onun sifarişli olmasından xəbər vermirmi?

Hətta AP-nin toplaşmaq imkanı qazanmış həmin azsaylı deputatlarının bəzilərinin etirazları, iradları da nədənsə nəzərə alınmamışdır.

Mahiyyətinə nəzər saldıqda isə bu qərarın qərəzli olduğu ortaya çıxır. Buradakı müddəalar əsassız və demək olar ki, yoxlanılmamış məlumatlardır. Əminliklə demək olar. AP-nin bu addımı antiazərbaycançı şəbəkənin sifarişi ilə ölkəmizə qarşı aparılan çirkin siyasi kampaniyanın tərkib hissəsidir.

Həyatın qanunudur: "Təsir əks-təsirə bərabərdir".  Təbii ki, bu cür ölçülüb-biçilməmiş addımlar, hərəkətlər, bu cür qətnamələr, birtərəfli və yoxlanılmamış məlumatlar AP-nin nüfuzuna zərbə olmaqla, bu təşkilatın bitərəfliyini də şübhə altında qoyur, münasibətlərimizə zərbə vurur. Milli Məclisin Sədrinin AP-nin Sədrinə  məktubunda deyildiyi kimi: "Avropa Parlamentinin ikili standartlara əsaslanan, islamofobiya əlamətləri açıq-aşkar sezilən, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn bu cür qərəzli qətnamə qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salırAvropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır. Biz bilirik ki, Avropada müəyyən qüvvələr Azərbaycanın sürətli inkişafına, əldə etdiyi nailiyyətlərə, həyata keçirdiyi müstəqil siyasətə qısqanclıqla yanaşır və həsəd aparırlar. Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın həmin qüvvələrin təsiri altına düşməsi dərin təəssüf hissi doğurur. Lakin biz inanırıq ki, Azərbaycanı hədəfə alan bu cür aksiyalar bizi öz yolumuzdan döndərə bilməyəcək, demokratiyaya, insan hüquqlarına və azadlıqlarına, qanunun aliliyinə inamımızı sarsıtmayacaqdır".

Bu gün Avropaya inteqrasiya yolu tutan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına baxmayaraq, yenə də demokratiya yolu ilə irəliləyir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini saxlayaraq inkişaf etdirir. Lakin nədənsə Avropanın bütün bunları görmək imkanı yoxdur. Bir milyondan artıq soydaşımızın hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə bəzi qüvvələrin təsiri altında AP-nin antiazərbaycançı şəbəkənin sifarişi ilə iftira dolu qətnamə ortaya qoyması, sadəcə, təəssüf və təəccüb doğurur.

AP-nin 2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarında deyilir: "Qərbdə, o cümlədən Avropa İttifaqında və onun parlament məclisində erməni lobbisinin təsiri altında olan kifayət qədər qruplar mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan bu məsələdə heç bir nəticə əldə edə bilməyən həmin qruplar münaqişənin həllini uzatmaq, ədalətli qərarın qəbuluna mane olmaq üçün dünya birliyinin gözündə Azərbaycanı qeyri-demokratik dövlət kimi göstərməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Əslində, bu qüvvələri insan hüquqları və azadlıqları məsələsi az narahat edir. Belə olmasaydı, Avropa Parlamentində insan hüquqları və azadlıqları sahəsində vəziyyətin son dərəcə gərgin olduğu Ermənistan barəsində məsələ qaldırılardı. Avropa Parlamenti Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində getdiyinin, onların təsiri altında hərəkət etdiyinin və nəticə etibarilə məsələlərə birtərəfli yanaşdığının fərqində olmalıdır".

Göründüyü kimi, AP-nin qətnaməsi Azərbaycana qarşı yönəlmiş ədalətsiz və qərəzli bir aktdır və haqlı olaraq Milli Məclis onu beləcə də dəyərləndirir və həmçinin bu təşkilatın nəzərinə çatdırılır ki, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi hamı üçün, xüsusilə Avropa üçün yolverilməzdir. Çünki olanı olduğu kimi görmək bacarığı, birinci növbədə, Avropanın özünün bəslədiyi demokratiyanın əlamətidir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 4.