Naxçıvan MR sosial-iqtisadi cəhətdən ölkənin ən qabaqcıl regionudur

 

"Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir, bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr illərlə davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır".

 

İlham ƏLİYEV

 

 

 Respublikanın 10 iqtisadi rayonu sırasında Naxçıvan iqtisadi rayonunun öz yeri, öz payı, öz xüsusi çəkisi vardır. Ölkəmizdə həyata keçirilən əsaslı tədbirlər nəticəsində artıq son 19 ildir ki, Azərbaycanda, o cümlədən Naxçıvan MR-də sosial-iqtisadi inkişaf getdikcə sürətlənir, ümumi daxili məhsulun həcmi artır, iri istehsalinfrastruktur layihələri reallaşdırılır, əhalinin gəlirləri yüksəlir, regionların iqtisadiyyatı güclənir, sosial məsələlər uğurla həll olunur.

Bu dövr Naxçıvan iqtisadi rayonu da davamlı irəliləyişə nail olmuşdur. Hələ  neçə il əvvəl ulu öndər demişdir: "İstəyirəm ki, mənim arzum, istəklərim Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin". İndi budur, ümummilli lider Heydər Əliyevin arzu və istəkləri həyata keçmişdir. Naxçıvan Muxtar Respublikası sürətli sosial-iqtisadi inkişafdadır. Prezident İlham Əliyev bu inkişafı belə səciyyələndirir: "Naxçıvanda böyük quruculuq işləri aparılır. Burada gedən quruculuq-abadlıq işləri, innovasiya-yeniləşmə, infrastruktur layihələri - bütün bunlar Azərbaycanın qədim torpağı Naxçıvanda çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər".

Bunu regionun sosial-iqtisadi sahədə, xüsusilə son 8 ildə əldə etdiyi nailiyyətlər də təsdiqləyir. Bu dövr Naxçıvan iqtisadi rayonunda ÜDM istehsalı dəfələrlə artmışdır. Ümumiyyətlə, 1995-ci ildən başlayaraq muxtar respublikada sosial-iqtisadi inkişafın yeni mərhələsi başlanmış, böyük quruculuq işləri həyata keçirilmiş, bütün sahələrdə mühüm və nəzərəçarpan uğurlar qazanılmışdır. Həmin dövrdən bütün sahələr üzrə innovasiya-yeniləşmə və sürətli inkişaf prosesi davam etdirilmiş, müasir tələblərə cavab verən sənayeləşmə prosesi, sahibkarlığın genişləndirilməsi və möhkəmləndirilməsi hamının və hər kəsin əməli fəaliyyətinə çevrilmişdir. Naxçıvan Avtomobil Zavodu, "Cəmiqaya" və "Cahan holdinq" şirkətləri yaradılmışdır. Bu yerdə bir faktı nəzərə çatdırmaq istərdik: əgər 1924-1995-ci illərdə regionda cəmi 56 sənaye müəssisəsi fəaliyyət göstərmişdisə, son 16 il ərzində onların sayı 373-ə çatdırılmışdır. Təkcə 2011-ci ildə 2010-cu ilə nisbətən istehsal olunan sənaye məhsulunun həcmi 2,5 dəfə, əsas kapitala yönəldilən investisiyalar 62,8, kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 13, nəqliyyat sektorunda yükdaşıma 14, informasiya və rabitə xidmətləri 7,4, pərakəndə əmtəə dövriyyəsi 21,7 faiz artmışdır. Həmçinin həmin dövr ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 12,9, xarici ticarət dövriyyəsi 55,4, əhalinin gəlirləri 43,5 faiz çoxalmışdır. 2003-cü ilin oktyabr ayından 2012-ci ilin əvvəlinədək regionda 49 mindən çox yeni yeri açılmışdır ki, onun da 33 mini daimidir. Təkcə 2011-ci ildə regionda 3085 yeni yeri yaradılmışdır. 2011-ci ildə əhaliyə 942 milyon manatlıqdan çox istehlak malları satılmışdır və bu rəqəm keçənilki göstəriciyə nisbətən 19,8 faiz çoxdur. Hər bir nəfərə düşən gəlirlər isə 40,7, orta aylıq əməkhaqqı 12,8 faiz artmışdır. Bu dövr ərzində iqtisadiyyatın müxtəlif sahələrində 34 layihə həyata keçirilmiş, 66 istehsal və xidmət müəssisələri fəaliyyətə başlamışdır.

Statistikaya əsasən, Naxçıvan MR-də ötən il tikinti-quruculuqsu təchizatı tədbirlərinə bütün maliyyə mənbələri hesabına əsas kapitala 815573 min manat həcmində əsaslı vəsait qoyuluşu - investisiyalar yönəldilmişdir ki, bu da 2010-cu ildəkindən 62,8 faiz çoxdur. Bu vəsait hesabına ümumilikdə müxtəliftəyinatlı 539 obyekt istifadəyə verilmişdir. 92 obyektin tikintisi isə davam etdirilir. Təkcə keçən il 15 kənd mərkəzi istifadəyə verilmişbununla da muxtar respublikada kənd, habelə ticarət və xidmət mərkəzlərinin sayı 120-ni keçmişdir. Onu da qeyd edək ki, ticarət və xidmət mərkəzinin əksəriyyəti dağ və dağətəyi kəndlərdə inşa edilmişdir. Bunlardan savayı, ötən il əhalinin şəxsi vəsaiti hesabına 339 min 468 kvadratmetr yaşayış sahəsi inşa edilmişdir ki, bu da 2010-cu ildəkindən 30,9 faiz çoxdur.

Bu illər Naxçıvan MR-də aqrar sektor üzrə də yaddaqalan uğurlar qazanılmışdır. Yalnız son 3 ildə bitkiçilik məhsulları istehsalının həcmi 21 dəfə artaraq 193 milyon, heyvandarlıq məhsullarının həcmi isə 72 faiz çoxalaraq 102 milyon manatlığa çatmışdır. Muxtar respublikaya 2011-ci ildə 108 texnika gətirilərək icarəyə verilmişdir. Eyni zamanda, 2011-ci ildə kənd sahibkarlarına 3721 ton azot, 108 ton fosfor, 770 cins mal-qara verilmişdir. Bundan başqa, Sədərək, Kəngərli və Ordubad rayonlarında "Naxçıvan Aqrolizinq"in filialları yaradılmış, 14 soyuducu anbar tikilmişdir. Keçən il həmçinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlara, o cümlədən fermerlərə 47 milyon 228 min manat kredit verilmişdir ki, bu da 2010-cu ildəkindən 31,5 faiz çoxdur. Elə bunun nəticəsidir ki, muxtar respublikada ÜDM-in tərkibində özəl bölmənin payı 86,5 faizə çatmışdır. Həyata keçirilmiş əməli tədbirlər nəticəsində hazırda bu iqtisadi rayonda 113 növdə və 331 çeşiddə ərzaq, 195 növdə və 482 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunur. Beləliklə, 93-ü ərzaq və 166-sı qeyri-ərzaq olmaqla muxtar respublikada 259 növdə məhsula tələbat bütünlüklə yerli istehsal hesabına ödənilir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin 10 iqtisadi rayonu arasında Naxçıvan MR 21 meyar üzrə birinci yerdədir.

Bu gün Naxçıvan MR görülmüş tədbirlər nəticəsində regionun elektrik idxalçısından ixracatçısına çevrilmişdir. İqtisadi və ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi üçün əsaslı tədbirlər həyata keçirilmiş, 20,5 meqavat gücündə Arpaçay və 36 meqavat gücündə Ordubad su elektrik stansiyaları tikilmişdir. Bundan başqa, bütün kənd və şəhərlərin təbii qazla təchizatı təmin edilmişdir.

Muxtar respublikada xarici ticarətin həcmi artır. Ümumiyyətlə, 2009-cu ildən başlayaraq ixracın həcmi idxalı ötüb keçmişdir. Məsələn, 2011-ci ildə müsbət saldo 244 milyon 364 min dollara çatmışdır. Bütünlükdə həmin il Naxçıvan MR-in xarici ticarət dövriyyəsinin həcmi 400 milyon 861 min dollar təşkil etmişdir ki, bunun da 322 milyon 612 min dolları ixracın, 78 milyon 219 min dolları idxalın payına düşür. Eyni zamanda, əhalinin gəlirləri artır. Təkcə keçən il 2010-cu ilə nisbətən əhalinin gəlirləri 44 faiz çoxalaraq 1 milyard 446 milyon manata çatmışdır. Orta aylıq əməkhaqqı isə 2010-cu ilə nisbətən 13 faiz yüksəlmişdir.

Muxtar respublika cari ildə uğurlar qazanır. İlin birinci rübündə regionda 370 milyon 183 min manatlıq ÜDM istehsal olunmuşdur ki, bu da keçən ilin eyni dövrünə nisbətən 11,2 faiz çoxdur. Bu dövrdə hər nəfərə düşən ÜDM-in həcmi isə 12 faiz artaraq 882 manat təşkil etmişdir. Eləcə bu rüb keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 14,6, əsas kapitala yönəldilən investisiyalar 8,3, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,6, nəqliyyat sektorunda yükdaşıma 10,2, informasiya rabitə xidmətləri 6,2, pərakəndə əmtəə dövriyyəsi 17,1, əhaliyə göstərilən pullu xidmətlər 13,7, ixrac 14,3, əhalinin gəlirləri 6,1, hər bir nəfərə əməkhaqqı gəlirləri 4, orta aylıq əməkhaqqı 12 faiz artmışdır. Sözügedən dövrdə muxtar respublika üzrə 181 milyon 351 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur bu, keçən ilin müvafiq dövründəkindən 14,6 faiz çoxdur. Üç ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 202 milyon 811 min manat investisiya qoyulmuşdur ki, bu da 2011-ci ilin eyni dövrünə nisbətən 8,3 faiz artıqdır. Göstərilən dövrdə əhalinin şəxsi gəlirləri hesabına 87 min 531 kvadratmetr (keçən ilin müvafiq dövründəkindən 2,3 faiz çox) yaşayış evləri tikilmişdir. Nəhayət, ilin birinci rübündə muxtar respublika üzrə 20 milyon 472 min manatlıq (ötən ilin müvafiq dövründəkindən 3,6 faiz çox) kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının qəbul edilməsi üzrə sərəncamlar imzalamış bu sənədlər bölgələrin ardıcıl irəliləyişini təmin etmiş, inkişafını sürətləndirmişdir. Bu gün ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsini yaşayırıq. Azərbaycan yaxın gələcəkdə özünü inkişaf etmiş ölkələr sırasında görür. Bunun üçün çox yüksək təməl yaradılmış formalaşdırılmışdır. Deməli, həmin məqsədə çatmaq ölkəmiz üçün tam realdır şübhəsiz ki, bu işdə Naxçıvan MR öz töhfəsini verəcək.

 

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 10.