Sərin bulaq, göy çəmən...
Təbiət gəl-gəl deyir
Təbiət bu yerlərə hər neməti bəxş edib. Uca dağlar, zümrüd meşələr, gen tarlalar, sərin bulaqlar, saf təbiətE Ona görə də əzəldən Göygöl-Hacıkənd bölgəsi kütləvi səyahət, xoş istirahət məkanı olubdur. İndi rayonun adı da məşhur, cəlbedici, ürək oxşayandır. Əvvəllər bu səfalı guşənin adı heç özünə yaraşmırdı. Bu yerlər Xanlar kimi tanınırdı. Dəyişilməsi qərara alındı. Bəs bu cənnətməkan diyarın adı nə olsun? Prezident İlham Əliyev bununla bağlı demişdir: "O vaxt bir neçə ad müzakirə edilirdi və mən çox şadam ki, məhz rayon sakinləri tərəfindən Göygöl adı seçilmişdir. Bu, doğrudan da, gözəl addır. Göygöl gözəl göldür. Bu, rayonun və nəinki rayonun, Azərbaycanın ən gözəl təbii sərvətlərindən biridir. Rayonun adı artıq Göygöldür və əminəm ki, bu adla rayon sürətlə inkişaf edəcək".
Mövcud vəziyyətlə tanış olandan sonra dövlət başçısı onu da qeyd etmişdir ki, bütövlükdə Göygöl rayonunun inkişafı son illər uğurla gedir, yaxşı işlər görülür. Müəssisələr tikilir, şəhər abadlaşır. Rayonda quruculuq işləri aparılır. Parklar salınır, insanların yaşaması, istirahəti, işləməsi üçün bütün şərait var.
Həqiqətən də, Göygöl rayonu adına layiq inkişaf edir, hər il yüz milyon manatdan çox məhsul istehsal olunur. Abadlıq və quruculuq işləri getdikcə geniş miqyas alır. Yaşayış məhəllələrini, küçələri, bağları, parkları, tanımaq olmur.
Əvvəllər laqeydlik üzündən Hacıkənd meşələri talan olub gedirdi. İndi vəziyyət nizama düşür. Meşə mühafizəsi və bərpası idarəsində dedilər ki, son bir neçə ay ərzində azı qırx hektar sahədə əkin-səpin işi aparılıb, müxtəlif yerlərdə on minlərlə ağac əkilib. Bu işlərin sistemli surətdə aparılması üçün bir hektar sahədə tinglik təsərrüfatı yaradılıb. İntizam möhkəmlənir, mövcud yaşıllığın mühafizəsi məqsədilə ciddi tədbirlər görülür.
Rayonun nurlu sabahına daha bir qapı açılır. Nazirlər Kabinetinin iclasında səslənmiş bir fakt da Göygöl sakinlərinin sevincinə səbəb oldu: "Son beş ildə aparılmış geoloji axtarış işləri nəticəsində yüksək perspektivliyi ilə fərqlənən Göygöl filiz sahəsində qızıl və gümüşün proqnoz ehtiyatlarının hesablanması başa çatmış və bu sahənin ölkəmizdə ən iri yataqlardan biri olduğu aşkarlanmışdır".
İqtisadiyyat yüksəldikcə gəlir, qazanc artır, rayon öz sərhədinə sığmır. Yeni-yeni küçələr, yaşayış məhəllələri salınır. Təzə sahələrdə kommunal-məişət problemləri qısa müddətdə həll edilir.
İcra hakimiyyətinin başçısı Arif Seyidov deyir ki, burada hər il təqribən 40 milyon manat əsas kapitala investisiya qoyulur, iri həcmli abadlıq-quruculuq işləri aparılır. İctimai binalar, sosial obyektlər, fərdi evlər tikilir. Rayon mərkəzindən Hacıkənd səmtinə qalxan yolun hər iki tərəfində müasir görkəmli obyektlər cərgələnir.
Hazırda olimpiya idman kompleksi, habelə rayon baytarlıq idarəsi, dövlət sosial müdafiə fondu, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binalar tikilir. Mövcud binalar təmir edilir, fasadları milli ornamentlərlə bəzədilir. Küçələr abadlaşdırılır və səkilər düzəldilir.
Rayonda yol
təsərrüfatına xüsusi fikir verilir. Mollacəlilli avtomobil yolu əsaslı təmir edilib. Hacıkənd magistral yolunun
xeyli hissəsi genişləndirilib, ən
əsası isə Bakı-Qazax magistral yolunun Göygölün ərazisindən keçən
36 kilometrlik hissəsinin
tikintisi davam edir.
Bir sözlə,
turizmin inkişafı
üçün hər
şərait yaradılır. Keçən
il rayon üç min
nəfər turisti qəbul edib. Rusiyadan, Almaniyadan, Fransadan, Avstriyadan da xeyli qonaq
gəlib. Bu il daha çox adamın gəlməsi gözlənilir. Rayon üzrə
dörd turist marşrutu açılıb.
Birinci marşrut şəhərin özündə
nəzərdə tutulub.
Təbiətin qoynunda
gəzmək istəyənlər
üçün Aşıqlı-Hacıkənd-Göygöl;
Topalhəsənli-Zurnabad-Şəhriyar; Köşkü-Üçbulaq və bir də
Quşqara-Balçılı istiqamətində səyahətlər
müəyyən edilib.
Fərəhli haldır
ki, hər marşrut üzrə yol-iz sahmana salınıb, istirahət
guşələri müəyyən
olunub, yolüstü abidələr və ümumən rayonun tarixi haqqında məlumat lövhələri
düzəldilib.
Rayonun səfalı guşəsindəki
"Yelenendorf", Topalhəsənli
kəndindəki "Qala
dibi", Toğanadakı
"Cənnət məkan"
və "Lotos" turist mərkəzləri,
Zurnabad səmtində,
Gəncəçayın sahilindəki
ailəvi istirahət yerləri qonaqların daha çox xoşuna gəlir. Müxtəlif bölgələrdə
"Bu vətən sənindir"
devizi altında konsert proqramları ilə keçirilən tədbirlər də maraqla qarşılanır.
Göygöl etnik cəhətdən
zəngin məkandır.
Burada qədim alban-Azərbaycan abidələri
və müasir heykəltaraşlıq nümunələri
ilə yanaşı, vaxtilə bu yerlərdə yaşamış
almanların məişət
nümunələri də
qayğı və diqqətlə mühafizə
olunur.
Bu sahədə müəyyən
qayğılar da yox deyildir. Dövlət
tərəfindən qorunan
tarix və mədəniyyət abidələrinin
Nazirlər Kabinetinin 2
avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş rəsmi siyahısında göstərilir
ki, Göygöl rayonunda 31 yerli əhəmiyyətli abidə
mövcuddur. Əslində
isə bu yerlərdə XII əsrin
yadigarları olan Zurnabad qalasından, ikitağlı Ağ körpüdən tutmuş
qədimi binalar, kurqanlar, alban məbədləri çoxdur.
Nazirlər Kabinetinin qərarına əlavə
olunan siyahıda da real vəziyyət dəqiq əks olunmayıb. Görünür,
o vaxtlar həmin siyahı tələsik, başdansovdu hazırlanıb.
Balçılı kəndindəki
Qız qalası, Quşqara körpüsü,
Göygöl yolunun üstündəki, habelə
Üçbulaq, Zurnabad,
Yeni Zod kəndlərindəki alban
məbədləri, Tülallar
kəndindəki ziyarətgah,
onlarca xatirə-memarlıq
kompleksi diqqətdən
kənarda qalıb.
Rayon mədəniyyət və
turizm şöbəsində
də dedilər ki, doğrudur, siyahıda cəmi 31 abidənin adı çəkilir, lakin son araşdırmalar zamanı
300-dən çox abidənin,
xüsusən, tarix-memarlıq
dəyəri olan ictimai və yaşayış binalarının
mövcudluğu müəyyən
edildi. İndi rayonda həmin abidələr haqqında annotasiyalar, yazılar, məlumat lövhələri
hazırlanır, pasportlaşma
işləri aparılır.
Təbiət həvəskarları ilk növbədə adı dillərdə gəzən
Hacıkəndin vəziyyəti
ilə maraqlanırlar.
Axı, illər boyu baxımsızlıq üzündən burada çox şey dağılıb getmişdi.
İndi Hacıkənd
diqqət mərkəzindədir.
Qəsəbəyə qaz
çəkilib. Yollar
sahmana salınır. Qəza vəziyyətində
olan binalar sistemli surətdə bərpa edilir. Bu günlərdə Gəncə
şəhərində keçirilən
toplantıda bu barədə ətraflı
danışıldı (Hacıkənd
qəsəbəsi Kəpəz
rayonuna baxır). Bildirildi ki, sistemli surətdə fərdi və ictimai binaların fasadları və dam örtükləri təmir
edilir. Müasir üslublu giriş qapısı, milli ornamentli istinad divarları tikilir, icra nümayəndəliyi
üçün inzibati
bina inşa olunur. Park və bulaq kompleksləri düzəldilir, qonaqlar üçün kottejlər
hazırlanır.
Havalar istiləşəndən sonra
təbiətin qoynuna kütləvi axın başlanıb. Göygöl-Hacıkənd
bölgəsinin səfalı
təbiətinə bələd
olanlar bu yerlərə böyük
həvəslə gəlirlər:
Niyə
də gəlməsinlər?!
Dağlar diyarının
hər qarışı
ürəkləri oxşayır.
Axı, meşələrin
qoynunda dağ çayının səfalı
sahili, soyuq bulaq, göy çəmən əsl xoş əhval, sağlamlıq mənbəyidir.
Əhməd İSAYEV
Azərbaycan.- 2012.- 21 iyun.- S. 10.