Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafında yeni mərhələ

 

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda ötən bir ildə bu istiqamətdə görülən işlərə qiymət verildi

 

Bakıya daxilən bağlı olan, onu milli kimliyimizin və varlığımızın rəmzi kimi sevən cənab İlham Əliyev ötən 9 ildə şəhərin milli uslübda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün əlindən gələni əsirgəmir. "Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən Azərbaycan Prezidenti bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir.

Xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu nəcib təşəbbüs əsasında hazırlanaraq 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" mühüm əhəmiyyətə malik sənəd olmaqla, regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxt və ətraf qəsəbələrə də sirayət etməsinə səbəb olmuşdur. Proqram çərçivəsində paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib addımlar atılmışdır.

Ötən illərdə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurlu həlli üçün rayon və qəsəbələrin mövcud potensialı səmərəli şəkildə realizə edilmiş, tərəqqi və inkişafa xidmət edən islahatlar işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hər bir inkişaf mərhələsi üçün əldə edilmiş makroiqtisadi göstəricilər qəsəbə sakinlərinin həyatında qabarıq duyulur, insanların maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir. Bu baxımdan rayon və qəsəbələrdə magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri, əhalinin kommunal problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. Ötən dövrdə həmçinin Bakıətrafı qəsəbələrin əhalisinin içməli su, təbii qazelektrik enerjisi ilə təminatı, habelə yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Prezident İlham Əliyevin sədrliyi ilə bu günlərdə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Dövlət başçısı konfransda bildirib: "Bakı şəhərinin inkişafına dair birinci Proqram qısamüddətli idi. Bu Proqramın icrası nəticəsində müəyyən işlər görüldü. Ancaq şəhər inkişaf edir, əhali artır. Ölkəmizin həm sənaye, həm iqtisadi potensialı artır. Qarşımıza yeni vəzifələr qoyulur. Beləliklə, bu, daimi proses olmalıdır və buna görə keçən il qarşıya yeni proqramın qəbul edilməsi məsələləri qoyuldu. Mən çox şadam ki, Proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha sürətlə getməyə başlamışdır. Bir daha demək istəyirəm ki, bu Proqram ümumi Azərbaycan dövlətinin, Azərbaycanın bölgələrinin sosialiqtisadi inkişafının sürətləndirilməsi üçün qəbul edilmiş proqramdır".

Məlumat üçün qeyd edək ki, təkcə 2011-ci ildə bu Proqramın yerinə yetirilməsi nəticəsində 28 minə yaxın insan işlə təmin olunmuşdur. Ötən il üçün nəzərdə tutulmuş Proqrama müvafiq olaraq Bakı şəhərinin 11 rayonunun 27 qəsəbəsi üzrə yollara 1milyon 587 min kvadratmetr, başqa sözlə, 267 kilometrlik hissəyə asfalt örtüyü çəkilmişdir. Həmçinin kənd və qəsəbələrdə 5250 işıq dirəyi quraşdırılmışdır. 

Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyev müxtəlif obyektlərin, yolların açılış mərasimlərində iştirak etmək üçün ötən müddətdə dəfələrlə Bakıətrafı qəsəbələrdə olmuş, bu diqqət və qayğı uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin həllinə əsaslı təkan vermişdir. Ən əsası, bu səfərlərin hər biri insanların həyatında müsbət irəliləyişlərə səbəb olmuş, onların yaddaşında xoş izlər buraxmışdır.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində paytaxtın, Bakıətrafı qəsəbələrin sosial-iqtsadi və mədəni siması görülən abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuşdur. Bakı şəhərinin və qəsəbələrin inkişafı ilə bağlı proqramın qəbulundan ötən bir il ərzində əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür.

Prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirmişdir: "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" artıq bir ildir ki, icra edilir. Deyə bilərəm ki, Proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və Proqramın tərkibində olan müddəalar, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, bizbunu bilirik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha sıx-sıx gedirdim. Proqramda demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır. Proqram dərc edilmişdir və hər bir vətəndaş onunla tanış ola bilər".

Prezident İlham Əliyevin yeritdiyi siyasətin mahiyyətindən irəli gələrək ötən 9 ildə  qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılmasından ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirməsi qarşıdakı dövrdə böyük nəticələrin əldə olunacağına əminlik yaradır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 1.