Cəfər Cəbrayıl
oğlu Vəliyev
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın əməkdar hüquqşünası, general-leytenant, professor Cəfər Cəbrayıl oğlu Vəliyev 2012-ci il iyunun 1-də ömrünün 82-ci ilində vəfat etmişdir.
Cəfər Vəliyev 1930-cu il noyabr ayının 12-də Bakıda anadan olmuşdur. Bakı şəhərindəki 175 nömrəli orta məktəbi bitirdikdən sonra o, 1949-1953-cü illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Respublikası Nazirlər Sovetində başlayan Cəfər Vəliyev 1960-cı ilədək burada mədəniyyət şöbəsində böyük məsləhətçi, referent, sədr müavininin köməkçisi və şöbə müdirinin müavini kimi müxtəlif vəzifələrdə çalışmışdır. O, 1960-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati orqanlar şöbəsi müdirinin müavini, 1962-1971-ci illərdə isə Azərbaycan Respublikası Prokurorunun müavini vəzifələrini tutmuş, 1971-1978-ci illərdə yenidən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inzibati orqanlar şöbəsinin müdiri işləmişdir.
Cəfər Vəliyev 1978-ci ildən 1987-ci ilədək Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsində çalışmışdır. O, 1987-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri olmuşdur. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi fəaliyyət göstərən Cəfər Vəliyev 2000-2005-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri işləmişdir.
Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə həmişə yüksək peşəkarlıq, böyük təşkilatçılıq qabiliyyəti, prinsipiallıq nümayiş etdirən Cəfər Vəliyev özünə xas tələbkarlığı, məsuliyyət hissi, mənəvi saflığı və insanlara münasibətdə həssaslığı sayəsində dərin hörmət və rəğbət qazanmışdır. Onun ölkəmizin hüquq-mühafizə orqanlarında kadrların yetişdirilməsi və onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində təqdirəlayiq xidmətləri vardır.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrdə Cəfər Vəliyev respublikamızda seçki sisteminin yeni ictimai-siyasi şəraitdə dövrün tələblərinə uyğun qurulmasına öz töhfəsini vermişdir.
Cəfər Vəliyev dövlət işləri ilə yanaşı, elmi-pedaqoji sahədəki fəaliyyətini uğurlu şəkildə əlaqələndirmişdir. O, hüquq elmi ilə bağlı müxtəlif məqalələrin, kitab və monoqrafiyanın müəllifi idi.
Respublikamızın ictimai həyatında yaxından iştirak edən Cəfər Vəliyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Cəfər Vəliyevin çoxillik səmərəli fəaliyyəti və ölkəmizdə hüquq elminin inkişafında xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Tanınmış hüquqşünas, gözəl pedaqoq və səmimi insan Cəfər Cəbrayıl oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Ramil
Usubov, Fikrət Məmmədov, Fərhad Abdullayev, Ramiz Rzayev,
Zakir Qaralov, Məzahir Pənahov
Azərbaycan.- 2012.- 2 iyun.- S. 4.