Gənclərin kadr
potensialı barəsində məlumat bankı haqqında Əsasnamə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 20 iyun tarixli
133 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Əsasnamə gənclərin kadr
potensialı barəsində məlumat bankının (bundan
sonra - Məlumat Bankı) yaradılması,
formalaşdırılması mexanizmini, zənginləşdirilməsi,
idarə olunması və ondan
istifadə qaydalarını müəyyən edir.
1.2. Məlumat Bankı - öz ixtisas bilikləri və işgüzar
bacarıqları, inkişaf potensialı və
işlədikləri sahədə (tutduqları vəzifədə)
əldə etdikləri nəticələrə görə
qanunvericiliklə müəyyən edilmiş
qaydada daha yüksək
vəzifəyə təyin edilə biləcək peşəkar
və perspektivli mütəxəssislər
barəsində dolğun məlumat toplusudur.
1.3. Məlumat Bankı Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyi (bundan sonra - Məlumat Bankının administratoru)
tərəfindən xüsusi proqram təminatı
vasitəsilə elektron formada yaradılır və idarə
olunur.
1.4. Məlumat
Bankına daxil
edilmək üçün namizədlər
barəsində məlumatlar dövlət orqanları tərəfindən təqdim
edilir. İri vergi ödəyicisi olan dövlət müəssisələri də bu Əsasnamə
ilə müəyyən edilmiş qaydada Məlumat
Bankına qoşula
bilərlər.
1.5. Bu Əsasnamədə
istifadə edilmiş anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.5.1. akkreditasiya olunmuş şəxslər
- Məlumat Bankına məlumatları
daxil edən şəxslər;
1.5.2. məlumat
tədarükçüləri - akkreditasiya
olunmuş şəxslər vasitəsilə
Məlumat Bankına lazımi informasiyanın
ötürülməsini təmin edən şəxslər;
1.5.3. məlumat
istifadəçiləri - Məlumat Bankından istifadə etmək
hüququ olan şəxslər;
1.5.4. Məlumat
Bankının namizədi - Məlumat
Bankının bazasına daxil edilməsi üçün namizədliyi təqdim edilmiş
şəxs;
1.5.5. Məlumat
Bankının rezidenti - haqqında Məlumat Bankının bazasına məlumatlar
daxil edilmiş şəxs;
1.5.6. Məlumat
Bankının aktiv siyahısı -
rezidentlər barədə istifadə üçün mümkün olan arxivləşdirilməmiş dolğun məlumatların toplusu.
2. Məlumat Bankının məqsədi
2.1. Məlumat Bankının
məqsədi ölkənin təhsil, elm,
mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun
məlumatın formalaşdırılması, dövlət dəstəyinin
ünvanlı olmasının və səmərəsinin təmin
edilməsidir.
2.2. Məlumat Bankından dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr
siyahısının hazırlanmasında istifadə edilir.
3. Məlumat Bankının
formalaşdırılması
3.1. Məlumat
Bankının formalaşdırılmasında bütün
maraqlı dövlət orqanlarının, ictimai
və digər təşkilatların, habelə təhsil və elm
müəssisələrinin iştirakı təmin edilir.
3.2. Məlumat
Bankının rezidenti ola
biləcək namizədlər aşağıdakı tələblərə
cavab verməlidirlər:
3.2.1. 29 yaş həddini keçməyən Azərbaycan
Respublikasının vətəndaşı olan;
3.2.2. ali təhsili olan;
3.2.3. Azərbaycan
Respublikasının dövlət dilini və
azı iki xarici dili bilən;
3.2.4. ixtisası
üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi olan;
3.2.5. yüksək
təşəbbüskarlığı və iş
qabiliyyəti olan;
3.2.6. dövlət
siyasətini dərindən dərk edən və məsuliyyətli
olan;
3.2.7. yüksək
təhlil qabiliyyəti olan;
3.2.8. strateji planlaşdırma, yüksək
icraçılıq, təşkilatçılıq və təqdimetmə
sahəsində bilik və
bacarığı olan;
3.2.9. yüksək fərdi
hazırlıq səviyyəsi olan;
3.2.10. kollektivdə
və komandada işləmək qabiliyyəti
olan.
3.3. Namizədlərlə
bağlı təkliflər ildə bir dəfə
(hər ilin 15 iyul
tarixinədək) Məlumat Bankının administratoruna
təqdim edilir.
3.4. Təkliflər
namizədlə bağlı təqdim olunan
aşağıdakı sənədlərdə öz əksini tapmalıdır:
3.4.1. ərizə
(Məlumat Bankının
administratoru tərəfindən
müəyyən edilmiş
formada);
3.4.2. şəxsiyyəti
təsdiq edən sənədin surəti;
3.4.3. ali
təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti və "Tələbə-məzun"
dövlət elektron məlumat sistemindən çıxarış;
3.4.4. əlavə
təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;
3.4.5. xarici
dili bilmək haqqında müvafiq təsdiqedici sənədin notarial qaydada təsdiq edilmiş surəti;
3.4.6. əmək
kitabçasının notarial
qaydada təsdiq olunmuş surəti;
3.4.7. tərcümeyi-hal;
3.4.8. kadrlar
uçotunun şəxsi
vərəqi;
3.4.9. xasiyyətnamə
əlavə olunmaqla, ən azı iki şəxs tərəfindən verilən
zəmanət məktubları;
3.4.10. 3x4 ölçüdə
2 ədəd fotoşəkil;
3.4.11. fəaliyyət
göstərdiyi müvafiq
sahədə, iştirak
etdiyi tədbirlərdə
(beynəlxalq, ölkə
və regional səviyyəsində
təşkil olunmuş
intellektual yarışlar,
elmi konfranslar və sair) əldə
etdiyi nailiyyətlərini
əks etdirən digər sənədlərin
surəti.
4. Məlumat Bankının idarə edilməsi
4.1. Məlumat Bankının idarə edilməsi ilə bağlı Məlumat Bankının administratoru tərəfindən
aşağıdakı vəzifələr
həyata keçirilir:
4.1.1. proqram
təminatının yaradılmasına
və proqramın işlək vəziyyətdə
saxlanılmasına (fasiləsiz
fəaliyyətinə) nəzarət
edilməsi;
4.1.2. məlumatların
daxil və istifadə edilməsi ilə bağlı təhlükəsizlik məsələlərinin
həll edilməsi;
4.1.3. istifadəçilərin
qoşulmasının, akkreditasiya
olunmuş şəxslərin
hazırlığının təmin edilməsi.
4.2. Namizədlərin seçimi və rezidentlərin Məlumat Bankına daxil edilməsi prosesinin təşkili məqsədi
ilə Məlumat Bankının administratoru
tərəfindən tərkibi
sədri, sədrin müavini və yeddi nəfər üzvdən ibarət olmaqla Ekspert Şurası yaradılır.
4.3. Ekspert Şurasına dövlət
orqanlarının vəzifəli
şəxsləri və
idarəetmə sahəsində
böyük təcrübəyə
malik olan mütəxəssislər daxil
edilirlər.
4.4. Ekspert Şurası ictimai əsaslarla fəaliyyət
göstərir.
4.5. Ekspert Şurasının funksiyaları
aşağıdakılardan ibarətdir:
4.5.1. Məlumat Bankına daxil edilmək üçün
verilmiş təkliflər
əsasında 1 (bir)
ay müddətində namizədlərin
seçimini həyata
keçirmək;
4.5.2. rezidentin
Məlumat Bankına daxil edilməsi və oradan çıxarılması
ilə bağlı qərar qəbul etmək, bu qərarların icrasına nəzarəti həyata keçirmək;
4.5.3. Məlumat Bankındakı məlumatlara
əlavə və dəyişikliklər edilməsinə,
siyahının hər
il olmaq
şərtilə yenilənməsinə
nəzarət etmək.
4.6. Ekspert Şurası funksiyalarını
həyata keçirmək
məqsədi ilə iclaslar keçirir. Ekspert Şurasının iclasları:
4.6.1. ildə
bir dəfədən az olmayaraq keçirilir;
4.6.2. Ekspert Şurasının sədrinin,
sədr olmadıqda isə onun müavininin
rəhbərliyi ilə
keçirilir;
4.6.3. Ekspert Şurasının üzvlərinin
üçdə ikisinin
iştirakı ilə
səlahiyyətli sayılır.
4.7. Ekspert Şurasının qərarları:
4.7.1. Ekspert Şurasının iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir;
4.7.2. yazılı
qaydada rəsmiləşdirilir
və Məlumat Bankının administratoru tərəfindən
təsdiq edilir;
4.7.3. namizədlərin
Məlumat Bankına daxil edilməsi üçün
əsas hesab edilir.
5. Rezidentin Məlumat Bankında saxlanılması
və çıxarılması
5.1. Rezident haqqında məlumatların
aktiv siyahıda saxlanılma müddəti
onun 35 yaş dövrünə qədər
müəyyənləşdirilir.
5.2. Rezident qanunvericiliklə müəyyən
edilmiş qaydada vakant vəzifəyə təyin edildikdən sonra, onun haqqında
məlumatlar yeni vəzifəsi daxil edilməklə təzələnir
və aktiv siyahıda saxlanılır.
5.3. Rezident haqqında məlumatların
siyahıda saxlanılma
müddəti bitdikdə,
bu məlumatlar Məlumat Bankının aktiv
siyahısından çıxarılır
və arxivləşdirilir.
5.4. Rezident haqqında məlumatlar aşağıdakı hallarda
Məlumat Bankının
aktiv siyahısından
arxivləşdirilmədən çıxarılır:
5.4.1. xarici
dövlətdə daimi yaşamaq üçün
Azərbaycan Respublikasının
ərazisini tərk etdikdə;
5.4.2. məhkəmənin
qanuni qüvvəyə
minmiş ittiham hökmü və ya tibbi xarakterli
məcburi tədbirlərin
tədbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
5.4.3. vəfat
etdikdə;
5.4.4. məhkəmə
tərəfindən şəxs
xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.
6. Məlumat Bankından istifadə
6.1. Məlumat Bankı məlumat xarakteri
daşıyan, vakant vəzifələrin qanunvericiliklə
müəyyən edilmiş
qaydada tutulması məqsədi ilə dövlət qurumları tərəfindən
istifadə üçün
açıq informasiya
resursudur.
Azərbaycan.-
2012.- 22 iyun.- S. 3.