Fransalı jurnalistlərə Azərbaycan həqiqətləri haqqında məlumat verilmişdir

 

 İyunun 21-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan bir qrup fransalı jurnalist ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.

Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağona bitişik yeddi rayon işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını deyən Ə.Həsənov Azərbaycanın münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir.

Azərbaycanın qazandığı uğurlardan danışan Ə.Həsənov demişdir ki, ölkəmizin 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi respublikamızın  dünyada artan nüfuzunun bariz nümunəsidir. Ölkəmizdə son doqquz ildə bir milyondan çox yerinin açıldığı, yoxsulluğun səviyyəsinin aşağı düşdüyü, Azərbaycanın dünyada ən yüksək sürətlə inkişaf edən dövlət olduğu qonaqların diqqətinə çatdırılmışdır. 

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun üç milyard dolları büdcə, 1,4 milyard dolları Dövlət Neft Fondunun, bir milyard dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Sonra Baş nazirin müavini Azərbaycan-Fransa əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı fransalı jurnalistlərin suallarını cavablandırmışdır.

Qonaqlar Azərbaycanda müşahidə etdikləri sürətli inkişafdan, tolerantlığın yüksək səviyyəsindən məmnunluqlarını bildirmiş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulamışlar.

Sonra qonaqlar Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində tikilmiş doqquzmərtəbəli yaşayış binaları kompleksində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 3.