Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə
bağlı müzakirələr aparılmışdır
İyunun 21-də "Hilton Baku" otelində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış, aidiyyəti dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının ilk yığıncağı keçirilmişdir.
İclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda gənclərə dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Nazir qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın imzalanmasının bir ili tamam olur. Dövlət Proqramının hazırlanmasında ölkə gəncləri, hətta xaricdə təhsil alan azərbaycanlı gənclər fəal iştirak etmişlər. Gənclər tərəfindən 2 mindən çox təklif və təşəbbüs irəli sürülmüşdür. Demək olar ki, bütün fikir və ideyalar ümumiləşdirilərək Dövlət Proqramında əksini tapmışdır.
Sonra Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlər haqqında gənclər və idman nazirinin müavini İntiqam Babayevin çıxışı olmuşdur.
Nazir müavini bildirmişdir ki, Dövlət Proqramı çərçivəsində bir sıra beynəlxalq və respublika miqyaslı tədbirlər keçirilmiş, gənclərimizin inkişafı ilə bağlı layihələrə başlanılmışdır. Bu sırada Azərbaycan Gənclər Fondunun təsis edilməsi və fond tərəfindən ilk layihə müsabiqəsinin elan edilməsi xüsusi qeyd olunmalıdır. Gənclərlə bağlı infrastrukturun, onların inkişafı üçün sosial xidmətlərin - Gənclər evlərinin yaradılması üçün hazırlıq işləri aparılmışdır. Bir qrup tələbəyə "Tələbə kartları" təqdim edilmişdir. Hazırda Gəncə şəhərinin Avropanın gənclər paytaxtına namizədliyi irəli sürülmüşdür.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək demişdir ki, bir il ərzində həyata keçirilmiş bu proqram Prezident İlham Əliyevin gənclərə diqqətinin bariz nümunəsidir.
E.Aslanov qeyd etmişdir ki, beş il ərzində həyata keçiriləcək bu proqram yeni təşəbbüslərin, təzə layihələrin və səmərəli ideyaların ortaya çıxmasına zəmin yaradacaqdır. Son bir ildə dövlət qurumlarının proqramın bəndlərinə uyğun olaraq reallaşdırdıqları müxtəlif fəaliyyət növləri təqdirəlayiqdir.
Bildirilmişdir ki, Azərbaycan gəncliyi bizi həm ölkə daxilində, həm də xaricdə təbliğ etməlidir. Azərbaycan gəncliyi vətəndaş cəmiyyətinin, demokratik təsisatların formalaşmasında və onların təkamülündə böyük rol oynamalıdır. Ölkənin iqtisadi-siyasi inkişafı, sosial-mədəni sahədə əldə etdiyi uğurlar göstərir ki, Azərbaycan, həqiqətən də, demokratik dövlətdir, yeni uğurlara imza atacaq bir məkandır. Bu baxımdan gənclər təşkilatları da ölkədə yaradılan demokratik dəyərlərə hörmət etməlidir.
Bir il ərzində proqramın böyük bir hissəsinin uğurla icra olunduğunu deyən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, proqramın həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılmışdır. O, gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanunun hazırlanacağını da diqqətə çatdırmışdır.
Çıxışlardan sonra Əlaqələndirmə Şurasının fəaliyyət mexanizmləri haqqında müzakirələr aparılmışdır.
Tədbirdə, həmçinin Dövlət Proqramının rəsmi internet saytı da təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 22 iyun.- S. 3.