Parisdə AŞ
PA Monitorinq Komitəsinin
yığıncağı keçirilmişdir
Mayın 31-də Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin yığıncağı keçirilmişdir.
Yığıncaqda Monteneqronun, Gürcüstanın, Monakonun, Serbiyanın, Ukraynanın, Rusiya Federasiyasının, Albaniyanın, Makedoniyanın və Azərbaycanın Avropa Şurasına üzv olarkən qurum qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti məsələsi müzakirə edilmişdir.
Komitə üzvü, Azərbaycanın AŞ PA-dakı deputat qrupunun rəhbəri Səməd Seyidov yığıncaq barədə AzərTAc-a verdiyi müsahibəsində demişdir: Ölkəmizlə bağlı məsələnin müzakirəsində AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi ispaniyalı deputat Aqramunt Font de Mora çıxış edərək məruzənin hazırlanması haqqında məlumat vermişdir. Komitə üzvləri onun məlumatına münasibət bildirmişlər.
Məruzə ətrafında müzakirələr zamanı çıxış edərək xüsusi bir məsələni komitə üzvlərinin diqqətinə çatdırdım. Son zamanlar Azərbaycana qarşı qeyri-obyektiv fikirlər səsləndiyini və heç bir əsası olmayan müxtəlif mövqelərdən yanaşmalar olduğunu qeyd etdim. Azərbaycan ətrafında yaranan söz-söhbətə erməni lobbisinin, ölkəmizi istəməyən, onun inkişaf qüdrətini gözü götürməyənlərin rəvac verməsi ilə bağlı məsələ qaldırdım. Bu məsələ komitə üzvləri tərəfindən düzgün başa düşüldü və qərara alındı ki, Azərbaycanın beynəlxalq aləmdə formalaşmaqda olan nüfuzuna kölgə salmaq cəhdləri öyrənilsin. Nə üçün bəzi dairələr Azərbaycana qarşı belə siyasət aparırlar? Bunun kökü haradan gəlir?
Çıxışımda qeyd etdim ki,
Azərbaycan ətrafında yaranan
xoşagəlməz söz-söhbətin mənbəyi ondan ibarətdir ki, son zamanlar Azərbaycan dünya miqyaslı layihələr həyata keçirir, beynəlxalq aləmdə nüfuzu getdikcə artır, sürətlə inkişaf
edir, iqtisadi qüdrəti
yüksəlir, regionda lider dövlətə çevrilir.
Müxtəlif parlamentlər və beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyü,
Dağlıq Qarabağ ətrafında gedən
məsələlərdə Azərbaycanı dəstəkləyən
sənədlər qəbul edirlər. Bundan
ehtiyatlanan və Azərbaycanı istəməyən
qara qüvvələr başqa
bir siyasət seçmişlər. Bu qüvvələr guya
Azərbaycanda insan haqlarının
pozulması barədə heç bir reallıqla səsləşməyən əsassız
səs-küy salmağa cəhd göstərirlər.
Bu fikirləri
açıq şəkildə komitə üzvlərinə bəyan
etdim və bildirdim ki, Azərbaycan AŞ qarşısında götürdüyü bütün
öhdəlikləri lazımi səviyyədə yerinə yetirir və bu istiqamətdə
fəaliyyətini davam etdirməkdə
israrlıdır. Bəzi dairələrin Azərbaycanın nüfuzuna xələl
gətirməyə cəhd etmələrinə baxmayaraq, tezliklə
Avropa
təşkilatları kimin haqlı olduğunu
müəyyənləşdirəcəklər.
Azərbaycan.- 2012.- 2 iyun.- S. 4.