Brüsseldə Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, iyunun  20-21-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin (PƏK) növbəti, 12-ci iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı daxildir.

Avropa İttifaqı  Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri deputat M.ÇabrnoxMilli Məclisin Sədr müavini V.Ələsgərovun həmsədrliyi ilə iclasda Aİ-nin Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Ş.Füle, bölgə üzrə xüsusi nümayəndəsi F.Lefor, eləcə də Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir R.Kobia iştirak etmişlər. İclasda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışılmış, əməkdaşlığın strateji səciyyə daşıdığı vurğulanmış, münasibətlərin daha da dərinləşəcəyi bildirilmişdir.

Avropa İttifaqının rəsmiləri ölkəmizdə aparılan islahatları, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində parlament əməkdaşlığının genişləndirilməsinə, Qara Dəniz bölgəsində münasibətlərin dərinləşməsinə Azərbaycanın töhfələrini yüksək qiymətləndirmişlər.

İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, bu məsələdə  Aİ-nin rolu barədə müzakirələr aparılmış, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin  vacibliyi qeyd edilmişdir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.