Filippinin nüfuzlu “BizNews Asia” jurnalının növbəti nömrəsi Azərbaycana
həsr edilmişdir
Filippində ingilis dilində böyük tirajla nəşr olunan nüfuzlu "BizNews Asia" həftəlik jurnalının növbəti nömrəsi Azərbaycana həsr edilmişdir. AzərTAc xəbər verir ki, jurnalda Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən demokratik islahatlar, ölkənin uğurlu xarici siyasəti ilə bağlı materiallara geniş yer verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tərcümeyi-halının, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətinin geniş işıqlandırıldığı jurnalda ölkəmizdə qazanılan iqtisadi uğurlar haqqında faktlar əsasında ətraflı məlumat verilir. Bildirilir ki, bu uğurlara ölkə Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində nail olunmuşdur.
Nəşrdə qeyd edilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatı modernləşdirilir, işsizlik və yoxsulluq problemi isə aradan qaldırılmışdır. Dünyanı bürümüş iqtisadi böhran Azərbaycana heç bir təsir göstərməmişdir. Bu ölkədə istər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirilir. Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində də xeyli işlər görülmüşdür.
Jurnalda qeyd edilir ki, tolerantlığa görə dünya dövlətləri üçün nümunə olan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, anlaşma şəraitində yaşayırlar. Böyük enerji resurslarına malik olan Azərbaycan həm də zəngin mədəniyyətinə və qədim tarixinə görə bütün dünyada tanınır. Şərqdə ilk demokratik respublika 1918-ci ildə məhz Azərbaycanda yaradılmışdır.
Nəşrdə bildirilir ki, Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də xeyli nailiyyətlər əldə etmişdir. Bu ölkə beynəlxalq və regional təşkilatların fəal üzvüdür. Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri isə ölkənin 155 dövlətin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsidir.
Jurnalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verilir. Qeyd edilir ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır. Nəticədə Azərbaycanın bir milyondan artıq vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistanın işğalçılıq siyasəti BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlarda pislənmişdir. Rəsmi Yerevan isə bu sənədlərə məhəl qoymur. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylər isə 20 ildir ki, heç bir nəticə vermir.
Jurnalda hakim Yeni Azərbaycan Partiyasının tarixi və fəaliyyəti, respublikanın ağır vəziyyətində bu partiyanın yaradılmasında ümummilli lider Heydər Əliyevin gərgin əməyi ətraflı işıqlandırılır. Bildirilir ki, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi altında ağır vəziyyətdə olan Azərbaycanda sabitlik bərqərar olmuş, bütün sahələrdə köklü islahatlar həyata keçirilməyə başlanmış, ölkənin xarici əlaqələri genişlənmiş, yeni neft strategiyasının əsası qoyulmuş və "Əsrin müqaviləsi" imzalanmışdır.
Bakının may
ayında "Eurovision-2012" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdiyinin
vurğulandığı jurnalda Prezident İlham
Əliyevin dünya dövlətlərinin
liderləri ilə keçirdiyi
görüşləri, eləcə də Azərbaycanda
aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini
əks etdirən çoxsaylı şəkillər də
yer almışdır.
Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.