RF XİN Azərbaycan
və Ermənistan arasında siyasi dialoqun davam etdirilməsini
dəstəkləyir
RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Moskvada bildirmişdir ki, "Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Paris görüşü tərəflər arasında siyasi dialoqun davam etdirilməsinə hazırlığı nümayiş etdirmişdir və biz baş tutan tədbiri müsbət qiymətləndiririk".
Onun sözlərinə görə, Rusiya XİN hesab edir ki, bu görüş həm Ermənistanın, həm də Azərbaycanın Rusiya, ABŞ və Fransa prezidentlərinin Los-Kabosda Dağlıq Qarabağa dair bəyanatlarının ruhuna uyğun siyasi dialoqu davam etdirməyə hazır olduqlarını nümayiş etdirir.
Rusiya XİN-in nümayəndəsi üç ölkənin prezidentinin Meksikada Dağlıq Qarabağ probleminə dair verdiyi birgə bəyanata toxunaraq demişdir: "Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli həmsədr ölkələrin hər üçünün mənafeyinə uyğundur".
A.Lukaşeviç həftəlik brifinqdə qeyd etmişdir ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan münaqişə zonasında gərginliyin azaldılması istiqamətində mümkün addımları, habelə tərəflərin silahlı toqquşmaların araşdırılmasına yanaşmalarını müzakirə etmişlər. Tərəflər humanitar əlaqələrin inkişafına dair gələcək səyləri ilə bağlı mövqelərini də dəqiqləşdirmişlər.
Xatırladaq ki, nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan iyunun 18-də Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda gələcək addımları müzakirə etmişlər. Elə həmin gün Minsk qrupunun həmsədri olan ölkələrin - Rusiya, Fransa və ABŞ-ın prezidentləri Meksikada "iyirmiliyin" zirvə görüşü çərçivəsində Dağlıq Qarabağa dair birgə bəyanatla çıxış etmişlər.
A.Lukaşeviç bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyul ayında regiona səfər etməyə hazırlaşırlar.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.