Berlində Qarabağ atlarının təsviri və xalçaların naxışlarının əks olunduğu əl işləri təqdim edilmişdir

 

Almaniyanın "EDSOR-Berlin" Moda Evi tərəfindən Qarabağ atlarının təsviri və xalçaların naxışlarının əks olunduğu italyan ipəyindən hazırlanmış yüksək keyfiyyətli əl işləri - qalstuk, cib dəsmalı və şərflər təqdim olunmuşdur.

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə hazırlanmış kolleksiya Berlinin mərkəzində yerləşən tarixi "Hotel de Rome"da təqdim edilmişdir.

"EDSOR - Berlin" Moda Evinin meneceri Yan-Henrik Şeper-Stuk demişdir: "Bu kolleksiyanı yaratmağa bizi Azərbaycanın Qarabağ regionu sövq etmişdir. Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycana olan marağımızı artırmışdır. Biz Azərbaycanı daha yaxından tanımaq istədik. Təsəvvür etməzdim ki, Berlində belə möhtəşəm bir tədbir keçirmək mümkün olacaqdır. Ona görə də tədbirin keçirilməsi üçün Azərbaycana müraciət etdik. Mən bu tədbirin baş tutmasına görə çox məmnunam və əminəm ki, "EDSOR-Berlin" və AAC-ın birgə işləri hələ çox olacaqdır".

AAC-ın sədri Tale Heydərov isə "EDSOR-Berlin" Moda Evinin 1909-cu ildən məhsullarını siyasətçilərə, kino ulduzlarına və ictimaiyyətə təqdim etdiyini bildirərək demişdir: "Məhz bu irs EDSOR-u Azərbaycan-Qarabağ mövzusunda şərflərin, cib dəsmallarının və qalstukların hazırlanmasında ideal tərəfdaşa çevirmişdir. Qarabağ Azərbaycanın tanınmış şair, yazıçı, rəssam və musiqiçilərinin vətənidir. Bu gün təqdim olunan əl işlərində istifadə edilmiş Qarabağ xalçaçılıq məktəbinin elementləri gözəlliyi ilə seçilir. Bölgə həm də özünün cıdır və minik atları ilə məşhurdur. Qədim vaxtlardan yalnız bu regionda yetişdirilmiş Qarabağ atları başlarındakı qızılı rəng çalarları ilə tanınır. Şərflərin üzərində bu atların atletik formasını görmək çox xoşdur".

T.Heydərov bu gün Qarabağ ənənələrinin və mədəniyyətinin məhv olmaq təhlükəsi qarşısında olduğunu vurğulamışdır: "Bölgə  Ermənistan tərəfindən işğal olunmuşdur. Bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün şəraitində yaşayır. Azərbaycan-Qarabağ mövzusunda işlənmiş bu kolleksiyadan əldə olunmuş gəlirin bir hissəsi Azərbaycanda Şuşa Uşaq Musiqi Məktəbi üçün musiqi alətlərinin alınmasına sərf olunacaqdır. Dağlıq Qarabağ bölgəsinin ən qədim şəhəri olan Şuşanın adı Azərbaycan mədəniyyəti ilə assosiasiya olunur. Artıq 20 ildir ki, bu şəhər işğal altındadır. Şuşa musiqi məktəbinin məqsədi isə məcburi köçkün uşaqlarına təhsil verərək bu mədəniyyəti yaşatmaqdır".

Sonda kolleksiyanın hazırlanmasına dair film təqdim olunmuşdur.

Tədbir bədii hissə ilə davam etmişdir.

Azərbaycan-Qarabağ mövzusunda hazırlanmış kolleksiya haqqında daha ətraflı məlumatı www.karabakh-azerbaijan.com saytından almaq olar.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.