Xocavənd rayonundan olan məcburi köçkünlər ABŞ-ın Azərbaycandakı səfirliyinə və USAİD-in Bakı nümayəndəliyinə etiraz məktubu göndərmişlər

 

 Xocavənd rayonundan olan məcburi köçkünlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun 7 kəndinin su təchizatı sisteminin yenidən qurulması məqsədi ilə 3 milyon dollar qrant ayırması ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə və USAİD-in Bakı nümayəndəliyinə etiraz məktubu ünvanlamışlar.

AzərTAc xəbər verir ki, etiraz məktubunda deyilir: "Ermənistanın işğal edilmiş ərazilərin demoqrafik, inzibati və mədəni-tarixi strukturunu davamlı olaraq dəyişdirmək, o cümlədən bu ərazilərə qanunsuz olaraq erməni mənşəli insanları köçürmək yolu ilə doğma yurdlarından zorla qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasının qarşısını almağa çalışdığı bir vaxtda işğal edilmiş Azərbaycan ərazilərində infrastruktur layihələrinin maliyyələşdirilməsi Ermənistanın qanunsuz fəaliyyətinə haqq qazandırmaq və bu fəaliyyətlərə şərik çıxmaqla bizim öz doğma yaşayış yerlərimizə qayıtmaq ümidlərimizin reallaşmasını daha da çətinləşdirir və münaqişənin nizama salınması prosesinə zərbə vurur. Bu cür fəaliyyət işğal vəziyyətinin davam etdirilməsinə xidmət etməklə, ABŞ rəhbərliyi tərəfindən dəfələrlə ən yüksək səviyyədə bəyan edilmiş "mövcud status-kvonun qəbuledilməzliyi" ilə bağlı mövqe ilə ziddiyyət təşkil edir.

Birmənalı olaraq hesab edirik ki, sizin bu cür birtərəfli mövqeyiniz təmsil etdiyiniz dövlətin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın öz üzərinə götürdüyü sülh və barış missiyasını böyük şübhə altına alır.

Biz - Dağlıq Qarabağdan olan məcburi köçkünlər regionda etnik təmizləmə aktını, Xocalı, Qaradağlı və neçə-neçə qanlı soyqırımlarını həyata keçirmiş cinayətkar rejimə göstərilən bütün maddi və mənəvi yardımları qətiyyətlə pisləyir, bunun demokratiya və ədalət prinsiplərinə zidd olduğunu bəyan edirik.

Biz - Azərbaycan Respublikasının Xocavənd rayonundan olan məcburi köçkünlər sizdən təkidlə xahiş edirik ki, işğal olunmuş Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət edən fəaliyyətinizi dayandırasınız".

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.