Qanunların Azərbaycanın tərəfində olmasına baxmayaraq, əraziləri hələ də Ermənistanın işğalı altındadır

 

 İtaliyanın nüfuzlu "L Occidentale" qəzetində Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Laşa Zilpimani bildirir ki, son vaxtlar cəbhə xəttində atəşkəs rejiminin pozulması beynəlxalq ictimaiyyəti narahat edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması bütün Qafqaz regionu üçün böyük təhlükə törədir.

Dağlıq Qarabağ münaqişəsi 20 ildir ki, dondurulmuş vəziyyətdədir. Qərbin və Rusiyanın 20 illik vasitəçilik missiyasına və ciddi cəhdlərinə baxmayaraq, münaqişə tərəflərini razı salan həll variantı tapılmamışdır. İndiki status-kvo isə 1994-cü ildə əldə olunmuş sülh razılaşması nəticəsində meydana gəlmişdir.

Ermənistan ordusu Sovet İttifaqının dəstəyi və erməni lobbisinin dəstəyi ilə Azərbaycanın böyük bir ərazisini - Dağlıq Qarabağ regionunu işğal etmişdir ki, bunun da nəticəsində bu bölgədə yaşayan azərbaycanlılar doğma torpaqlarından didərgin düşmüşlər. Bundan sonra Dağlıq Qarabağ birtərəfli qaydada öz müstəqilliyini elan etmişdir. Lakin onun müstəqilliyi dünyada heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmır. Bu isə o deməkdir ki, Ermənistan faktiki olaraq Dağlıq Qarabağı işğal etməklə öz ərazisini genişləndirmişdir.

Siyasi, hərbi və iqtisadi kömək olmasaydı, Ermənistan nəinki Azərbaycanın ərazilərini işğal edə, hətta müstəqil dövlət kimi özünü təsdiq edib yaşaya bilməzdi.

Münaqişə başlayanda Avropa İttifaqı bir sıra ziddiyyətlər səbəbindən ehtiyatlı davranaraq münaqişənin həll olunmasına dair konkret mövqe tutmamışdır. Türkiyə isə Azərbaycana müəyyən dəstək versə də, qardaş ölkənin torpaqlarının işğalının qarşısını ala bilməmişdir. Azərbaycan Ermənistanın işğalçılığına yardım edənləri yaxından tanıyır və bunun səbəblərini də yaxşı başa düşür.

Azərbaycanın ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatı (BMT) və bütün dünya dövlətləri tərəfindən tanınır. Bu gün Azərbaycan haqlı olaraq tələb edir ki, onun suverenliyinə və BMT tərəfindən tanınmış ərazi bütövlüyünə hörmətlə yanaşılsın və işğal edilmiş əraziləri geri qaytarılsın. Beynəlxalq qanunların Azərbaycanın tərəfində olmasına baxmayaraq, əraziləri hələ də Ermənistanın işğalı altındadır. Əlbəttə ki, belə vəziyyət rəsmi Bakını qane edə bilməz.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 4.