Bakıda keçirilmiş Cənubi Tirol modelionun Qafqaza uyğunluğu mövzusunda Beynəlxalq konfransın xarici ölkə iştirakçılarından bir qrupu Ağdam rayonunda olmuşdur

 

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun "Avropada milli azlıqlar: "Cənubi Tirol modelionun Qafqaza uyğunluğu" mövzusunda Beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Trento bölgəsinin nümayəndələri iyunun 21-də Ağdam rayonuna səfər etmişlər.

AzərTAc xəbər verir ki,  SAM-ın direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin  hüquq fakültəsinin müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtaliyanın Bolonya Universitetinin müəllimi Lorenro Zambernardi və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidzedən ibarət nümayəndə heyəti ilə Ağdam Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73,4 faizi - Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan olunmuş və dağıdılmışdır. Rayonun 180 min əhalisindən 155 mini məcburi köçkün kimi respublikamızın 62 rayonunda məskunlaşmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 55 mini məcburi köçkünlərdir. Məcburi köçkünlərin ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.

Z.Qasımov BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də kağız üzərində qalmasını xatırladaraq beynəlxalq təşkilatlardan ədalətin təmin olunmasını istəmişdir.

Görüşdə qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılmışdır. Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş "Qafqaz Xirosiması" filmi göstərilmişdir.

Qonaqlar 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə gəlmiş, məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.

Avropalı qonaqlar sonra Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndinə gəlmişlər. Onlara burada yaşayan əhalinin həyat şəraiti barədə məlumat verilmişdir.

İtaliyanın Trento Universitetinin hüquq fakültəsinin müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti jurnalistlərə müsahibəsində bildirmişdir ki, səfərin məqsədi Avropada oxşar problemlərin həlli metodlarından istifadə etməklə münaqişənin həlli yollarını öyrənməkdir.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 5.