Azərbaycanın
qaçqın və məcburi köçkünlərinin
problemlərindən danışılmışdır
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyun ayının son həftəsində keçiriləcək yay sessiyasının gündəliyində inteqrasiya və miqrasiya, qaçqınlıq və məcburi köçkünlük məsələləri ilə əlaqədar mövzular müzakirəyə çıxarılacaq məruzələr sırasındadır. Assambleyanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iyunun 1-də Avropa Şurasının Paris qərargahında keçirilən iclasında məhz bu problemlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Komitənin budəfəki toplantısı onun işində bir sıra əlaqədar beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə diqqəti cəlb etmişdir. Ətrafında geniş fikir mübadilələri aparılan mövzulardan biri də "Məcburi köçkünlərin Avropadakı qeyri-standart yerləşmə mərkəzlərinin alternativləri" adlı məruzə olmuşdur. Fransalı deputat Rene Ruqenin hazırladığı bu məruzənin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı müfəssəl dinləmələr də təşkil edilmişdir. Dinləmələrdə komitə üzvləri ilə yanaşı, İsveçrədəki Beynəlxalq Yerdəyişmələr üzrə Monitorinq Mərkəzinin təhlilçisi xanım Nadin Valiski də iştirak etmişdir. Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu müzakirələrə qatılaraq növbəti dəfə ölkəmizin ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti, qaçqın və məcburi köçkünlərimizin dərdlərindən bəhs etmişdir.
Müzakirəyə çıxarılan məsələnin faciəli təfərrüatlarına uzun illər ərzində apardığı müşahidələr əsasında yaxından bələd olduğunu bildirən R.Hüseynov demişdir: "İki dünya müharibəsinin, bir çox xırda lokal müharibələrin və müxtəlif hərbi münaqişələrin cərəyan etdiyi XX və artıq birinci on ili arxada qalan XXI əsrlərin ən faciəli hadisələrindən olan qaçqınlıq probleminə 1 milyonadək qaçqını və məcburi köçkünü hesab edilən bir ölkənin - Azərbaycanın təmsilçisi olduğumdan, əlbəttə ki, yaxşı bələdəm. Lakin qaçqınların taleyi ilə, həyat tərzi, çətinlikləri ilə yaxın tanışlığımın digər səbəbi odur ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərindən 2001-ci ilədək mən "Amerikanın səsi" radiosunun Azərbaycanda müxbiri olmuşam. İşimlə əlaqədar o dövrdə Azərbaycanın 62 şəhər və rayonunda yerləşdirilmiş qaçqınların və məcburi köçkünlərin 1600-dən çox müvəqqəti məskunlaşma məntəqəsinin əksərində olmuşam. Qaçqın həyatını yaşamaq bir tərəfə qalsın, bu həyata şahid olmağın, onların sarsıntılarını seyr etmək özü belə psixoloji cəhətdən çox üzücüdür. İyirmi ildən artıqdır ki, 9 milyon əhalisi olan, yəni hər 9 vətəndaşından biri qaçqın həyatı sürən Azərbaycan bu problemin ağrılarını yaşayır və məsələ hələ də həll olunmayıb".
1990-cı illərin əvvəllərində Azərbaycandakı qaçqın və məcburi köçkünlər ölkə ərazisindəki 12 çadır düşərgəsində, 16 fin tipli evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda, uşaq bağçalarında, turist bazalarında, tikintisi yarımçıq qalmış yerlərdə, kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən digər məkanlarda məskunlaşdığını diqqətə çatdıran R.Hüseynov avropalı deputatları qışın şaxtasında, yayın qızmarında çadırda yaşamağın, həm də bir gün yox, illərlə belə yaşamağa məcbur qalmağın nə dərəcədə dəhşətli olduğunu bir anlıq da olsa, təsəvvür etməyə çağırmışdır.
Deputat vurğulamışdır ki, yüzlərlə insan belə dözülməz şəraitdə həyatını itirdi, xəstəliklərə düçar oldu, erkən qocaldı, uşaqlığın, gəncliyin sevinclərindən məhrum oldu, normal təhsil ala bilmədi.
1990-cı illərdə qaçqın çadırlarında doğulmuş uşaqların bir neçə il əvvəl toy məclislərində iştirak etdiyini, indi isə qaçqınlıqda doğulmuş həmin gənclərin balalarının da dünyaya qaçqın, köçkün statusu ilə gəlməsini böyük insanlıq faciəsi, ümumbəşəri dərd olduğunu qeyd edən R.Hüseynov 20 ildən artıqdır ki, davam edən münaqişənin nizamlanması yolunda Avropa Şurasının da qətiyyət göstərməsinin vacib olduğunu bəyan etmişdir: "Əlamətdar faktdır ki, bu gün Azərbaycanda bir dənə də olsun belə qaçqın düşərgəsi, çadır şəhərciyi qalmamışdır. Qaçqınlar üçün normal şəraiti olan evlər tikilmiş, şəhərciklər salınmışdır. Əlbəttə ki, harada qaçqın, məcburi köçkün varsa, bu insanların maksimal dərəcədə normal həyat şəraitini təmin etmək lazımdır. Lakin Azərbaycanın təcrübəsinin öyrətdiyi bir mühüm dərs də vardır. Ən yaxşı, ən ideal şərait belə, qaçqın üçün doğma yurdunu əvəz edə bilməz. Bizim ali vəzifəmiz ümumilikdə qaçqın, məcburi köçkün problemini həll etmək bu insanların öz ev-eşiklərinə qayıda bilmələri üçün bacardığımızı əsirgəməməkdir. Lakin nə qədər ki, problem vardır, qaçqın vardır, onların kollektiv şəkildə məskunlaşdığı mərkəzlər vardır, oradakı həyat şəraitlərinin ən arzu olunan səviyyəyə çatdırılması üçün xüsusi proqram çərçivəsində ardıcıl iş aparılmalıdır".
Deputat R.Hüseynov azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycanda aparılan genişmiqyaslı işləri əks etdirən sənədləri və videomaterialları da hazırlayacağı hesabata əlavə olunması üçün fransalı məruzəçiyə təqdim etmişdir.
Əsgər ƏLİYEV
Azərbaycan.- 2012.- 2 iyun.- S. 4.