Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə
Alyansının ikinci konfransında təmsil
olunmuşdur
ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Korrupsiya Əleyhinə Mübarizə Alyansının "Korrupsiya əleyhinə mübarizə: İnnovasiyalar və yeni üfüqlər" mövzusunda ikinci konfransı keçirilmişdir. Dünya Bankının təşkilatçılığı ilə iki ildən bir keçirilən tədbirdə dünyanın 130 ölkəsindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların və bir sıra beynəlxalq təşkilatların əməkdaşları iştirak etmişlər.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi Vüqar Əliyev təmsil etmişdir.
Plenar iclas və sessiyalarla müşayiət olunan konfransda beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı mübarizədə yeni texnologiyaların tətbiqi mövzularında çıxışlar və təqdimatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirin ikinci günündə müasir texnologiyaların sərgisi nümayiş etdirilmişdir. Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə təşkil olunmuş iclas və digər görüşlərdə V.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlər, xüsusilə də korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının qəbulu və müvəffəqiyyətlə icrası, ölkəmizin korrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən konvensiyalara qoşulması və milli qanunvericiliyə implementasiyası, bu sahə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, eyni zamanda idarə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin davamı olaraq Corc Vaşinqton Universitetinin hüquq
fakültəsində "Cinayət yolu
ilə əldə edilmiş aktivlərin
qaytarılması" mövzusunda ikigünlük təlim təşkil edilmişdir. Təlimlərdə həmin universitetin professorları Jack Smitt və Thomas Lasicin mühazirələri böyük
maraqla qarşılanmışdır.
Azərbaycan.- 2012.- 22 iyun.- S. 6.