Azərbaycan xalçaçıları beynəlxalq sessiyada ekspert olub

 

 UNESCO-nun Parisdəki Baş Qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın İştirakçı Dövlətləri Baş Məclisinin iyunun 4-dən 8-dək keçirilən 4-cü sessiyasında "Azərbaycan xalçaçıları" İctimai Birliyi ekspert kimi akkreditasiya olunub.

 Sessiyada "Azərbaycan xalçaçıları" İctimai Birliyini Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva təmsil edib.

 Xatırladaq ki, 29  noyabr 2011-ci il tarixində İndoneziyada keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Dövlətlərarası Komitənin 6-cı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditasiya edilməsi tövsiyə edilmişdi.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əməkdaşı İlahə Hüseynovanın bildirdiyinə görə, "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin əsas məqsədi xalçaçılıq sənətinin bugünkü problemlərinin həlli, Azərbaycan xalçaçılarının yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığını, onların peşəkarlığının artırılmasını və xarici bazarlara çıxışını təmin etməkdir.

 Bunun üçün birlik müasir xalçaçılarla xarici bazar arasında əlaqələrin yaradılması, onların sosial statusunun yüksəldilməsi, peşə hüquqlarının müdafiəsi sahəsində aparır. "Azərbaycan Xalçaçıları" İctimai Birliyi həmçinin mədəni dialoqun yaxınlaşması və inkişafı istiqamətində beynəlxalq sərgilər, ustad dərsləri, sənətkarların görüşlərini keçirir.  Bir sözlə, təşkilat Azərbaycan milli xalçaçılıq sənətinin qorunması, inkişafı və dünyada təbliği istiqamətində bir sıra  layihələrin müəllifi kimi çıxış edir.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 6.